İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranı yandıran Avropa: insan azadlığı, yoxsa barbarlıq?

Kürd separatçı-terrorçuların Qərbdəki əsas məskənlərindən sayılan İsveçdə bu gün müsəlmanların müqəddəs kitabı Qurani-Kərim yandırılıb. Türkiyə səfirliyi yanında. Qardaş ölkənin xəbərdarlığına, İsveç səfirinin bir gün qabaq Türkiyə XİN-ə çağırılmasına rəğmən, rəsmi Stokholm hansısa ikiayaqlı məxluqa bu vandalist aktı həyata keçirməyə icazə verib – təməl azadlıqları bəhanə gətirərək!

Olayla bağlı R.T. Ərdoğanın mətbuat katibi İbrahim Kalın özünün Twitter səhifəsində belə status paylaşıb: “Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu aksiyanın sanksiyalaşdırılması nifrət zəminində cinayətləri və islamafobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, müasir barbarlıqdır”.

Dəqiq dəyərləndirmədir. Hərçənd o da hələ yumşaq qiymətdir.

Belə bir deyim var: “Mənim azadlığım başlayan yerdə sənin azadlığın bitir”. Din, vicdan azadlığı da universal azadlıqların, ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Heç kim, heç bir bəhanə ilə onu poza, məhdudlaşdıra bilməz. Demək, milyard yarım insanın inancı, heysiyyatı ilə oynamaq, onların müqəddəslərini aşağılamaq haqqı kimsəyə tanınmamalıdır! Ələlxüsus da özünü demokratik sayan, azadlıqların təmin olduğunu iddia edən bir ölkədə.

Ümumiyyətlə, özünü mədəni, ziyalı hesab edən kəs belə tərbiyəsizliyə getməz – Allaha, kitaba, peyğəmbərlərə inansa da, inanmasa da...

Nə yazıq ki, bu şeytan xislətli dinsiz-imansızlar, xalqlar arasında ədavətə xidmət edən ateist-iblislər Avropada nəinki cəzalanmır, əksinə, şirnikləndirilir. XXI əsrdə belə, Avropa, xüsusən onun “Qoca qitə” adlanan kəsimi (İsveç, Fransa, Niderland) bu məsələdə də riyakar sifətini dönə-dönə ortaya qoymaqdadır.

Elə bugünkü vandalist əməldən cəmi 3 gün qabaq Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən son dərəcə təxribatçı, başdan-ayağa qərəzlə, islamofob və türkofob müddəalarla dolu, həqiqətin baş-ayaq təsvir olunduğu qətnaməni götürək. Sənəd adlanan bu kağız parçasında on illərdir elementar yaşam haqqı tapdanan, etnik təmizlənməyə məruz qalan 1 milyona yaxın azərbaycanlı haqda kəlmə də deyilmir. Əvəzində orada ermənilərin irili-xırdalı bütün həyasız yalanları yer alıb. Ərazimizdə “soyqırımı”, vandalizm aktları törətmiş, o cümlədən məscidləri yerlə bir eləmiş və buna görə indiyədək tükü də tərpənməyən işğalçı və terrorçu bir toplum növbəti dəfə “əzabkeş xalq”, “dinc və günahsız” əhali qismində təqdim olunub, ona haqq-nahaq qahmar çıxılıb. “Taylı tayını tapar” məsəli.

Bu, əlbəttə ki, “ikili standart” yanaşmasından da artıq bir sırtıqlıq, rəzalət, insanlığa həqarətdir. Başqa yandan, heç təəccüblü də deyil. Belə parlamenti olan Avropanın Quranı yandırmağı özünə qəhrəmanlıq sayan o cür də düdükləri olar.

İlahi yaradılışa üsyan edib kişinin kişi ilə “evlənməsi”nə normal baxan, bu mənəvi iyrəncliyi təbii sayan və qanuniləşdirən, orta məktəblərində uşaqlara “cinsi dəyişdirməyin faydası” təbliğ olunan bir “sivilizasiya”dan ayrı nə gözləmək olar ki...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024