Onlayn ictimai-siyasi qəzet
Şəmkirin keçmiş icra başçısı Alimpaşa müəllimin koloritli çıxışları, şeir söyləməkləri bir ara internetdə məşhurlaşmışdı. Yalan olmasın, rəhmətlik Mikayıl Mirzə kimi hayqırırdı. Əlaqədar orqanlar korrupsiyada suçlayıb dama basmasaydı Alimpaşa müəllimin sorağı bəlkə də indi Azdramadan gəlirdi, orda rejissor Kamran Şahmərdanın qoyduğu tamaşalarda Məleykə Əsədova ilə tərəf-müqabil olmuşdu. Kamran müəllimi niyə xüsusi vurğuladım və gəlib yazımızın içinə dürtüldü? Çünki bu saat görkəmli rejissorumuz teatr tənqidçilərinə söyüşlü, təhqirli hücumlarıyla gündəmə gəlmişdir. Bizim mədəniyyətimiz həmişə bu cür məşhur və görkəmli olubdur. Qalmaqal yaratmalısan. Yoxsa teatrla, tamaşa ilə, sənətkarlıqla görkəmli olmağı nənəm də bacarar. Bizdə sənətkarlığa pul verilmir. Dövlət səviyyəsində pulu, təqaüdü, fəxri adı yaxşı təhqir edənlərə verirlər.
Nəsə, günaha batdıq, Alimpaşa müəllim kimi təmiz, saf, körpə qəlbli insanın mövzusuna hər cür başqa mövzular bulaşdırdıq. Mövzu isə belədir ki, məhkəmədə prokuror ittihamı oxuyub, icra başçısının rüşvət aldığını, dövlət əmlakını israf elədiyini və o cümlədən dövlətin malını mənimsədiyini söyləyib. Prosedura görə, məhkəmə qaydalarına görə hər dəfə belə maddələri oxuyanda hakim və prokuror müttəhimə üzünü tutur, “sözlər aydın oldumu, özünüzü təqsirli bilirsinizmi” kimi sual verirlər. Bu dəfə də eyni şeyi eləyiblər, lakin gözlənilməz cavab alınıbdır. Alimpaşa müəllim deyibdir: “Tamamilə razıyam, heç bir problem yoxdur”.
Bax, əsl insan budur! Gör nə dərəcədə humanistdir, əlaqədar orqanlara əziyyət vermək istəmir. Hər şeyi boynuna alır, qabaqcadan razılığını çatdırır. Yoxsa bəzən görürsən icra başçısını əlində bir çamadan avro ilə tutublar, kamerada rüşvət istəməyinin videosu, səs yazısı, əl yazısı, piktoqramı, diaqramı, qayaüstü rəsmləri və sairə bütün mümkün üsulları qeydə alınıbdır, lakin boynuna almaq istəmir! Nəticədə istintaq orqanları əlləşir, vuruşur, əlavə sübutlar toplayır, tarixi mənbələrə baş vurur, Troya şəhərinin qalıqlarını, Şumer mədəniyyətini araşdırır, qədim Misir heroqlifləririni oxuyur. Axı bizim məhkəmələr Almaniya məhkəməsi deyil, kimi istəsən şərləyib içəri basasan. Bizdə mütləq sübutlar olmalıdır. Ya da məhkumun səmimi etirafı. Ən yaxşısı, əlbəttə, səmimi etirafdır.
Alimpaşa müəllim budur, mərdi-mərdanə boynuna alır: “Tamamilə razıyam, heç bir problem yoxdur”. Təbii, daha nə problem olasıdır? 10 milyon ordan yemisən, 5 milyon burdan, 4 aşağı, 3 yuxarı...
Ancaq müttəhim etirafdan sonra bir qədər işin içinə, türkün məsəli, edibdir. Deyir rüşvət almışam, lakin bunu şəxsim üçün etməmişəm. Sitat: “Mən vətəndaşları iş yeri ilə təmin etmişəm, onların dolanması üçün çalışmışam. Bu, israfetmə sayılırsa, razıyam. İttihamda cinayət yolu ilə əldə olunduğu göstərilən bütün vəsaitlər rayon idarəçiliyi üçün istifadə olunub. Yəni niyyət başqa olub”. Sitatın sonu.
Bax, bu məqamda Alimpaşa müəllim bir az, yüngülvari yalan danışıbdır. Çünki onun iş yeri ilə təmin etdiyi “vətəndaşlar” özgəsi deyil, öz oğlu Adil Məmmədov, köməkçisi Mahir və Orxan kimi yoldaşlardan ibarət olmuşdur. Niyyət başqa olubsa, pullar niyə sənin evindən, hesablarından və kabinetindən çıxır? Sanki öyrəncəli olublar, dövlət əmlakını çırpışdırırlar, arada oğurluqdan beş qəpik hansısa dilənçiyə verirlər, adını da qoyurlar xeyriyyəçilik, humanizm, nə bilim, mərhəmət. Cinayət yoluyla iş yeri açmaq yaxşı haldırsa, o zaman gərək “Koza Nostra”ya iqtisadiyyat üzrə Nobel mükafatı verəydilər.
İndi söz əlaqədar təşkilatlarındır: deyin görək sizin hansı saf niyyətli mənimsəmələriniz vardır?
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ