İnsanlara hürriyət, millətlərə istiqlal!

Çiçəyi çırtlayan meymunlar

Əgər bu axmaq zarafatı hələ etməyiblərsə, qabağa düşək: hamımız meymunluq elədik, axırda meymun çiçəyi xəstəliyi çıxdı. Bu, bir növ ştamp-zarafatdır. Donuz qripi bəşəriyyətdə donuzluğun artmasından yaranmışdı, quş qripi özünü toyuq kimi aparanlara görə. COVİD hansı “heyvanlıqdan” törənmişdi, onu, deyəsən, axıracan dəqiqləşdirmədilər. Gah yarasa dedilər, gah panqolin. Ortaq rəyə gəlməyə vaxt yox idi, camaat milçək kimi qırılırdı.

Rəhmətlik şair Mətləb Nağı demişkən, bircə adam qripi olmadı yoluxaq.

Ancaq zarafat bir yana, bu meymun çiçəyi hökumətimizin uzaqgörənliyinə növbəti sübutdur. Baxın, koronavirus pandemiyası iki ildir sovuşub, biz isə sərhədləri açmadıq. Hara baxsan tənqid eşidilirdi, camaat deyinirdi. İndi isə Dünya Səhiyyə Təşkilatı qlobal miqyasda epidemiya təhlükəsi elan etmişdir. Deməli, sabah bütün dövlətlər sərhədlərini bağlamağa başlasa biz hamıdan öndə olacağıq! Bu temada İsa peyğəmbərin kitabında yaxşı söhbətlər var, deyir bir gün camaat yığışır, İsa bəydən soruşurlar bizim axırımız, dünyanın axırı necə olacaqdır. İsa müəllim xaçı basır sinəsinə, deyir: “Bəyəm siz əvvəli bilirsiniz ki, axırı da soruşursunuz? Gedin əvvəli öyrənin, o zaman axırı bilərsiniz. Kim əvvəldə olubsa, axırda da olacaqdır!”.

Şəxsən Fomanın İncili kitabında yazılıbdır. Düzdür, bəzi xaçpərəstlər bu kitabı səhih hədislərdən saymırlar, ancaq bizim nə işimizə qalıb, biz müdrik fikirləri harda olsa öyrənirik. İsa bəyin yaxşısını götürüb pisini atmalıyıq.

Sonu ölümlü dünyadır, ona görə bəlkə indidən uzanıb hamımız ölsək heç zad dəyişməz. Sadəcə, dinc quruculuq işlərini davam etdirmək üçün yaşayırıq. Bu işlərə kəndirbazlıq da daxildir. Məsələn, dünən mən bu cızmaqaranı dünya hörümçək toruna göndərən anlarda kimsə Bakıda Alov qüllələri arasına ip çəkib üstündə gəzirdi. Nəyə görə həmin gün? Nəyə görə Alov qüllələri arasında? Niyə məhz kəndirbazlıq? Buyur. Əsl semiotikadır. İşarələq haqda elm. Dörd bir yanımız alov içində olduğu üçün kəndir üzərində gəzməyi öyrənməyə borcluyuq. Şəxsən mən bu siyasəti alqışlayıram. Lazım gəlsə aşağıda brezent tutub duraram. Təki vətən səsləsin!

Məsələn, Rəsul Rza 1938-ci ildə gözəl bir şeir yazmışdır. “Stalin” adlı həmin şeirdə deyir: “Gəlin, dostlar, qulaq asın, Bu ellərin nəğməsinə, Cavanların mahnısına, Körpələrin şən səsinə. Söyləyirlər bir ağızdan: Yaşa, yaşa, can Stalin! Dillərdə dastan Stalin!” Bu şeir yazılan ilin martında Anar müəllim anadan olmuşdur. İndi mən sual edirəm sizə: əgər Rəsul müəllim həmin şeiri Stalinə həsr etməsəydi sağ qalardımı, Anar müəllim atalı-analı böyüyüb xalqımızın mədəni xidmətində dura bilərdimi?

Hərçənd bəlkə də Rəsul müəllim o şeiri Anarın doğum günü münasibətilə yazırmış, son anda dəyişib “Stalin” qoyub. Bütün hallarda uzaqgörənlikdir. Müdriklərin fikri var, deyir bir insanı xilas edən adam bəşəriyyəti xilas edir. Dostoyevski deyib ki, bir körpənin göz yaşı konstitusiyadan qiymətlidir. Bizdə Bəxtiyar müəllim də yaxşı yazmışdı, qədrini bilmədik: “Mən niyə fırlanmayım, Axı dünya fırlanır!”

Yeri gəlmişkən, Cordano Brunonu Avropada bu tip sözlər üstündə tonqalda yandırıblar. Biz isə medal vermişdik. Bu da bizim Avropadan nə qədər öndə olduğumuzu, söz azadlığına sadiqliyimizi isbat edir.

Sonda xalqa bir təskinlik verək, bəzi rəylərə görə kim sovetin vaxtında çiçək xəstəliyi peyvəndi olunubsa, onların meymunçiçəyinə yoluxmaq ehtimalı azdır. Qolunda ayaqqabı izinə oxşayan ləkə olan yaşlı adamları görmüsünüz, bax, o həmin peyvəndin izidir. Sovet vaxtı belə şəhər əfsanəsi də vardı ki, guya bizim hansısa kəşfiyyatçı xaricdə o peyvənd izinin zibilinə düşüb, ələ keçib. Guya oralarda peyvəndin belə izi olmurmuş.  Nə dərəcə səhih hədisdir, bilmirəm.

Mən özüm o peyvəndlilərdən biriyəm. İndi də qolumu fırladıb baxdım, “cırtdan ləpiri” yerində cağbacağ durur.

Böyüklərə hörmətlə yanaşın. Bəlkə bizim hesabımıza meymunçiçəyindən də qurtuldunuz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR