Onlayn ictimai-siyasi qəzet
İctimai Televiziya qərara gəlib ki, növbəti “ Uşaq Avroviziya” yarışmasına ölkəmizdən heç kim göndərilməsin. Sən demə, bu yarışın reytinqi bizdə çox az imiş - verilişə baxan olmur.
Açığı, xəbər başlığını ilk görəndə bir az qorxdum, elə bildim ümumiyyətlə “Avroviziya”dan çıxırıq. Qardaş Türkiyədə belə təcrübə yaşanmışdır. Bizim üçünsə bu musiqi yarışması az qala dövlətçilik əhəmiyyəti daşıyır. İmkan və fürsət olsa “Avroviziya”nı konstitusiyamıza daxil edərdik. Misal üçün, belə: “Xalqın musiqi yarışına qatılmaq hüququ var və bu hüquq yalnız referendum yolu ilə dəyişdirilir”.
Sonra içini oxudum, ürəyim soyudu. Yarışın balacasından çıxırıq, o da müvəqqəti. Bəlkə o biri il göndərdik. Niyə də yox? Birdən hansısa uşaq çıxdı, istedadı ilə dünyanı heyran qoydu.
Sözgəlişi, İTV-nin şefi İsmayıl Ömərov olan zamanlarda bu uşaq-muşaq Avroviziyasına tragikomik namizəd seçilmişdi: İsmayıl müəllimin dost-doğmaca nəvəsi. Əla seçim idi. Uca millətimiz xeyli şad olmuşdu. Uşaq neçənci yer tutdu, İsmayıl müəllim o vaxtdan hara yox olub, görəsən dünyaya nöş gəlir insan - bu kimi məsələləri də açığı, nə yadda saxlamışam, nə bilirəm. Bilgisizlik jurnalist üçün biabırçı faktdır, hörmətli oxuculardan üzr istəyirəm. Çalışacam öyrənim, yazım.
Ancaq bizim aramızda ala qarğanın bala çıxartması mümkün deyil, gəl gör musiqi yarışı olsun. Odur, deputatlardan biri çarpayıda uzanıb rezinlə idman edib (açığı, çoxmənalı cümlə alındığını başa düşürəm, qəsdən olmadı, öz-özünə alındı Allah haqqı; ermənilər də adam deyil), millət cuşə gəlib, hamı deputatı ələ salır. Deyirlər bizə ciddi namizədlər lazımdır. Guya deputatlığa namizəd mütləq kostyumda olmalıdır, qarnı çıxmalıdır, sirkə əvəzinə də viski və tut arağı içməlidir.
İnsafən, seçicilər də yanılmır, çünki sirkə içib idman eləyən deputat sabah bizə yolu nə ilə çəkəcək, qazı, suyu haradan alacaq, hələ uşaq pulunu-zadı demirəm. Bazburutlu adam lazımdır.
Eyni zamanda xalqımızın siyasi xadimləri də nədənsə idmanın qəribə, ekzotik üsullarına əl atırlar. Məsələn, indiyəcən ən azı 3 siyasətçimiz canlı efirdə təpəsi üstdə dayanmışdır (barı o vəziyyətdə breyk-dans oynasalar). Millət də fikirləşir ki, bunlar niyə kəlləmayallaq olmuşlar, heç düz dura bilmirlərmi? Hərçənd karateçi deputatımız olub. Lakin bir dəfə də iclasda durub fənd göstərməyib. Daha o istedad sənin nəyinə lazımdır? Gor evinə aparacaqsan?
Qayıdaq uşaq manıs yarışmasına. Elə o sahədə efirin reytinqsiz qalmağı qəribə hal deyilmi? Azərbaycanda ən geniş yayılmış profil məktəbləri, sizcə, nə üzrədir? Riyaziyyat? Tarix? Fizika? Bəlkə biologiya? Ya idman? Tapmadınız. Ən çox musiqi məktəbimiz var. Mən bir dəfə ərinmədim, oturub saydım: 300-dən çox uşaq musiqi məktəblərimiz ortaya çıxdı. Hələ yorulub 300-də dayandım, bəlkə daha çox idi. Bir az da rəqəm xoşuma gəlmişdi: 300 spartalıya qarşı 300 manıs...
Və zəhləmgetmiş jurnalistlər demişkən, “belə olan şəraitdə” uşaq mahnı yarışına baxanların yoxluğu qəribədir.
Hamı musiqiyə gedir, lakin musiqi ilə maraqlanan yoxdur. Hamı güləşir, güləşçi yoxdur. Hamı zarafatlaşır, yumor yoxdur.
Yazını isə bir ata sözümüzlə bitirirəm, mövzuya çox da dəxli yoxdur, kefim istədi, yazıram bura. Özü də mən adətən ata sözlərini epiqraf kimi verirəm, bu dəfə qoy ipoqraf olsun (ipoqraf yazının sonunda verilən sitatdır). Buyurun: “Ac acı dalayar, tox toxu yalayar”.
Məncə, gözəl sözdür və xalqı bolluğa səsləyir. Namizəd olsan hətta plakata yazmaq olar: “Mənə səs versəniz sizi yalayaram”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ