Onlayn ictimai-siyasi qəzet
NASA-nın “Ceyms Uebb” kosmik teleskopu ilk fotoşəkilləri çəkib ana yurduna - Yer planetinə yollamışdır, ABŞ prezidenti Bayden müəllim (sözgəlişi, Baydenin soyadı onun bay, bəy kökündən gəldiyini, bir türk oğlu türk olduğunu məncə çox aşikar şəkildə bəyan edir; şübhəsiz, burda hikmət vardır - anlayanlar üçün) isə onları İnstaqram profilində paylaşaraq rus çarı Putinə yandıq vermişdir.
Ancaq mənim ümidlərim puç olmuşdur, biləsiniz. Şəxsən mən bu teleskopdan yaxşı şəkillər gözləyirdim. Kainatın daha dərin dəlmə-deşiklərindən bir işıq ucu gələcəyinə ümid edirdim. Bəs əvəzində nə əldə etmişik? Teleskopun göndərdiyi fotolara baxanda Kainatımız zibil topasına oxşayır. Bircə içində eşələnməyə pişik balaları çatmır. Hara baxsan ucsuz-bucaqsız tozanaq, ulduz qırıntıları, əyrim-üyrüm, mənasız qalaktikalar fırlanır. Özü də deyir bu şəkillər filan-filan (guya dəqiq yazsam neçə nəfərimiz başa düşəcək) işıq ili məsafədədir, hardasa 4-5 milyard il qabaqkı vəziyyətin şəklidir. Yəni, indiki vaxtlarda Allah bilir Kainatın həmin nöqtələrində vəziyyət nə kökdədir. Bəlkə zibil lap dizə çıxıbdır.
Allah demişkən, mən telefonumda, bu kosmik xəbərin içində qurdalananda təsadüfən Beşbarmaq pirinin yanından, taksidə keçirdim. Sürücüyə əlimlə piri göstərəndə dedi: “Əlini sal aşağı. Piri əllə göstərmək olmaz. Ancaq ta göstərmisən, əlac yoxdur, gərək sağ əlin şəhadət barmağını dişləyib ayağının altına qoyasan”. Maşını saxladı, proseduru yerinə yetirdim, yola davam etdik. Əks halda hara gedib çıxa bilərdik? Ziya müəllimin basıb yediyi beton yolun dağıntıları arasından özü də.
Məncə Bayden də qalaktikanın şəkillərini əliylə göstərəndən sonra gərək barmağını dişləyib tapdalayardı. Nə biləsən o ucsuz-bucaqsız tozanağın içində, kosmosun dəruni guşələrində hansı pirlər, ocaqlar, müqəddəs seyidlər və üləmalar vardır? Bunu heç kim bilmir.
Yeri gəlmişkən, Bayden müəllim Pensilvaniyadakı imamımızı da türk dünyasına qaytarsa yaxşı olardı. Nə boyda camaat yetim qalıb. Bunlar hamısı bir-biriylə sıxı surətdə əlaqədar hadisələrdir.
Görəsən qalaktikaların dərinliyində, başqa planetlərdə həyat varsa, oralarda da icra hakimləri, deputatlar, qazilər, köşə yazarları olurmu? Məsələn, təsəvvür elə, bəzi planetdə icra başçısının üç başı, yeddi ayağı var. Köşə yazarı əliylə deyil, yazını burnu ilə yazır. Deputatın səsi qulağından çıxır, səsvermə zamanı düyməni də dimdiyi ilə basır.
Neyləmək olar, hara baxsan həyat çətindir. Mən indicə yol qırağında bir elan lövhəsi də gördüm, obyektin yiyəsi ora “almin, qurquş” sözləri yazmışdı. Belə başa düşdüm ki, “alüminium” və “qurğuşun” yazmaq fikrində olmuşdur. Ancaq gəlin etiraf edək, Nəsimi adına dilçilik institutunun bütün alminləri... daha doğrusu, alimləri, üstünə də gəlsək folklor institutundakı bilgə dədələri və ağbirçək nənələri, bunların hamısı toplaşıb “qurğuşun” sözünü “qurquş”la əvəz edə bilməzdi.
Bu, kosmik yanaşmadır. Sözdə ilahi gözəlliyə baxın: qurquş! Əgər mən başqa planetlərə səyahətə çıxası olsam, özümlə yalnız bir lüğət tərkibi götürməyə icazə versələr, məhz bu qurquş sözünü götürərdim.
NASA yaramıza daha bir duz səpdi, deyir bu fotolar kosmosun elə kiçik hissəsidir ki, əlində bir qum dənəciyini tutub qolunu açsan, bu məsafədən dənəciyi necə görsən, elə bir vəziyyətdir. Qum. Plyaj. Hasarlanmış Abşeron. Kainatın dərinliyindəki qum dənəciyi boyda hissə.
Yoldaşlar, müqayisə üçün, ürəyimizi ağrıtmadan başqa örnək tapmaq olmurdu?
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ