Onlayn ictimai-siyasi qəzet
26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı və etiraz notası təqdim olundu.
Rəsmi məlumata görə, fransız səfirin diqqətinə çatdırılıb ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onlar Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub. Həmçinin səfirlik əməkdaşlarının Azərbaycan ərazisini tərk etməsi üçün 48 saat vaxt verilib.
44 günlük müharibənin ilk günlərindən Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə müqavimət göstərən, Zəfərimizi heç cür həzm etməyib, üstəlik, ötən 3 il ərzində ən müxtəlif istiqamətlərdən, təşkilatlardan üstümüzə qəzəb püskürən Fransa “B” planına da əl atıbmış. Sağ olsun, dövlətimizin təhlükəsizlik xidmətinin fədakar əməkdaşları, zamanında ifşa ediblər casus şəbəkəsini.
Adını “demokratik ölkə” qoyan Fransa hər cür anti-demokratik, qurşaqdan aşağı zərbələri endirməyə fürsət gəzir, adına, yaşına yaraşmayan tövr nümayiş etdirir. Ermənistanın “böyük bacısı”ndan bundan artığını gözləmək olmazdı təbii ki... Bəzən adam düşünür ki, Fransa burjua demokratları daha demokratik imişlər Makron və onunkimilərə baxanda. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına yollanan nümayəndə heyətinə viza verməyib, aylarla İstanbulda gözlədən keçmiş Fransa da 21-ci əsrin Fransasına baxanda şükürlüymüş. Təsəvvür edin ki, Azərbaycan Xalq Cümhuriyyəti bu günlərdə elan olunurdu və Paris Sülh Konfransına da dövlətimizin de-fakto tanınması ilə bağlı “işimiz düşərdi”. Qarabağı Azərbaycandan qoparmaq, ermənilərə pay vermək üçün dəridən-boğazdan çıxan Makron Fransası heç vaxt imkan verməzdi dövlətimizin müstəqilliyi tanınsın. Hansı ki, elə 114 min kv.km-lik Azərbaycanın xəritəsi Parisdə nəşr olunub, bu günümüzədək gəlib çatıb, üstəlik, Zəngəzur bölgəsinin Ermənistana verilməsi barədə xəbəri ilk tirajlayanlardan olub Fransa mətbuatı. 21-ci əsrin Fransasına baxın, Azərbaycan dövlətinə qarşı əlindən gələn pislikləri edir, Senatında anti-Azərbaycan qətnaməsinin qəbulundan tutmuş, mədəni irsimizə dil uzadılmasına qədər...
Təsəvvür edin, Avropanın mədəni ölkələrindən hesab olunan Fransa Azərbaycanın dəyərlərinə qarşı vandalcasına davranmağı belə özünə ayıb saymır. Fransanın “Le Messager” nəşri bu günlərdə xəbər yayıb ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. Qərara əsasən, “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. 2017-ci ildə açılışı olan “Azərbaycan parkı”nın günahı nə imiş?! Fransız nəşrinin məlumatına görə, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub. İndi “növbədə” Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsidir. Düzdür, məlumata görə, merin müavini Jan-Pyer Amadio Xurşidbanu Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb. Bildirib ki, Natəvan azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib.
Natəvanın abidəsinin götürülməsi fikri gündəmə gəlibsə belə, bunun adı ayıbdır! Belə görünür ki, ermənilərin “böyük bacıları” Şuşanın işğalından sonra xan qızı Natəvanın abidəsinin vandallığa məruz qalması faktını Avropanın mərkəzində də təkrarlamaqla yeni “tarix” yazmaq istəyiblər. Axı Azərbaycan dövləti Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün abidələrini xilas edərək uzun illər qorudu və Şuşanın azad olunmasından sonra qalib ölkənin Lideri həmin abidələri öz yerinə qaytardı. Heç şübhəsiz, səfirini Şuşaya getməyə qoymayan Fransa Natəvanın abidəsinə qarşı həqarətə, “Azərbaycan parkı”na qarşı vandallığa “yaşıl işıq” yandırmaqla qisas almağı düşünür. Xanımın abidəsindən qisas almaq kişi işi deyil, görəsən, bilirlərmi bu kimi qaydaları?!
Bilsəydilər, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törətməz və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarmazdılar. Media azadlığını əldə bayraq edən ölkə jurnalistin informasiya əldə etmək hüququnu məhdudlaşdırır kobudcasına. Sanki “casus” ifşa ediblərmiş kimi davranıblar. Bu dəfə də hədəfə aldıqları xanım əməkdaş.
Fransanın Azərbaycandakı səfirinə “Axırıncı aşırım” filminə baxmağı tövsiyə edərdik. Abbasqulu ağanın Qəmloya dediyi: “Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar” - sözləri yerinə düşür. İmkan olsa, tərcümə edib, Makrona və Natəvanın abidəsindən qisas almağa çalışan fransız merə də yollasınlar həmin epizodu...
Fransa çox qəzəblidir, əsəbidir. “Həmsədr” qiyafəsində Qarabağda daha 30 il peyda olması, ikinci erməni dövlətini qurmaq niyyəti cəhənnəmə göndərildi. Hətta Fransa TIR-larının Laçın qapısından sərbəst keçib, Xankəndiyə yük çatdırmaq arzusu da gözündə qaldı, Xankəndi xunta rejimindən azad edildi! Üstəlik, özünü hamıdan güclü sayan ölkə Afrikadan qovuldu, Nigerdən sonuncu hərbçilərini çıxarmalı oldu. Cənubi Qafqazda özünə yer eləməkdən ötrü Ermənistana “Avropa İttifaqının mülki müşahidə missiyası” maskası ilə soxulmağa cəhd göstərir. Hələ ki, sayları çox deyil, Gorusda baş konsulluq açmaq planı da çox uzandı. Cənubi Qafqaz siyasəti tam iflasa uğrayan Makron Prezident İlham Əliyevlə mübarizədə uduzdu! Bir neçə dəfə sülh prosesində moderatorluq etmək cəhdi göstərdi, amma cavabını aldı, suyu süzülə-süzülə kənara çəkilməli oldu.
Azərbaycandan hansısa pay ala bilmədiyini də anladı. Ardınca agentura şəbəkəsini işə qoşdusa da, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində niyyəti “beşikdəcə boğuldu”. Bu, Fransanın anti-Azərbaycan siyasətinin növbəti fiaskosu və rəsmi Parisin ardıcıl uğursuzluğudur.
Son illərdə dəfələrlə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etdirməyə çalışan Paris anladı ki, ölkəmizi öz yolundan döndərə bilməyəcək, hətta son nəticədə Orta Asiya ilə əməkdaşlığın sonucunda uran yükünü daşımaqdan ötrü Azərbaycana minnətçi düşəcək. İndi əlində ciddi təsir rıçağı olmasa da, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına maksimum mane olmağa çalışır. Anlayır ki, sülh əldə olunsa, onun bölgə ilə bağlı ümidləri gorbagor olacaq. Odur ki, Ermənistana gah “Bastion” yollayır, gah da “Sizar” tədarükündən bəhs edir. Bu dəfə də uduzacaq, heç şübhəmiz yoxdur. Bizdə “vaxtsız banlayan xoruz”la bağlı məşhur el misalı var...
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ