Onlayn ictimai-siyasi qəzet
“Baqqal daşdan kəsər, siçan baqqaldan”
(ata sözü)
Deyir gömrüyün keçmiş müdirlərinə 10 min manat pensiya verilirmiş. Minimum pensiyanın 200 manat ətrafında cövlan elədiyi ölkədə məmurların, özü də tamojnada - heç də kristal təmiz imici olmayan yerdə müdir işləmiş yoldaşların bundan 50 dəfə artıq pul alması zəhmətkeşlərimizi qəmli düşüncələrə qərq etmişdir.
50 dəfə fərq həqiqətən elə bil ki, bir az çox olmuşdur. Buna görə şəxsən öz adımdan Füzuli Rayon İcra Hakimiyyətinə dərin minnətdarlığımı bildirirəm, hava düzələn kimi poçta gedib minnətdarlıq teleqramı yollayacağam. Niyə o rayon icra hakimiyyətinə? Elə belə. Fərqi nədir ki? Ancaq uca millətimizin ağlaşma qurmağı da yersizdir. Pensiya azdır, doğrudur, lakin hərə bir yolnan yaşayır. O oradan çırpışdırır, bu buradan. Hərə kiminsə cibinə girir. Əks halda, gəlin dövlət pul idarəsinin məlumatını oxuyaq. Deyir keçən il “tərəfimizdən aşkar edilib götürülən” saxta pulların çoxu 100 manatlıqlar olmuşdur. Məsələn, 500 saxta pul olubsa, onun azı 400-ü yüzlük imiş.
Fikir verin, dollar yox, avro yox, məhz manatı saxtalaşdırırlar. Deməli, millət öz milli valyutasını sevir, ona etibar edir. Mən Narxozda bu işin elmini oxumuşam, havadan yazmıram.
İkincisi, adətən saxta pul qayıranlar kiçik nominallara üstünlük verirlər. 5, 10, 50 manatlıq kimi pullara, çünki bunları həm kiməsə sırımaq daha asandır, həm də əlaqədar orqanların diqqətini çəkmir. Məsələn, SSRİ vaxtında saxtası ən çox düzəldilən pul 25 manatlıq idi. Bizdə isə xalq birbaşa yüzlük düzəldir. Bir ehtimal var ki, aşağı nominal pula indi heç zad düşmür, 50 manatla dükana girəndə ancaq “bakkuş” alıb çıxırsan, o üzdən xalq birbaşa 100 manat kəsir. Lakin biz belə destruktiv elementlərə, düşüncələrə öz yazımızda yer verməyək, qoy çöldə qalıb donub ölsünlər. Fevral ayı düşüncələrin eşikdə qalması üçün uğursuz mövsümdür.
Başqa arqumentim də var. Bu yaxında bir nəfər rayonda, səhv eləmirəmsə, Sabirabadda öz maşınını yandırmışdı. Guya nəyəsə etiraz edirdi. Lakin mən diqqəti ona yönəltmək istəyirəm ki, əgər maşın olmasa, nəyi yandırardı? Maşın almağımıza isə dövlət şərait yaradıb. Yenə dərin minnətdarlıq edirəm, bu dəfə Beyləqan icra hakimiyyətinə (yavaş-yavaş Bakıya doğru gəlirik). O cümlədən vaxtilə ulu şairimiz Sabir acından vərəmləyib ölmüşdü, bişirib satdığı sabunları da alan olmurdu, indi isə görürsünüz, onun adını daşıyan rayonda maşın bolluğuna düşüblər.
Əsas arqumenti isə axıra saxlamışam. Məncə, bunu oxuyanlar Azərbaycanın dünyadakı həqiqi yerini əməllicə başa düşməyə borcludurlar. Braziliya futboluynan, ruslar arağıynan, yaponlar robotuynan, nə bilim, ermənilər qırılmışlıqlarıynan (soyqırım) məşhurdur, bəs bizi necə tanıyırlar? Nəsə, söhbəti uzatmayaq, yaxın oturun, mövzunu açıram: DTX Bakıda İŞİD-in mühasibini yaxalamışdır.
Fısqırıq mövzudur ey. Bunu araşdırmağa, dərk eləməyə min dənə elmi araşdırma mərkəzi lazımdır. Bir zamanlar, elə indinin özündə də planeti lərzəyə gətirən, kəsdiyi başa, asdığı boyuna sorğu-sual olmayan, bəşər tarixinin ən qanlı-qadalı terror təşkilatlarından birində pul işinə həmyerlimiz baxırmış. Görünür, orada bölgü aparılanda məsləhətləşiblər ki, bomba partlatmağı ərəb filankəs, tank tutmağı əfqan, nə bilim, snayperi pakistanlı və sairə yaxşı bilir, bəs pulu kimə tapşıraq, azərbaycanlı ağıllarına gəlibdir. Bizim pulumuz çoxdur, ona görə.
Vaxtında Narxozda “buxuçot”u yaxşı oxumaq lazım imiş.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ