Onlayn ictimai-siyasi qəzet
Sovet dağılana yaxın bir lətifə vardı, deyir, Mişa Qorbaçov səhər yuxudan oyanır, istəyir Kremlə, iş yerinə getsin, sürücünü tapmır. Cangüdənlər, başqa texniki-məişət xidməti zəhmətkeşləri də yoxa çıxıbmış. Hara zəng eləyirsə, dəstəyi qaldıran olmur. Axır əlacı kəsilir, küçəyə çıxır, görür burda da bir ins-cinsə rast gəlinmir, qu deyirsən, qulaq tutulur. Gedir hansısa səfirliyə, görür burda bir adam var, çox sevinir. O da xarici səfir imiş. Səfirdən soruşur, camaat hardadır, cavab alır: “Sərhədi açmısan, hamı xaricə qaçıb”.
Bax, indi pandemiyanın sona çatdığı günlərimizdə Azərbaycan sərhədlərinin hökumətin qərarıyla hələ də bağlı saxlanılması həmin lətifədəki situasiyanı xatırladır. Sanki ulu hakimiyyətimiz qorxur sərhədi açsa hamı xaricə qaçar, yetim qalarlar. Bəs necə, axı bizim hökumət xalqa xidmət etmək üçündür! Bəzilərinə hətta “dövlət qulluqçusu” deyilir. Əgər xalq olmasa, bunlar kimə qulluq, xidmət göstərər? İşsiz qalıb, acından və abırdan ölərlər.
Xalq hər gün sual verir ki, sərhədlər niyə bağlıdır, buna məntiqli cavab almaq mümkün olmur. Belə baxanda hazırda dünyanın az qala hər yerində - Şimali Koreya və Kubadan başqa – sərhədlər açıqdır, bir də Rusiyaya embarqo qoyulduğu üçün rusların bəzi Qərb ölkələrinə getməsi çətinləşib, vəssalam, qalan hara istəsən başını götür, get, gəl... Yalnız Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Uça-uça gedə bilərsən, əgər bahalı biletləri almağa pulun çatsa. Elə bir versiya da budur ki, hökumət qəsdən quru sərhədi bağlayır, camaat məcbur qalıb təyyarə bileti alsın, bir-iki oliqarxın cibi dolsun.
İnsaf və ədalət naminə, su sərhədimiz açıqdır, istəsən üzə-üzə Türkmənistana, Qazaxıstana get. Ancaq o tərəfdə elə bir perspektiv görünmür, çünki quru sərhədlərin ətrafında xeyli insan bizneslə, alverlə, ticarətlə məşğul olurdu. İrandan, Gürcüstandan ucuz ərzaq, sənaye malları gətirib satırdılar. Sərhədlərin bağlı qalması o adamların evini xüsusilə yıxıb.
Ancaq bütün bunlar, əlbəttə, şaiyələrdir, gərək biz şaiyələrə uymayaq. Sınırın bağlı qalması...
Yeri gəlmişkən, bu Anadolu türk qardaşlarımızın “sərhəd” əvəzinə “sınır” deməsi mənim çox xoşuma gəlir. Ana dilin təmizliyi üçün bu sözdən yararlanmalıyıq. Üstəlik, sərhəddə həmişə bizim xalqın başına oyun açıblar, hər əyninə forma geyən, hər başına qozlu-qotazlı papaq taxan gömrükçü, sərhədçi və sairə yüz min dənə xidmətin əməkdaşı bizi sındırmaqla məşğul olmuşdursa, niyə bunun adına məntiqə uyğun şəkildə “sınır” deməyək? Sınırıqsa, sınırdır.
Əlqərəz, sınırımızın bağlı qalmasının əsas səbəbi xalqı xarici təsirlərdən qorumaqdır. Hakimiyyət xalqı göz bəbəyi kimi sevir. Dünyada geniş yayılmış korona, milli mənəviyyatsızlıq, valyuta alveri, kapitalizm, bazar istisadiyyatı, liberalizm, federalizm kimi bəlalara yoluxmağımızı istəmirlər. Ona görə xalqı ağzıbirə toplamışlar. Ki, canavar gəlib yeməsin. Ətrafa qurdbasan qoruyucular da düzülübdür, vəziyyət sabitdir.
Yoxsa açıb buraxmağa nə var? Aç, çıxıb getsinlər, heç qayıtmasınlar. Xalq şəxsən mənim heç nəyimə lazım deyil. Allah var, Azərbaycanın yarısı Amerikaya köçsün, vecimə olmaz. Hökumətinsə vecinədir. Qızılı, almazı, brilyantı seyfə qoyub ağzını bağlayırlar, hökumət də xalqımızı xarici təsirlərdən qorumaq üçün eləcə bağlı saxlayır.
Bu yaxında deputat Fəzail müəllim gilassız qaldığını demişdi, bir seçicisi neçə kilo gilas alıb Milli Məclisə apardı. Lakin polislər gilası seçicidən alıb küçəni süpürənlərə verdilər. Nəyə görə? Çünki xalq vacibdir! Deputat gilas yemir, cəhənnəmə yesin. Hökumət onun qayğısına qalan deyil ki? Hökumətə xalq lazımdır.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ