İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovçubərədə pedaqoqika

Rayonlardan birində məktəb direktoru ilə müəllimin davasının videosuna baxdım. Hələlik sözlü dava edirlər. Ümid edirəm yaxın gələcəkdə dava balta, bıçaq, qılınc, xəncər, qlobus, sirkul, sulfat turşusu, elektrik enerjisi kimi əyani tədris vasitələrinin tətbiqi ilə baş tutmayacaqdır. Prinsipcə, sözlü davalar müsbət şeydir. Elm diskussiyadan doğulur. Hərçənd baxdığımız videoda direktorun müəllimə “Ayə qeyrətin olsun”, müəllimin isə direktora üz tutaraq “Sən öl nevroz adamam, yırtaram səni” deməsi pedaqoji elmimizə yaraşan hal deyildir və qan axması ehtimalı gündən-günə artır. Putin də təxminən belə başlamışdı.

Ancaq biz məktəblərimizdə bu cür gərginliyin yaranmasını təkcə qarşıdan sürətlə, çaparaq-qoparaq gələn 8 mart Beynəlxalq Müəllimələrə Hədiyyə Günü ilə əlaqələndirə bilmərik. Məlum videoda dalaşanların hər ikisi, maraqlıdır, erkək cinsindən idi, yalnız videonu qadın müəllim(ə) çəkmişdi. Bunun özü məktəblərimiz üçün nadir hallardan biridir, çünki hazırda müəllim heyətinin yalan olmasın, 90 faizi arvad xeylaqlarından ibarətdir. Hər məktəbdə yalnız bir-iki damazlıq kişi müəllim tapmaq olar, onlar da əsasən direktor, bədən tərbiyəsi müəllimi, hərbi hazırlıq rəhbəri, qarovulçu, hasardan aşıb dərsdən qaçan yuxarı sinif şagirdlərini tutmaq üçün xüsusi səlahiyyətli nümayəndə və sairə bu kimi mənasız vəzifələri daşıyırlar. Məktəbin əsas yükü, pedaqoqikamızın ağırlığı, tərbiyə işləri üzrə zavuçluq, ana dili və riyaziyyatdan uşaq hazırlaşdırmaq, qızların sumkasını yoxlayıb qanunsuz ətir və daraqları müsadirə eləmək zənən müəllim(ə)lərin zərif çiyinləri üzərindədir.

Bəs problem nə ilə bağlıdır? Əgər qabaqkı vaxtlar olsa mən qısaca yazardım ki, məftillə. Ancaq indi, ölkəmizin dinc quruculuq və media islahatlarına girdiyi dönəmdə bu cür asanlıqla aradan çıxa bilmərəm. Elmi, müasir dövrlə ayaqlaşan, hətta deyərdim müasir dövrlə qucaqlaşan cavablar tapmalıyam.

Bu cavabın birincisi kəndin adı ilə bağlıdır. Bəli. Səhv oxumadınız. Həmin dava düşən kəndin adı Ovçubərə idi. Kəndin adını belə qoymusansa, orda direktor bərədə müəllimi ovlamağa məhkumdur. Mahnıda deyilən kimi, aman ovçu, vurma məni, mən burda müəllim işləyirəm.

Sovet hökuməti qədimdə belə şeylərə dərindən diqqət yetirirdi. Gedirdin kəndə, görürdün kolxozun adı belədir: Yeni Şəfəq. Yaxud İşıqlı yol. Nə bilim, Qaqarinin gülüşü. Nəticədə kəndin məktəbində heç kim direktorun videosunu çəkib yaymırdı. Biz gərək keçmişin müsbət şeylərini götürək. Hazırda əsasən Avropanın müsbət şeylərini götürürük. Bu da lazımlıdır.

İkincisi, gərək müəllimlərə pis nümunələr verməyəsən. Naxçıvanda Vasif müəllimin vaxtında göydə quş uça bilmirdi. Sonra nə baş verdi? Təzə məktəb direktoru qoymuşdular, müəllimlər ona etiraz elədilər! Təsəvvür elə. Müəllim hara, rəhbərliyə etiraz hara... Lakin elədilər. Dərsi-zadı dayandırmışdılar. Yerli təhsil naziri məcbur oldu bunların tələbini yerinə yetirsin, təzə direktoru ləğv etsin.

Mən bunun mənfi elmi nəticələr doğuracağını dərhal anlamışdım, ola bilər lap qəzetdə də yazmışdım. Buyurun, 4-5 gün qabaq oxşar hadisə Zaqatalada təkrarlandı. Müəllimlər məktəbə göndərilən yeni direktora etiraz etdilər. Dərsi dayandırıb koridorda piket düzəltdilər. Qanım qaraldığı üçün axıra qədər izləyə bilmədim, ancaq bu iş qar uçqunu kimi bir şeydir, bir tələbi yerinə yetirsən ardı gələcək.

Sabah bu insanlar hətta seçkilərdə bülleten qırağı kəsməkdən, ultrabənövşəyi mürəkkəb vurmaqdan imtina etsələr, axırımız necə olacaqdır? Demokratiya anarxiya demək deyildir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024