Onlayn ictimai-siyasi qəzet
Göygöl rayonunda hələ 20 il qabaq mənə bu əhvalatı danışmışdılar. Orada 19-cu əsrdə almanların böyük icması məskunlaşmışdı. Lakin 20-ci əsrdə sovet hökuməti 200 ildir bölgədə kök atmış bu almanları repressiyaya uğratmış, Qazaxıstana sürgün etmişdi. Bununla da alman xalqının Azərbaycan ərazisindəki “Odisseyası” bitmişdi.
Əhvalat isə belə idi: almanları köçürəndə SSRİ onların evlərinə, yurdlarına erməniləri doldurmağa başlayır. Bu zaman almanlardan biri evinə köçürülən erməniyə uzaqgörənliklə deyibmiş: “Biz burada qala bilmədik, siz də qala bilməyəcəksiniz. Bir gün siz də buradan getməyə məhkumsunuz, çünki buralı deyilsiniz. Buraların yiyəsi başqadır”.
Doğrudan da, təxminən 50 il ötdü, Ermənistanın Azərbaycana ərazi iddiaları, dava başladı, nəticədə Göygöl ərazisindəki ermənilər çıxıb getməyə məcbur oldular. Torpağın yiyəsi - türklər gəlib çıxdılar.
İndi Laçın bölgəsini tərk edən ermənilər haqda xəbərləri görəndə o əhvalatı xatırladım. Kilsələrə yapışdırdıqları uydurma xaçkarları sökürlər, evləri dağıdırlar, ağacları kəsirlər. Bir də özləri ilə bir ovuc torpaq aparırmışlar. Ermənistan tərəflərdə Laçın torpağının bir ovucu bizim pulla 12 manat dəyərində bir məbləğə (neçə dram edir, yadıma düşmədi - əsas bu deyil həm də, əsas olan dramatizmdir) satılırmış.
Vaxt var idi bizim tərəfdə Şuşadan, Ağdamdan, Qarabağdan gətirilən torpaq, daş parçaları dəbdə idi. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Kerri Kavano Ağdam məscidinin daş qırığını Heydər Əliyevə hədiyyə gətirmişdi. İndi isə “çərxi-fələk tərsinə dövran edir”. Başqa cür ola da bilməzdi. Bu, gözlənilən proses idi. Ermənilər bölgənin yiyəsi olmaq iddialarının arxasında durmaq gücündə deyildilər. Onların müdrik başçılarından Levon Ter-Petrosyan bunu hələ 1997-ci ildə başa düşmüşdü, “Azərbaycan haçansa güclənəcək, ələ keçirdiklərimizi neçə qat artığıyla geri alacaq” deyə məqalə yazmışdı. Başa düşmədilər, onu istefaya məcbur elədilər. İndi zənbildə torpaq daşıyırlar.
Ancaq zənbildə torpaq daşımaq üçün böyük xalq olmaq lazımdır. Buna potensial qoymalısan. Yeri gəlmişkən, indi şimaldan və xüsusilə cənubdan üstümüzə diş qıcayanlar bölgənin neçə yüz illər türk soylu Səfəvilər, Qacarlar, Əfşarlar sülalələri tərəfindən idarə edildiyini yaddan çıxarmasınlar.
Füzuli rayonu ərazisində qədim yaşayış məskənləri çoxdur, onlardan biri Qaraköpəktəpə adlanır. Qaraköpəktəpədən çoxlu arxeoloji qazıntılar çıxarılıb. Uşaq vaxtı bu kurqan-təpə haqda əfsanə eşitmişdim. Guya bir zalım padşah varmış, bu yerləri işğal edibmiş. Bir gün padşahın gözünün ağı-qarası, madar övladı xəstələnir, dərdinə dərman bulunmur. Fürsətdən istifadə edən bir vətənpərvər qarı padşahın yanına gəlir, yalandan deyir uşağı müalicə edərəm. Zəhər verib uşağı öldürür. Bundan sonra padşah qarını diri-diri basdırmağı əmr edir. Tapşırır qoşundan hər kəs qarının üstünə bir ovuc torpaq atsın. Beləcə, qarı təpənin altında qalır, əraziyə isə təhqir üçün “Qarı köpək təpə” adı qoyurlar.
Tarixi oxuyanda elə şeylərlə rastlaşırsan, əlin üzündə qalır. Görürsən bir çox şeylər təkrar olunur. 16-cı əsrdə, Şah Abbasın dövründə indiki Laçın-Qubadlı-Kəlbəcər bölgələrində kiçik erməni qrupları yaşayırmış, lakin hökmdara tabe olmaq istəmir, diversiyalar, təxribatlar törədirmiş. Şah da deyir yaxşı, indi mən sizə göstərərəm, onların ipini yığmaq üçün Güney Azərbaycandan Qaraçorlu kürdlərini bölgəyə köçürür. Az keçmir, dağlarda kürdlər erməniləri qul vəziyyətinə salır, qapılarında işlədirmiş. İndi də ermənilər Şah Abbasa yalvarırmış ki, bizi xilas elə.
İndi bizim Ermənistan və Qarabağ ermənilərini birləşdirmək üçün Laçından alternativ yol çəkməyimizin isə deyəsən, tarixdə alternativi yoxdur, ya da çox nadirdir. Harada görünüb qalib gəldiyin etnosa yol çəkəsən? Əksinə, həmişə qaliblər divar hörüblər, sərhəd çəkiblər, tikanlı məftillər düzüblər. Biz isə udmuşuq, ancaq açılım istəyirik. Bu sülhpərvər təşəbbüsü təbliğ etmək lazımdır.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ