İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgəmizin manyakları

Şimal qonşumuzun nə yuvanın quşu olmasını anlamaq üçün bircə hadisəyə baxmaq yetərlidir. Orada 29 yaşlı bir İvanı (adı gerçəkdən İvandır, qəsdən belə yazmadım) 2020-ci ildə adam öldürdüyü üçün tutmuşdular. 14 il həbs verilibmiş. 2022-ci ildə Ukraynaya basqın ediləndə İvanı amnistiyaya salıb döyüşə göndəriblər. Məşhur “Vaqner” bandasının tərkibində dinc ukraynalıların başını kəsəndən sonra azadlığa çıxıb, 2023-cü ilin martında dönüb ana yurdu Kirov vilayətinə. Dərhal başlayıb yerli sakinləri balta və yaba ilə hədələməyə. Nəhayət cəmi 10 gün azadlıqda qalandan sonra 85 yaşlı bir qarını zorlayıb (!!! - hamısı Dostoyevski-Tolstoy irsinin nəticəsidir) və öldürüb. Bunu yenidən tutublar, 2024-ün iyulunda məhkəmə bu dəfə 23 il həbs cəzası kəsib. Sizə gülməli gələcək, ancaq rus hökuməti İvanı yenidən azadlığa buraxıb və cəbhəyə göndərib!

Ümumiyyətlə, maraqlı regionda yaşayırıq. Əfqanıstanda əsl müsəlman olan Taliban qərdeşlərimizin hakimiyyətə gəlməsindən yəqin xəbərdarsınız. Yadınıza gələr, amerikalılar çəkilib gedəndə, prezident Əşrəf Qəni də biabırçı şəkildə, bir növ bizim Elçibəyvari formada hakimiyyəti qoyub qaçanda yazıq əfqanlar dəhşətə gəlmişdilər. Kabul hava limanında mühacirləri aparan son uçaqların təkərindən sallaşır, qanadına çıxırdılar, yıxılıb ölürdülər. O zaman biz bu dəhşətin səbəbini çox anlamırdıq. Fikirləşirdik, əşşi, Talibandır da, nə olsun radikaldırlar, əsas odur öz millətinizdir, öz pomidorum, öz musiqim, milli hökumət olacaq, okeanlar keçib gələn yankilər deyil, niyə gözgörəsi ölümə gedirsiniz və sairə.

Buyur, təzəlikcə Taliban növbəti islami qanun çıxarıb: qadınlar küçədə-filanda səslərini çıxara bilməz! Qadınları bütünlüklə bürüyüblər, işləmək və oxumaq onlara yasaqdır, indi isə hətta səs də çıxarmaq olmaz. Deyir qadın səsi biz kişiləri günaha vadar edir, ehtirasımız oyanır, şeytana uyuruq. (Bir ata sözümüz yadıma düşdü: “Üç səs sehrlidir, su səsi, qız səsi, qızıl səsi”. Bunu Talibana məktubla göndərəcəm).

Bax, belə xəstə qaydaları görəndə Əfqanıstandan canları bahasına qaçmağa çalışan yazıqları anlayırsan. Qadının üzü, topuğu, saçı, səsi - hər şeyi bu manyaklarda ehtiras oyadırmış. Özü də yaşından asılı olmayaraq. 4-5 yaşdan 100 yaşacan. Sivil dünyada belə seksual manyakları təcrid edirlər, bu regionda isə hakimiyyət başına çıxırlar.

Şükür olsun, bizdə hələlik qadın səsi həram elan edilməmişdir, əksinə, efirdə əsasən qadınlar oxuyur, oynayır, camaata ağıl verirlər. Məktəblərdə müəllim-pedaqoq heyətimiz də 90-95 faiz zənənlərdən ibarətdir. Doğrusu, bu nə qədər əsl islamdır, mən bilmirəm. Bəlkə əsl islam Talibanın qurduğudur. Ya Ərəbistandakıdır. Bəlkə İrandadır? Nəsə, əsl islamı axtarırıq, tapanda cənnətə düşəcəyik.

Ancaq bizim özümüzün də orijinal nüsxələrimiz var. Bunlar əsasən kriminal sahələrdə özlərini göstərir. Təzəlikcə hərbi prokurorluq orduda yüksək vəzifəli növbəti zabiti içəri basmışdı. Adamın vəzifəsi Hərbi Hava Qüvvələrində yanacaq anbarının müdiri kimi bir zad, cinayəti isə həmin əmlakı talamaq olmuşdur. Təsəvvür elə: hərbi uçaqlarımızın yanacağını satırmış.

Başa düşürəm, təyyarə benzini adətən ən təmiz, yaxşı yanacaq sayılır, burada yeyinti də maraqlı və iştahaçan olmalıdır, ancaq yenə manyaklıqdır. Hərbi təyyarənin yanacağını əkişdirmək tankın yanacağını əkişdirməkdən çətin olmalıdır (mənə belə gəlir, bəlkə mən düz eləmirəm). Çünki tank getdiyi yerdə yanacaq kəm gəlsə, uzağı saxlayıb, düşüb qaçarsan. Ya da nə bilim, “xalastoy”, dərə aşağı burax, yellənsin. Hərbi təyyarədə bunu necə edərsən? Yanacaq kəm olsa təyyarə düşəcək, ya da heç uçmayacaq.

İndi söz əlaqədar oxucularındır. Yazın görüm siz hansı manyakları tanıyırsınız.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR