İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurlanmış köşə

 

“Süleyman quş dilin bilir dedilər,

Süleyman var Süleymandan içəri".

(Yunus İmrə)

Süni intellektin adamların səsini təkrarlayaraq dələduzluq etməsi, pul alması haqda yazmışdıq. Həmin yazıya adının çəkilməsini istəməyən Vüsal bəydən belə reaksiya gəlmişdir: “Süni intellekt bu gün səsi, fotonu-filanı təkrarlayır, kim qarantiya verər, bir də gördün sabah bizim görünüşümüzü, özümüzü kopyalayıb ondan-bundan pul-para yığacaq, bankdan kredit götürəcək. Bir gün də evə gələcəyik ki, arvad evə buraxmır. Divanda eynən özümüzə oxşar başqa birisi oturub televizora baxır”. Sitatın sonu.

Açığı, televizora heç indi baxan yoxdur, yəni orijinalımız baxmırsa, surətimiz niyə baxsın. O cümlədən surət çıxaran texnologiya hansısa sıravi Mamedin övrətinə niyə göz diksin, bunun özü şübhəlidir. Özü üçün supermodel gözəlçələrdən birini düzəldər.

Ancaq qalan mövzularda oxucu haqlıdır. Klonlaşdırma erasına sürətlə yaxınlaşırıq. Bu işdə internetin, sosial şəbəkələrin rolu haqda maraqlı ingilis serialı var, “Qara güzgü” adlanır.

Yəqin belə texnologiyaları tənzimləmək üçün hansısa yeni qanunlar lazım olacaq. Məsələn, hər kəsin üzü, səsi, boy-buxunu müəllif hüquqları agentliyi kimi bir idarədə qeydiyyata alınacaq. Yoxsa indi birdən görürsən Vahid Əziz şeir oxuyur, üzünü görməsən elə bilərsən Ramiz Rövşəndir. Metrodan çıxırsan, bilmirsən bura “İçərişəhər”dir, “Koroğlu”dur, yoxsa “Avtovağzal”dır. Şüşə üçbucağı nə qədər yerə qoymaq olar? Sanki memarlıq sənətimiz ölübdür, heç bir yeni fantaziya-zad yoxdur.

Əslində son günlərin aktual məsələsi - Telegram mesencerinin müdiri Durovun Fransada həbsi də bu süni intellekt, internet dələduzluğu, kibernetik cinayətlər mövzusundadır. Qısa yazsaq, Durov deyirdi ki, bura mənim sahəmdir, kefim istəyən kimi fırladaram. Fransa hökuməti isə deyir elə şey yoxdur, Telegramda uşaq pornosu, terror, narkotik alveri və sairə işlərə cavab verməlisən.

Biz - ənənəvi medianın, köhnə jurnalistikanın nümayəndələri haradasa 15 ildir bu problemlə üzləşmişik, necə deyərlər, onu yaşamaqdayıq. Yenə qısa yazsam, haradasa bir hadisə olur, qəzetçilər hadisəni yoxlamadan, dəqiqləşdirmədən yazmır, yaymır. Ancaq özünü “sosial media fenomeni”, “bloger”, nə bilim daha nə adlandıran ünsürlərin isə qanun-zad vecinə olmur. Hər şeyi paylaşırlar, kimi istəsələr ləkələyirlər, böhtan, yalan, iftira, 18, hətta bəlkə 38 plyus xəbərin biri bir qəpikdən. Nəticədə ənənəvi media bu axına uduzur, kütlə bu yalançı “azadlığa” axışır, ta zibili tamam çıxanacan.

Belə Telegram kimi platformalar isə adətən məsuliyyəti boynundan atır: “Məzmuna cavabdeh deyilik”. Necə yəni? Onda qəzetin redaktoru da belə desin ki, mən yazıya cavabdeh deyiləm, müəllif ağzına gələni yazıb, özü bilər? Yaxud şəhər meri şəhərdə baş verənlərə məsuliyyət daşımasın: “Biz azad platformayıq, narkotik satanlar və uşaq alveri edənlərə nəzarət etmirik”.

Sözgəlişi, Telegramın şübhəli maliyyə qaynaqları haqda çoxlu araşdırmalar var. Çünki platformanın məhdud reklam büdcəli halında o cür nəhəng mesencer sistemi qurmaq, onu ayaqda saxlamaq, xidmət göstərmək faktiki imkansızdır. Yəni Durovun anarxistliyi, özünü dövlətlər üstü fövqəlinsan kimi aparması yetərincə şübhəlidir. Komplo teorilərinə yuvarlanmaq istəmirəm, ancaq bu gün Rusiya Ukraynaya qarşı informasiya savaşını faktiki Telegram kanalları, oradakı mənfur “zet-blogerlər”, “voyenkorlar” vasitəsilə aparır. Milyonlarla izləyiciləri var.

Əlbəttə, anarxiya yaxşı şeydir, ancaq “bir gün sizdə, bir gün bizdə”. Öz platformunda anarxiya yaradan adam Fransada qanuni “anarxiyaya” da hazır olmalıdır. Mənəvi azadlıqla fiziki azadlığın fərqi elə sərhəd məsələsində yaranır. Sən daxilən hüdudsuz azad ola bilərsən, ancaq “əmələ” keçəndə, fiziki baxımdan azadlıq sınırlıdır. Ta o məşhur şablonu - “hər kəsin azadlığı başqasının azadlığına qədərdir” - təkrarlamaq istəmirəm. Təkrarladım deyəsən.

Bəlkə mənim işim deyil? Sübut edin mən yazmışam.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR