İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsadirə edilmiş halallıq

Ədalət növbəti dəfə zəfər çaldı, keçmiş MTN generallarından Sübahir müəllimin müsadirə olunan əmlakı geri qaytarıldı. Bu haqda Ali Məhkəmə qərar vermişdir. Deyir generalın 2 mənzili və Masallı rayonundakı yanacaqdoldurma məntəqəsi tamamilə halal yolla əldə edilmişdir, bunlar 2015-ci ildə səhvən onun ailəsinin əlindən alınmışdır.

Pis zamanlar idi. Yaxşı xatırlayırıq. Əgər yaxşı zamanlar olsa pis xatırlayardıq, çünki insan unutqan varlıqdır. AXC-Müsavat cütlüyü at çapırdı və həmin qara ildə qara hakimlər generala 14 il həbs cəzası da kəsmişdilər. Halbuki, Sübahir müəllim balaca adam deyildi, MTN Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi işləmişdi.

Hələ sən idarənin adına diqqət elə. MTNTMCMBİ. Bunu eşidən bütün cinayətkarlar beynəlxalq aləmdə tük salırdılar. Sanki xarici mafiyaları BMP-nin, BTR-in, BRDM-in qabağına qatıb qovurdun. Koza Nostranın 40 il gizlənən, sifətini Semaşkoda əməliyyatla dəyişdirən başçısı Mikayıl Koroğluzadə Sübahir müəllimin adını eşidəndə ağzı əyilmişdi, ifşa olunmuşdu.

İnterpolun baş ofisində bütün kabinetlərdə ortadan Sübahir müəllimin xalça fonunda portreti asılmışdı. Bəs niyə ortadan? Başdan asmağa qanacaqları çatmırdımı? Əlbəttə, çatırdı. Sadəcə, başdan Eldar Mahmudovun şəkli vurulurdu. Bu, o çağlar beynəlxalq etiket qaydasıydı.

Lakin Sübahir müəllimin həbsi uzun çəkmədi, ədalət, yuxarıda yazdığım kimi, zəfər çaldı, 2020-ci ildə şanlı generalımız əfv fərmanıyla azadlığa buraxıldı. Qalırdı onun evləri və yanacaqdoldurma məntəqəsi. Şükür. Bunlar da azadlığa çıxdı, Ali Məhkəmədə qanacaqdoldurma prosesi müsbət yekunlaşdı.

Yeri gəlmişkən, mən bayaq xalça söhbəti elədim, bu isə əsassız deyil. Əgər siz bizim MTN generallarının portretlərini internetdə arasanız, qabağınıza çoxlu xalı-xalça, palaz-kilim şəkilləri çıxacaqdır. Sübahir müəllimin general formasında portret-xalçası, istintaq idarəsinin rəisi, general Mövlam Şıxəliyevin üstünə kilim sərilmiş yazı masası, sabiq nazir Eldar Mahmudovun palaza bürünüb elnən sürünməsinin fotoxronikası və sairə - bunlar isti şəkildə yadıma düşənlərdən qısa icmaldır. Bu da bizim generalların xalqa, onun mədəni irsinə, soykökünə, qədim sənətkarlıq nümunələrinə hörmət və ehtiramının, necə deyərlər, bariz nümunəsidir. Yoxsa harda yazı masasına palaz sərirlər? Bunun üçün mədəniyyət lazımdır. Nahaq yerə deyildir ki, o zamanlar MTN-in abbreviaturasının bir açması da Mədəniyyətin Təşəkkülü Nazirliyi idi.

Generalın rayondakı yanacaqdoldurma məntəqəsinin geri qaytarılması regionların inkişaf planına müsbət təsirini mütləq göstərəcəkdir. Məndə olan dəqiq, qərəzsiz, vicdanlı məlumata görə Masallıda ən təmiz benzin o stansiyada olurmuş. İranla sərhəd bölgəmizdə milli təhlükəsizliyin qorunması üçün təmiz benzin olduqca vacibdir. Bunu ekspertlər də təsdiqləyə bilərlər, əgər istəsələr. İstəməsələr də cəhənnəmə istəsinlər.

Ancaq bir qurd beynimi gəmirir, onu mütləq açığa çıxartmalıyam. Söhbət ondan gedir ki, azı 8 ildir həmin yanacaq istasyonuna Sübahir müəllimin ailəsi baxmırdı. Bəlkə bu müddətdə orda benzinə su qatıblar? Şlanqları, çənləri murdarlayıblar? Ali Məhkəmə qərarında bunlara münasibət bildirmədiyi üçün məsələ açıq qalır.

Bizi gələcəkdə hələ bəzi bu tip məhkəmə qərarları gözləyir, o üzdən, yaxşı olar presedent yaradılsın, məhkəmə müsadirə edilmiş əmlakların geri qaytarılarkən saflaşdırılması üçün hansısa prosedurlar müəyyən etsin. Yoxsa MTN generalının yaşadığı mənzili hansısa yoluq fəhləyə verirsən, o da interyeri kor qoyur, milli dəyərlərimizə kölgə salır... Ola bilsin şeyxi, ya da Hacı Şahini çağırmaq olar, gəlib evlərə halal sertifikatı versinlər. General evi kolbasa qədər yoxdurmu? 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024