Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə açıq şəkildə bəyan etdi ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Odur ki, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz.
Birmənalı şəkildə belədir və razılaşmamaq üçün hər hansı arqument tapmaq mümkünsüzdür. Azərbaycanın 30 il ərzində pozulan haqlarına münasibət misalında beynəlxalq hüququn nə dərəcədə “korşaldığı”nı görmədikmi? Bir ölkənin ərazilərinin beşdə biri işğalda ola, onun azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl belə qoyulmaya və qarşılığında hər hansı təsirli tədbirlər işə salınmaya, burada hansı beynəlxalq hüquqdan danışmaq olar? Guya bu gün bizə münasibət çoxmu dəyişib? Hələ də BMT TŞ-nin daimi üzvləri arasında olanlardan Azərbaycanın elə beynəlxalq hüquqa istinadən atdığı addımlara, sərhəd və ərazi bütövlüyünü təmin etməklə bağlı elə qətiyyətli qərarlarına qarşı çıxmaq cəhdləri varsa, demək, mənzərə çılpaqlığı ilə aydındır. Amma təkcə haqları pozulan Azərbaycana qarşı deyil ki, belə bir münasibət. Bu gün o qədər haqqı və hüququ pozulan ölkələr, xalqlar var ki…Dövlət başçısı düzgün qiymətini verdi, “Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar”-deyərək.
Deməli, heç bir halda arxayınlaşmaq, qazandığımız zəfərimizlə kifayətlənmək olmaz. Əgər Azərbaycan Prezidentinin ötən həftə Qoşulmama Hərəkatının tədbirində söylədiyi kimi, “keçmişin qalığı” olan BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri hələ də təcavüzkar niyyətlərindən tamamilə əl çəkməyən Ermənistanı silahlandırmaqdan ötrü min oyundan çıxırsa, demək daim hazırlıqlı olmalıyıq, hətta bir əsr sonra da arxayınlaşmamalıyıq. Söhbət Makron Fransasının “kiçik bacı”sına milyonlarla dəyərində hərbi texnika və raket sistemləri ötürməsindən gedir, ikinci, üçüncü ölkələrin vasitəsilə. Təcavüzə, işğala dəstək verən – özü də silah-sursat, hərbi texnika ilə - dövlət həm də BMT-nin ali orqanında təmsil olunan 5 dövlətdən biridir, absurdluğun son həddi də saymaq olar! Hansı ki, Ermənistan 30 il ərzində BMT TŞ-nin 4 qətnaməsini icra etməməklə elə ilk növbədə Makron Fransasının üzünə tüpürüb! Bunun cavabı isə silah-sursat yardımı olmamalıydı.
Ermənistana bu halında uzaqbaşı kənd təsərrüfatında istifadə üçün texnikalar göndərilə bilərdi, daha hərbi texnika yox! Lakin kimdir bu qaydalara əməl edən, axı, beynəlxalq hüquq bu imperialist, yırtıcı dövlətlərin üzünə onların ayaqları altından boylanır…
Hələ bu yandan da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib ki, Rusiyanın Ermənistana müqavilə əsasında silah və sursat verməməsi məsələsi Ermənistan-Rusiya münasibətlərinin gündəmində qalmaqda davam edir.
Onun fikrincə, həllini tapmaq üçün bütün problemlər açıq və sakit şəkildə tərəfdaşlarla müzakirə edilməlidir. Təhlükəsizlik Şurasının katibi bu problemlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini izah edərək, onların həll olunacağına ümid etdiyini bildirib. “Ümid edirik ki, belə bir fikir var ki, onlar Ermənistan üçün çox vacibdir”, - Qriqoryan deyib.
Rusiyanın Azərbaycan və Türkiyə amilini nəzərə alaraq Ermənistanla ənənəvi münasibətləri davam etdirməkdə tərəddüd etdiyi məlumdur. Amma BMT TŞ-nin daha bir üzvünün on illər boyunca erməni təcavüzünə gizli və açıq dəstək verməsi haqda faktlar kifayət qədərdir. Elə bu gün Şuşa və Laçın istiqamətində atəş açan, Qarabağdakı erməni terrorçularını himayə edən Rusiya, onun bölgədəki hərbi kontingenti deyilmi? Azərbaycan ərazisindəki azı 10-15 min hərbçisini bölgədən rədd eləməyən Ermənistan həm də Rusiyanın “sülhməramlı” missiyasına arxayın deyilmi? Qarabağdakı qanunsuz hərbi birləşmələr, terrorçu dəstələr Rusiyadan sərt mövqe görsə, gecə ilə cəhənnəm olub gedərdilər cənnət Qarabağdan!
Dövlət başçısı məhz bu reallıqları nəzərə alaraq deyib ki, özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. Ölkə rəhbəri qeyd edib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq. Və mühüm xəbərdarlıq: “Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik”.
Bu, Azərbaycanla təhdid dilində danışmağa cəhd edən paytaxtlara, ölkəmizi zəif düşürməyə çalışan, hansısa güzəştlərə vadar etmək istəyən beynəlxalq oyunçulara yönəlmiş xəbərdarlıqdır. Eyni zamanda xalqımıza ünvanlı ismarıc da oldu. Sitat: “Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir”. Qətiyyət, inam, əminlik gücə arxalananda daha möhtəşəm olur. Azərbaycan Ordusu şərəfli tariximizin qızıl səhifələrini yazdı, Ali Baş Komandanın rəhbərliyi ilə. Elə bu gün üçüncü ildönümü tamam olan Tovuz döyüşlərindən, daha əvvəl, 2016-cı ilin Aprel döyüşlərindən başlamışdı Qarabağa, Şərqi Zəngəzura müqəddəs yolçuluğumuz.
Azərbaycan Silahlı Qüvvələri elə bu gün də, bu anlarda da sözünü deyir. Bir gün əvvəl düşmən təxribatı nəticəsində hərbçimiz yaralanmüşdü. Düşmənə dərhal layiqli cavab verildi, həm Ermənistanla şərti sərhədlər boyunca, həm Rusiya hərbçilərinin müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində. Davamı daha sərt və qətiyyətli olacaq, şübhəmiz yoxdur, əminliyimiz var-Qisas əməliyyatının icraya yönəldilməməsini istəyən düşmən və havadarları yetər ki, özlərini yığışdırsınlar, bölgənin lideri, söz sahibi Qalib Azərbaycanın təqdim etdiyi sülh sənədini öpüb gözləri üstə qoysunlar! Çünki ordu quruculuğunun növbəti mərhələsi var qarşıda. Növbəti döyüş daha sarsıdıcı ola bilər, necə ki, 44 günlük müharibədə Azərbaycanın 21-ci əsrin ordusu ilə döyüşməsindən heyrətlə danışırdılar hətta dünyanın aparıcı hərbi mərkəzləri…Ali Baş Komandan hədəfləri elan edib. Sitat: “Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsiistiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimiziən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiə etmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”.
Bəli, ən yaxşı müdafiə hücumdur. Ermənistan adlanan, əslində Qərbi Azərbaycanı ovcunun içi kimi görən, Qarabağdakı silahlı banda üzvlərini üzük qaşı kimi mühasirəyə alan şanlı əsgərimiz əmrə hazırdır. Amma Azərbaycan məsələlərin masada həllini istəyir hələ də. Necə ki, ölkə başçısı bir daha bəyan etdi: “Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq”.
Maraqlıdır ki, Prezident rəsmi İrəvanın davranışlarında müşahidə olunan müsbət məqamlardan da danışdı, düşmən ölkənin nəhayət, konstruktivliyə meyillənməsini açıq şəkildə vurğuladı. Sitat: “Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”.
Bunu zəfər qazanmış ölkənin lideri, Ali Baş Komandanı deyir, proseslərdə moderatorluq etmək uğrunda yarışa girən paytaxtlar təkrar-təkrar dinləsinlər, qiymətləndirsinlər! Dövlət başçısı bununla həm də Ermənistana mühüm mesaj verib ki, sizin nəhayət, normal mövqe sərgilədiyinizi müşahidə edirəm, yetər ki, sizi qızışdıran qüvvələrdən xilas olasınız. Ermənistana tarixi şans Verdi Prezident Əliyev. Yalnız onun təqdim etdiyi YOL XƏRİTƏSİ əsasında normal qonşuluq və birgəyaşayış mümkün ola bilər. Qalib Azərbaycan hər an növbəti əməliyyatlarla bağlı qərar verib, növbəti zəfərləri “Dəmir Yumruğ”un hesabına əldə etmək imkanlarına malik olmasına rəğmən, qarşı tərəfdə müşahidə olunan müsbət meylləri də qeyd edir. Eyni zamanda bununla kifayətlənməyərək, növbəti addımların atılması zərurətini xatırladır. Formulası sadədir: “Eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın”.
Diqqət edin, neçə vaxtdır “üçlər”, “beşlər” formatında danışıqlar gah ABŞ, gah Avropa, gah da Rusiyada keçirilir. Hər görüş ərəfəsi və ya ondan sonra erməni təxribatları baş verir, digər tətikləyici qüvvənin təhriki ilə. Azərbaycan Prezidenti İlham Əliyevsə qısa və sadə yol təklif edib: üç addımlıq yol…Yola gələcəklərsə, qazanacaqlar! Yolların açılması üçün üçcə addım yetərlidir…
Elşad Paşasoy,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ