İnsanlara hürriyət, millətlərə istiqlal!

Uğurlu gələcək arzusunda

Artıq 2 yanvardır, ancaq qaz idarəsi əziyyət çəkib evimizə gəlmək istəmir, nəticədə biz limitdən yuxarı qiymətlərlə mavi yanacağı yandırmaqda davam edirik. Görəsən xalqa bu qədər zülüm etmək olarmı?

Əlbəttə, mən yuxarıdakı cümlələri zarafat üçün yazdım, qaz limiti elə şeydir ki, onu istəyirsən ilin axırında yandır, ya ilin əvvəlində, heç bir fərqi yoxdur. Onsuz limit çox aşağı qoyulub, uzağı mart ayında çox adam bunu adlayır. Qara yumoru yazmağımın səbəbi isə deputat Vüqar Bayramovun keçən ay parlamentoda elədiyi karikatur çıxışı xatırlamağım üzündəndir. Hörmətli Vüqar müəllim guya xalqın qayğısına qaldığını isbat eləmək üçün hökumətdən tələb edirdi ki, limiti, yalan olmasın, 31 dekabr gecəsi, lap saat 24:00-da sıfırlasınlar. Guya başa düşmür ki, həmin 5-10 günkü bahaçılıq yanvarda oldu, ya dekabrda, bizim üçün onsuz heç bir fərqi yoxdur. İmanımızı yandırmayaq, bəlkə də başa düşmür. Nə biləsən...

Ümumiyyətlə, hərə yeni ilin gəlişini bir cür qeyd etməyə çalışır. Eləsi var yüksək sürətlə maşını dirəyə vurub camaatın yoluna çıxır, özüylə bərabər 4 günahsız adamı da məhv edir. Eləsi var əsgərləri fon tablosu kimi istifadə edib xalqa yeni il təbrikləri yollayır. Söhbət Putindən gedir. Faktiki olaraq 2022-ci ili bütün dünyaya fəlakət səpələmiş bu diktator yüz minlərin ölümünə səbəb olmasına görə tövbə etmədi, əksinə, bu il də eyni hərəkəti davam etdirəcəyinə söz verdi. Əslində günah tək onda deyil. 140 milyonluq Rusiya xalqları başlarını aşağı salıb Putinin sallaqxanasına kirimişcə yollanırlar, sanki elə belə də olmalıymış. Baxmayaraq ki, 10 aydır bir nəfər belə müharibəni niyə başladıqlarını izah edə bilmir. Sanki niyə başladıqlarını bilmədikləri üçün dayandıra da bilmirlər.

O biri yanda isə Şimali Koreya lideri Kim müəllim yeni ilin ilk günü nüvə başlığı daşımaq imkanı olan ballistik raketlərə baxmağa getmişdi və özüylə balaca qızını da aparmışdı. Bu da belə dəlidir, sanarsan raket şaxtası Şaxta babanın məskənidir, orda uşaqlar üçün şənlik düzəldilir. Yəqin orda Yeni il mahnısını belə oxuyurlar: “Bəzənibdir raketimiz, Onların da sözü var, Bilsin yaponlar, amerikalılar, Yeni raket gəldi”. Açığı, son illər dünyanı idarə edənlərə baxanda bir xalq nağılımızı tez-tez xatırlayıram. Orda Keçəl təsadüfən padşah olurdu, hər adam öləndə onun qulağına deyirdi: “O dünyadakılara çatdır, gör vəziyyət burda necə xarab olub ki, Keçəl Əhməd padşahdır”.

Ancaq yeni ildə uğurlarımızın müjdəsi olacaq xəbər də var və bu, elə Uğur adıyla bağlıdır. Sən demə 2022-ci ildə uca millətimiz doğulan oğlan uşaqlarına ən çox Uğur adını qoymuşdur. Həmin oğlan adlarında ilk beşlik bu cürdür: Uğur – 2032 nəfər, Əli – 1865, Hüseyn – 1752, Yusif – 1656, Məhəmməd – 1256.

Fantastikadır. Son illərdə, yaddaşım məni aldatmırsa, ilk dəfədir Uğur adı 1-ci yerə çıxıb. Məsələn, 2020-ci ildə 2008 Yusif, 1932 Uğur doğulmuşdu. (Ümumiyyətlə, Yusif adı son 20 ilin ən çox qoyulan kişi adlarından biridir. Serial çəkənlərə salam göndərirəm). 2021-də Əli adı Yusifi keçmişdi. Nəhayət Uğur birinciliyə yiyələnib. Deməli millət uğurlarımıza inanır, bizi xoşbəxt gələcək gözlədiyinə əmindir. Uğur həm də öz dilimizin sözü olması baxımından uğurlu addır. Ərəb-fars adlarından qurtulmalıyıq.

Qız adlarında isə hər hansı dəyişiklik yoxdur, Zəhra adı liderliyini qorumuşdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024