Onlayn ictimai-siyasi qəzet
“Aşıq eldən yuxarı,
Şana teldən yuxarı.
Aşıq bir şey görübdü,
Dizi beldən yuxarı".
(tapmaca)
Uşaq vaxtı bir neçə irəli zəka yiyəsi tanıyırdım, onlar avtomobili yüksək sürətlə sürərkən qolu açıq pəncərənin üstünə qoymağı cəsurluq, lotuluq, ya da indiki gənclər demiş, “cool” olmaq sayırdılar. Məndən yaşca böyük idilər, söhbətlərinə şahid olmuşdum. Biri isə kiminsə saatda 100 sürətlə siqaret çəkdiyini heyrətlə yada salmışdı.
İndi baxıram vətəndaşlarımız yüksək səviyyədə qabağa getmişlər, Mirzə Ələkbər Sabirin populyar misrası da yalan olubdur: “Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ aftamabil minməyiriz”. (Fürsət ikən o şeirin sonrakı misralarını da yazım, çox adam bilmir, halonki, şeirin canı oradadır: “Quş kimi göydə uçar yerdəkilər, Bizi gömdü yerə minbərdəkilər”. Ta dərdimiz açılıb, misranın qabağını da yazaq, tam olsun: “Dindirir əsr bizi, dinməyiriz, Açılan toplara diksinməyiriz”).
Xalqımız nəinki “aftamabil” minir, açılan toplara diksinir, hətta maşını... ayağı ilə sürməyə başlamışdır. Maşallah. Müdhiş qabiliyyətdir.
Maraqlıdır ki, xalqımız belə hərəkətləri çox xoşlayır. Məsələn, sazı adətən necə çalırlar? Sinəyə basıb, ədəb-ərkanla. Ancaq, yox. Başqa xalqlar belə çalır. Biz də elə çalsaq, daha nə fərqimiz oldu? Ona görə Azərbaycanda sazı peysərin arxasında, kürəkdə, ayaqla çalmaq kimi orijinal, ekzotik, analoqu olmayan hallara rast gəlinir. Bir xalq artisti aşığımız vardı, rəhmətlik böyük sənətkar idi, şəlpə qulaqlarıyla elə “Ruhani” çalırdı ki, göydə quşlar ayaq saxlayırdı (mız qoyanlar üçün ayaq yazdım, bir səbəb tapıb deyinsinlər, yoxsa belə mükəmməl məqalə ola bilməz).
Tək saz deyil. Bəzi əməkdar artistimiz var, kamançanı dirsəyi ilə çalır. Burnuyla fortepiano çalan, dişində qoşa nağara döyəcləyən, nə bilim, canım sənə desin, baldırında violonçel, göbəyində klarnet, qoltuq altında faqot ifa edən mükəmməl sənətkarlarımız olmuşdur, var, olacaqdır. Bu sənəti biz gələcək nəsillərə ötürməliyik.
Qayıdaq maşın söhbətinə. Yanılmıramsa, 19-cu əsrdə alman mühəndisi Dizel müəllim maşınlar üçün daxili yanma mühərrikini ilk dəfə qayırmışdır. Söhbət onun ismi-şərifini daşıyan dizel mühərrikindən gedir. Bu cür maşınlar biz tərəfə gəlib çıxanda xalqımız nə elədi? Bəlkə zavod tikib həmin maşından düzəltdik? Yox. Belə işlər bizə yaraşmaz. O boyda neftimiz var. Bekar qalmamışıq ki, gedək işləyək? Ona görə də zəhmətkeşlərimiz yerə uzandılar, maşını üstündən keçirmək yarışı kəşf etdilər.
Pəhləvanlarımız öz məharətlərini nümayiş etdirərək, aləmə səs salmışdır. Mən özüm şəxsən, canlı olaraq belə mənzərəni iki-üç dəfə görmüşəm. Pəhləvanı uzadırlar, üstünə yorğan-döşək salırlar, onun da üstündən taxtalar qoyulur. Sonra yük maşını gəlir, kişinin üstündən keçir, camaat əl çalır, arvadlar ağlaşır, kişilər nərə çəkir, kəndirbaz ipin üstündə dombalaq aşır, təlxəyin yerdə ürəyi gedir və sairə. Çox etnoqrafik mənzərədir, hesab edirəm bununla çoxlu turist cəlb edə bilərik.
Yazımın məqsəd və məramnaməsi də əslində turizm sektoruna diqqət yönəltməkdir. Baxın, ayağını pəncərədən çıxarıb maşın sürənlərimizin videosu paylaşılır (bunu adətən arxadan gələn paxıl şoferlər edir - özləri tısmış vəziyyətdə, sükan dalında normal əyləşib əlləriylə maşın sürdükləri üçün), əlaqədar orqanlar: yol polisi, deputatlar, el anaları, ağsaqqal auditorlar palatası, müxalifətin qanadları, iqtidarın quyruqları, bitərəflərin bişərəfləri... xülasə, hamı müzakirəyə qoşulur. Ayağını pəncərədən çıxarıb maşın sürənləri söyürlər, tənqid edirlər. Halbuki, bu işə novator yanaşmaq olmazmı? Biz niyə bunu populyarlaşdırmayaq? Qoy hamıya ayağını çölə çıxarıb sürməyə icazə verilsin. Hətta kim istəsə, türkün məsəli, dalını pəncərədən çıxarsın. Turizm şirkətlərimiz isə bukletlər paylasın, xaricilərə göstərilsin ki, dünyada belə yer var, xalq ayağı göydə maşın sürür.
Bunu hardasa dini ritualımız elan edə bilərik. Niyə başqaları suyun üzərində yeriməklə dindar tutur, biz ayağı göydə getməklə imana gəlməyək?
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ