Onlayn ictimai-siyasi qəzet
Ölkəmizdə insan hüquqları tam təmin olunmuşdur, bir nəfəri belə incitməyə yol verilmir. Yaşayış, təhsil, sərbəst toplaşma, dini etiqad, səhiyyə, hərəkət, uçuş, qaçış, sürünmə... Nə istəsən eləyə bilərsən. Mən dünən internetdə bir video gördüm, Bakının Nəsimi rayonunda 75 yaşlı ağsaqqal turnikə çıxıb fır-fır fırlanırdı. Halbuki Amerikada onun tay-tuşları Allahın velsəbetini sürə bilmir, yıxılır. Ariflər, şübhəsiz, nəyə işarə vurduğumu anladılar. Ariflər, əlbəttə, burada “Allahın velsəbeti” ifadəsinin də hansısa məqsəd güddüyünü başa düşmüşdür, çünki mən heç bir hərfi boşuna yazmıram. Az sonra məqsədimiz ortaya çıxacaq, darıxmayın.
Sərhədlərimizin toxunulmazlığı tam təmin edilib, gömrük generalları 200 min manat rüşvət alanda zindana salınır, Qarabağda tikinti davam edir, qazilər evlənir, deputatların maaşı artır. Hərtərəfli insan hüquqlarıdır. Yeganə problem bəzi deputatların gilas almaqda çətinlik çəkməyidir, inşallah, onu da həll edəcəyik, çünki əvvəla, bizim həll edə bilməyəcəyimiz problem yoxdur, ikincisi, maliyyə naziri söz verib, gələn ayın büdcəsində deputatlara gilas pulu ayrılacaqdır. Ya da ola bilsin səbət veriləcək, səbətin dalından gilas töküləcək.
Məhz bu uğurlu insan haqları siyasəti özünü, ağsaqqallar demişkən, nədə büruzə verir? İnsan hüquqları ilə bağlı şikayət və narazılıqların sıfra enməsində! Allaha and içərəm. Özünüz baxın: son həftələrdə bizim Bakı şəhərində zənən xeylaqları və saqqallı kişilər sərbəst toplaşaraq etiraz aksiyaları keçirirlər və yeganə səbəb... Allahın təhqir edilməsi göstərilir! Deyirlər hansısa idarədə Allahı söyüblər. Mən bir neçə aksiyanın videosunu, xəbərini izlədim, lakin bu mistik təhqirin mənbəyini, lənətə gəlmiş yoldaşın kimliyini öyrənə bilmədim. Eləcə ümumi sözlərdir. Hətta bəziləri bütün idarələrdə, əstəğfürullah, Allahın təhqir edildiyini açıqlayır. Guya biz şeytani bir respublikada yaşayırıq.
Əlbəttə, respublikamızda dinə böyük, hətta mən deyərdim lazım olandan artıq diqqət var. Şeyxin biznesi, deputat qohumları, həccə 77 dəfə gedən qudası - bunlar dillər əzbəridir. Mollalar o tamaşada deyilən kimi, DÖT, yəni dövlət təminatı ilə əhatə edilib. Qəbiristanlığa yasin oxumağa dövlətin verdiyi maşınla gedirlər, niyə bəyənmirsiniz? Məscidlərdə azan vermək üçün hər cür yaponski kolonka quraşdırılıb, vallah, birdən elə bilirəm molla qonşu otaqda oturub ərəbcə danışır. Bir-birimizin şah damarına o qədər yaxınıq.
Nəzir yığmaq istəyirsən, qutu qoyursan. Cin tutan, fala baxan, təsbeh fırladan, dua ilə gəlin doğuzduran, nə bilim, bütün başqa dini fəaliyyətlərə də yaşıl işıq (bunun özü islam rəmzidir) yandırılıb. Arvadı öldürmək, uşağı minmək, kasıbçılıq, yaltaqlıq, riyakarlıq, əxlaqsızlıq, mütilik, qorxaqlıq... Müsəlman aləmində olan nə qalıb ki, bizdə yoxdur? Hamısı yüksək səviyyədə varımızdır.
Səviyyə demişkən, mikrorayonda bir məscid tikilib, kosmosdan görünür. İstəyən Həccə gedir, istəməyən Vatikana. Allahı təhqir bunun harasındadır? Əksinə, bizdə allahsızları təhqir edirlər, deyirlər cəhənnəmdə yanacaqsınız, başınıza daş düşsün, meymun balaları və sairə.
Hətta biz şayiələrə uysaq, xəbəri həqiqət kimi qəbul eləsək, Allahı təhqir etmək mümkündürmü? Kainatı, külli aləmi yaradan birini hansısa toz dənəciyi, molekul necə aşağılayar? Siz buna necə inanırsınız, mənim əzizlərim? Nəyin hesabına? Mənə də verin o pullardan.
Belə görünür biz bu işdə də beynəlxalq aləmdən irəlidəyik. Çünki xaricdə, Danimarkada, Norveçdə-zadda hərdən görürdük kimsə peyğəmbəri təhqir elədi. Biz balaca işlə məşğul olmuruq və birbaşa Allahı söymüşük. Dəhşət. Fısqırıq. Təklif edirəm Allahın hüquqlarını müdafiə komitəsi yaradaq, bir neçə nəfər ölüm aclığı elan etsin (deyəsən, artıq ediblər). İntəhası, acından ölsək, bu, intihar sayılsa, Allah tərəfindən qəbul edilməyəcək, cəhənnəmə düşəcəyik. Paradoksal durumdur, dilemmadır.
Sonda vətəndaşlarımıza bir sual vermək istərdim: sizi belə hökumətə düçar eləyən qüvvəni müdafiə eləmək nə dərəcədə doğrudur? Əgər o, belə məsləhət bilirsə, yəni gilası 9 manata almağa məcbursunuzsa, bəlkə azca fikirləşəsiniz? Onun məsləhətindən qırağa çıxırsınız. Rəhmətlik Camal Əli demişkən, təhqir 80 manat pensiyadır ey...
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ