İnsanlara hürriyət, millətlərə istiqlal!

Orijinal ssenari

Milli Məclis Avropa Parlamentini qınayan bəyanat vermişdir, çünki bundan da qabaq Avropa Parlamenti bizim hökuməti sərt tənqid edibdir. Onlar deyir Azərbaycanda insan hüquqları pozulur, bunlar deyir qələt eləyirsiniz. Kim haqlıdır? Kimin pulu çoxdursa o.

Ümumiyyətlə, mən siyasətə qarışmıram. Yenə bunlar yeyib doyublar, indiki bahaçılıq şəraitində isə yeyib doymaq hər oğulun işi deyildir. Məsələn, dünən marketdə pomidorun kilosunu 8 manata satırdılar. Elə bil göyçə alçadır.

Üstəlik, fikirləşəndə görürsən ki, əgər Bakıdan məsələlərə baxırsansa, Avropa haqsız görünür. Bunu vaxtilə Puşkin də deyibdir. Deyir gəl Rusiyanın içində çar hökumətini nə qədər istəyirsən tənqid eləyək, lakin qırağa çıxanda mən öz hökumətimi heç kimin ayağına vermərəm. Nəticədə yazıq Puşkini Dantes vurub öldürdü. Deməli, vətənpərvərlik sağlamlıq üçün əslində zərərli xasiyyətdir.

Azərbaycanda insan hüquqları isə qətiyyən, hətta qətiyyətlə pozulmur, bunu biləsiniz. Təzəlikcə bir qanun çıxdı, jurnalistlərin fəaliyyətinə mane olanlar 600 manat cərimə ediləcəkdir. Vəssalam, bundan sonra bizim qabağımızda kim durar? Nə istəsək, necə istəsək yazacağıq.

Məsələn, mən oxuculara söz verirəm, bundan sonra hər ay, hər ay da olmasa kvartalda minimum bir-iki dəfə ABŞ prezidenti Baydenin fəaliyyətini tənqid edəcəyəm. Ağ eləyiblər. Nə qədər dözmək olar? Makron heç, onu ta ayaqaltı eləmişik, pensiyaya da çıxa bilməyəcək belə getsə.

İnsan haqları pozulursa, niyə bizdə bütün idarələrdə ictimaiyətlə əlaqələr, mətbuat xidməti idarələri vardır? Bunlar hamısı xalqa məlumat vermək üçündür. Yalnız Şuşa Rayon İcra Hakimiyyətinə hələlik mətbuat katibi qoymamışıq, ona görə jurnalistlərin suallarına cavab vermirlər. Hər işin mətbuat katibi olmalıdır. Qul bazarına gedirsən fəhlə tutmağa, onlar da artıq birbaşa özü adamla danışmır. Deyir mətbuat katibimlə əlaqə saxla, görək suvağın kvadratını neçəyə vururuq.

Vurmaq demişkən, bəzən siyasi məhbuslardan dəm vururlar, o da son illərin təcrübəsi göstərir ki, qərəzli iraddır. Bizdə siyasi məhbuslar yoxdur. Uzağı tərbiyəsiz məhbuslar var. Hökumət kimi tutursa, onun əxlaqsız olması haqda videolar da tapılır. Əxlaqı yaxşı olsa, türməyə düşməz. Düzdür, bizim milli mentalitetə görə yaxşı oğlanın yolu mütləq qazamatdan keçməlidir, ancaq bunu dəqiqləşdirmək lazımdır: adam tərbiyəsiz olub türməyə düşür, yoxsa türməyə düşəndən sonra tərbiyəsi pozulur?

Mürəkkəb məsələlərdir. Lakin həlli mümkündür. Əsas odur iqtisadiyyat güclü olsun. Qalanı düzələcək. Nikbin olmalıyıq. Odur, artıq novruzgülülər açılıbdır. Keçəl başını yağlayır, Kosa saqqalını tumarlayır. Hamı hazırlaşır. Heç gəlin görək o qərəzli Avropada Novruz bayramı varmı? Yoxdur. Manqalı da bizim qazla yandırırlar, tonqala isə gücləri çatmır.

Bayaq vətənpərvərlikdən yazdım, bu sahədə böyük işlər görülür. Torpaqlarımız işğaldan azad ediləndən sonra ora tarixçi, arxeoloq alimlərin ekspedisiyaları təşkil olundu. İndi həmin tarixçilərin bir qrupunu tutublar, istintaq deyir alimlər araşdırma adıyla külli miqdarda dövlət pulunu yeyiblər. Necə yeməsinlər? Var ki, yeyirlər da bə! Olmasa yeməzdilər. Yoxun üzü qara olsun. Yoxa lənət. Bu mövzuda ata sözü də var: “Yedin - dadındır, verdin - adındır, qaldı - yadındır”.

Dünən isə Qarabağ mövzusunda kinonun yeyintiyə uğradığı şaiyələri yayılmışdır. 3 ildir şərti adı “Qarabağın azad edilməsi” olan bu milli, davalı kinonun söhbəti gedir. Bədbəxt ermənilər davanı uduzmaqlarına baxmayaraq, bu temada artıq neçə kino çəkiblər, beynəlxalq arenaya itələyiblər, biz isə qalib gəlmişik, ancaq bunun kinosunu çəkə bilmirik. Rejissorlarımız pulları basmarlayır, aktyorlar acından ölür, işıqçılar özünü yandırır, montajçılar da qazi olur.

Deyəsən əhvalatın orijinalı da elə belə olmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024