İnsanlara hürriyət, millətlərə istiqlal!

Falçının ürəyi - Yaxud dələduz kardioloqun zibilə düşməyi

Bəzən saytlarda oxucu yığmaq üçün bambılı başlıqlar atırlar: “Məşhur həkimə filan şey oldu”. Həkimin (müəllim, jurnalist, deputat, aktyor və sairə də ola bilər – peşəni şərti yazdım) ala itdən məşhurluğunu öyrənmək üçün xəbəri açırsan, görürsən heç onu işlədiyi poliklinikada düz-əməlli tanıyan yoxdur.

Ancaq olsun, biz heç kimin çörəyinə qarışmaq istəmirik. Saytın qidası elə uydurma başlıqlardan çıxırsa, davam eləsinlər. Alan razı, aldadan razı. Sadəcə, “məşhur həkimlərimizdən” biri ilə bağlı oxuduğum informasiya məni düşündürdü.

Həkim ürək sahəsində çalışır, kardioloqdur və Bakıda, Qubada evləri varmış. Nəyəsə görə evləri satmaq istəyirmiş. Orda-burda elanlar verir, lakin evləri sata bilmir. Bu zaman kimsə həkimə məsləhət verir ki, Astarada dağ kəndində falçı yaşayır, ona müraciət eləsin, evləri ancaq o sata bilər.

Sözgəlişi, astaralı falçının ismi-şərifi məni xeyli güldürdü. Sizcə onun adı nə olsa yaxşıdır? Alim! Fantastikadır. Bizim falçı elə “alimlər” içindən çıxar.

Xülasə, kardioloq  Alimin qəbuluna yazılıb, Alim müəllim fal açıb, evlərin cadu altında olmasını söyləyib. Hətta daha dramatikləşdirmək üçün arvada (mütəxəssisimiz, üzr istəyirəm, zənən xeylağıdır) deyib ki, əgər həyətlər təmizlənməsə uşağı öləcək.

Həkim falçını maşınına mindirib, bir neçə dəfə Bakı, Quba arasında gəziblər, guya həyət-baca şər qüvvələrdən arınıb, bu prosedurlar üçün 22 min manat pul verib. Lakin 1 il keçib, evlər yenə satılmayanda kardioloq məhkəməyə üz tutub.

Dələduzluq maddəsiylə iş açılıb, ancaq falçı zərəri ödədiyi və barışıq olduğu üçün deyəsən məhkəmə heç kəsə cəza verməyibdir.

Mən, əlbəttə, cəza arzulamıram. Barışıq da yaxşı şeydir. Lakin bu mövzuda ortaya başqa sual çıxır axı: 21-ci əsrdə falçıya inanan həkimin peşə yararlılığı nə qədərdir?

Əgər səhiyyə sistemi normal idarə edilsə, həmin kardioloqun diplomunu geri alıb, cırıb tonqalda yandırmaq, üstündən yeddi dəfə hoppanmaq və ürək xəstələri üçün “Ya munəzziləş-şifa və yəzhəbud-da” duası oxunmalıdır. Yalnız bu yolla xəstə səhiyyəmiz əlac tapar.

5-6 il qabaq bizim məhkəmələr çox maraqlı cinayət işinə baxmışdılar. Üç nəfər lotu “Azərbaycan” nəşriyyatında “Presedent” qəzetinin redaksiyasını satın almışdılar. (Niyə məhz bu qəzet? Təklif edirəm bu sözün deyilişinin hansı sözə bənzədiyi üzərində düşünəsiniz. O zaman sirr əyan olacaqdır. Bunlar çox peşəkar lotular olmuşdur). Sonra isə Azərbaycanı qarış-qarış gəzərək falçıları sözün əsl mənasında soymağa başlamışdılar.

Örnək üçün, Lənkəranda falçıya “Şəfa ocağı” diplomunu 2000 manata satmış, Füzulidə başqa falçıdan 1000 manat pul və 70 manatlıq... samovar qapazlamışdılar. “Bizdə sizin haqqınızda rüsvayedici məlumatlar var” kimi şablon bəhanə və şantajlarla.

Bu gözəl insanların, sözün əsl mənasında cəmiyyət sanitarlarımızın cəzalandırdığı falçılar ölkənin bütün coğrafiyasını əhatə edirdi: Göygöl, Şəmkir, Masallı, Cəlilabad, Kürdəmir, Lənkəran, Füzuli və sairə. Bəzi yerlərdə onlar “qurbandan” hətta 35 manat pul və iki toyuq almışdılar. Yəni, nə versəniz bərəkətdir... Yaxud, donuzdan bir tük misalı...

Axırda isə onları 4-5 il həbslə cəzalandırdılar. Mükafat vermək əvəzinə. Falçılıq dələduzluq sayılmırdı, falçını – xalqı aldadanı aldatmaq isə dələduzluq sayılmışdı.

İndi ciddi orqan lazımdır araşdırsın: həmin kardioloq nə qədər insanın canına qəsd edib, neçə nəfəri öz savadsızlığı ilə “o biri dünyaya” yola salıb? Belə şeylər heç kimin vecinə deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR