Onlayn ictimai-siyasi qəzet
Bu saat Azərbaycanda elə adam var onun Ukraynadan müharibənin içindən, Türkiyədən zəlzələ bölgəsindən çəkdiyi fotoları dünyanın tanınmış informasiya agentlikləri dərc edirlər, ancaq nə olsun? Bizdə, misal üçün, Bakının Xutor qəsəbəsində onun adı it dəftərində getmir. Çox da səni Ukraynanın xutorlarında tanıyırlar. Çox da bu pencəyi “Çörçill şəxsən geyinir”, biz fikirləşməliyik, götür-qoy eləməliyik. Nə vecimizədir... Bizim öz standartlarımız var.
Ümumiyyətlə, bizdə ünvan verməyin, ad qoymağın, dəftərə salmağın qədimdən gələn ənənələri var. Məsələn, hələ görkəmli dövlət xadimimiz, VVAQ-ın adqoyma və kəbinkəsmə funksiyalarını, mədəniyyət naziri, Ailə, Uşaq, Qadın Komitəsinin sədri, ombudsman və sairə bir çox vəzifələri öz monopoliyasına almış Dədə Qorqud gəlinə ayıran, ayrana doyuran, iynəyə tikən, tikana sökən demədiyinə peşman olmuş, canlı yayımda xalqdan üzr istəmişdir.
İndinin özündə hökumət hər il uşaqlara qoyulan adların statistikasını açıqlayır, biz oxuyuruq, zövq alırıq. Neçə min Yusif var, neçə min Zəhra və sairə - bunları bilmək çox lazımdır. Ta həmin Yusif və zəhraların dolanışığı nə cürdür, pampers almağa pulları çatırmı, bunu açıqlamaq o qədər vacib şey deyil.
Bəzənsə elə adlara rast gəlirsən, uzaqgörənliyə heyran qalırsan. Bu yaxınlarda hökumət Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasına ayırdığı vəsaitlə bağlı qərarın ləğvini istəmişdi. Səbəb isə odur ki, sən demə burada yoldaşlar tender keçirməyiblər. Tanışlıq, korrupsiya, hansısa çirkin məqsədlər üçün dövlət büdcəsindən pulları əkişdirmək istəyəndə adətən tender eləmirlər.
Bizdə tender işi olduqca önəmlidir, hətta bu yaxında mən İctimai Televiziyanın sponsorluğu ilə çəkilən “Əqrəb mövsümü” adlı gülməli bir kinoya baxdım, halbuki, mən guya çox həyəcan keçirməliydim. Nəyə görə? Çünki kino dedektiv janrında idi. Ancaq özümdən asılı deyildi, nə edim? Baxdıqca gülməkdən ölürdüm. Rəhmətlik Arif Quliyev heç bu qədər güldürməmişdi. Səbəblərdən ən birincisi elə tenderlə bağlıydı. Təsəvvür elə, kinoda iki tikinti şirkəti hansısa parkın tikintisi üzrə tenderi udmalıydılar. Bunun üçün yarışırdılar. Əlbəttə, bizdə parklara skameykalar da tenderlə qoyulur, kimin şübhəsi var? Əşşi, nə isə. Hər halda uğurlar olsun, “Əhməd haradadır” filmindən sonra da kino çəkiriksə, bunun özü böyük işdir. Başqa millətlər elə kinolar çəkəndən sonra milli studiyanı yandırırlar.
Qayıdaq “Salnamə” studiyasına, daha dəqiqi onun çəkdiyi animasiya filminə. Sizcə tendersiz verilən o pullar nəyə xərclənibmiş? Çəkilən filmin adı necədir? Milyon il fikirləşsəniz, bəlkə tapmazsınız: “Qarınqulu”! Fantastikadır. Bundan böyük sənətkarlıq olarmı? Yoldaşlar açıq işarə vurublar ki, tendersiz film çəkiriksə, burda yeganə məqsəd qarınqulu olmaqdır.
Əlbəttə, guya kim qarnının qulu deyil? Yenə bunlar yeyib doyublar. Hamımız beləyik. “Qarın qardaşdan irəlidir” məsəli havayı yaranmayıb. Düzdür, bunun “Qarın başa bəladır” variantı da var, ancaq hansı sərfəlidir, onu daha çox işlədirik. Öz əlimizdə deyilmi?
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ