İnsanlara hürriyət, millətlərə istiqlal!

Yavaş-yavaş aradan çıxan partiyalar

“Malını bəylər apardı,

Camalına nə oldu?!”
(ata sözü)

Bizim həmişə fəxr elədiyimiz şeylər var. Bunlardan biri qəzetlərin sayıdır. Təsəvvür elə, o boyda Amerikada bəlkə 3-4 qəzet var, ancaq bizim şanlı Azərbaycanımızda mətbuat azadlığı elə şiddətlə təzahür etmişdir ki, azı 525 dənə qəzet çıxır. Vallah. Əks halda, niyə “525-ci qəzet” adında qəzet var? Camaat qəzet köşklərində basabas salır. Səhərdən aldığımız qəzetləri axşama qədər oxuyub qurtara bilmirik. Şəxsən mənim 515-ci qəzetə çatanda gözlərim Xaçmaz pomidoru kimi qızarır.

İkinci qürur yerimiz həmişə partiyaların sayı olubdur. Hərdən görürsən partiyalar yığışdı, ABŞ, Firəngistan, nə bilim, Həbəşistanı qınayan bəyanat imzaladılar və kağızın altında azı 50 dənə partiyanın imzası qoyulur. Gör demokratiya bizdə nə qədər inkişaf etmişdir! Amerikada cəmi 2 partiya var, əvəzləşə-əvəzləşə 300 ildir bir-birini yola verirlər. Bizdə isə hər seçkiyə aşağısı 50 partiya qatılır. Tək iqtidar tərəfdarları belə deyil. İsa Qəmbər 2003-cü ildə prezidentliyə namizəd olanda o qədər çoxlu partiyadan dəstək almışdı ki, sonra həmin partiya sədrlərini hökumət tutub qurtarmaqda çətinlik çəkmişdi. Hara baxırdılarsa, başqanın kabinetində hansı daxılı açırdılarsa, ordan partiya çıxırdı. Lakin indi 85 milyonluq Türkiyədə müxalifətin namizədini cəmi 6 partiya dəstəkləyir.

Görünür bu gözəl, xoşbəxt günlərimiz tarixə qovuşur, ən azından partiyalarımız ixtisara düşməkdədir. Son ayda azı 3 partiyanın özünü buraxdığı haqda elan oxumuşuq. Bunlardan birincisi Abutalıb müəllimin məşhur Azərbaycan Naminə Alyans Partiyasıydı. İkinci olaraq Böyük Birlik Partiyası balacalaşıb dağıldı. Nəhayət, dünən Azad Respublikaçılar Partiyamız tarixə qovuşdu.

Doğrusu, xəbərim yoxdur, Respublikaçılar Partiyamız yerində qalırmı? Əks halda respublikaçılıq hərəkatını siyasi aləmimizdə kim yönəldəcəkdir? Yaxşı, sən bunun Azad Respublikaçılarını buraxırsan, tutalım əcəb edirsən, bəs ümumiyyətlə Respublikaçılar nə olsun, başına haranın daşını töksün, kimin dalıyca düşsün?

Başa düşürəm, biz böyük birliyə çatdığımız üçün bəlkə də Böyük Birlik Partiyası düz elədi, özünü buraxdı, ancaq Azərbaycan naminə niyə alyans olmasın? Azərbaycan naminə deyilsiniz, kimin naminə alyans olursunuz?

Vallah, mən axırda qorxuram yerdə qalan 47 partiyanın 46-sı da özünü ləğv eləsin, vətənin əziyyətini çəkmək tək YAP-ın üstünə düşsün. Bu isə çətindir. Üstəlik, avtoritarizm yaradar. Gəlin partiyalarımızı qoruyaq. Ədliyyə Nazirliyindən şəxsən xahiş edirəm, ta həmin 3 partiyanı diriltmək gecdir, bunu anladıq, heç olmazsa yerdə qalanları ölməyə qoymasınlar. İndən belə hansı partiya sədri ləğv qərarı gətirsə, cırın atın, qəbul eləməyin. O partiyalar bir günün, bir ilin içində yaranmayıb e. Tarixi partiyalardır. Sovetskini də belə sökdünüz, çıxdı getdi. Nə qədər olar? Laqeydlik evimizi yıxacaq. Bəlkə də ləğv edilmək istəyən partiyaların sədrlərini tutmaq lazımdır. Ya da partiyanı soyuducuya qoyub daha yaxşı vaxtlara saxlamalıyıq. Nəsə tədbir olmalıdır, qısası.

Hətta mümkündür partiya ləğv olunmağa gələndə yarısını ləğv eləyək, yarısını saxlayaq. Buna bənzər siyasət korrupsiya ilə mübarizədə tətbiq olunur. Məsələn, gömrükdən iki polkovniki rüşvətə görə türməyə basmışdılar. Əşşi, heç zad, xırda bir şeyin üstündə - deyəsən kimdənsə 300 min dollar almışdılar. Yazıqları çox incitdilər. Azı 7 ay idi qazamatda idilər. Halbuki, o müddətdə nə qədər pul qazanardılar. Elə məhkəmə də gömrük polkovniklərini dəymiş zərəri ödədikləri üçün azad etmişdir. Bizdə belə qanun var, istəyirsən milyard oğurla, dəxli yoxdur, təki o milyardı yiyəsinə qaytar, yarım milyardı da dövlətə keçirt – vəssalam, azad edilirsən. Yəqin tezliklə türmələrdə ancaq kasıblar qalacaq. Nəsə, mövzumuz bu deyil. Sözü ona gətirirəm ki, biz partiyaların da yarısını YAP-a keçirtməklə onları qorumalıyıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024