Onlayn ictimai-siyasi qəzet
Tağı müəllim Bakı metrosunu qazanda yerin altından bahalı yaqut daşı tapmışdı. İndi Daxili İşlər Nazirliyi həmin daşı hərraca qoyub, satıb pulunu Tağı müəllimə verəcəklər.
Oxucular dərhal anladılar, burada nəsə əcaib durum yaranmışdır. Daş Tağı müəllimindirsə, niyə hüquq-mühafizə orqanı satışa çıxarır? Gəlin sizə izah edim, maraqlı əhvalatdır.
Bir neçə il qabaq iki nəfər dələduz - özü də bunlar hansısa elmi qurumda çalışırdılar, hətta bəlkə akademiyanın üzvü imişlər - Tağı müəllimin maaşını 40 il xərcləməyib çoxlu pul topladığını, indi həmin pulu sələmə buraxdığını öyrənmişdilər. Yeri gəlmişkən, Tağı müəllim həm də 40 il YAP Yasamal təşkilatının da sədri olmuşdur, hazırda YAP-ın 30 illiyidir, bu münasibətlə Tağı müəllimi təbrik edirəm.
Xülasə, dələduzlar gəlib kişinin yanına, deyiblər bizdə fısqırıq bir yaqut daşı var, dünyada bunun analoqu yoxdur, onu səndə girov qoyaq, bizə 2 milyon dollar sələmə pul ver. Əslində Tağı müəllimin bank-maliyyə təşkilatı rolunu öz üzərinə götürməsi yaxşı haldır, ölkəmizin qeyri-neft sektorunu çiçəkləndirmişdir.
Bəli, nağıl dili yüyrək olar, dələduzlar daşı verib, pulu alıb, mürəxxəs olmuşlar. Bu məqamda mən Andersenin nağılını xatırladım, bəlkə başqaları Tağı müəllimə görünməyən libas da satmışdır. Sadə qəlbli, saf, körpə təbəssümlü insandır, nə etsin, hamıya inanır, bir az da Buratinoya oxşayır. Lakin sələmin faizlərini qaytarmaq məqamı yetişəndə dələduzlar özlərini gic yerinə qoyublar. Tağı müəllim daşı satmaq istəyib, bu zaman da daşın saxta olduğu ortaya çıxıb. Sonra dələduzları tutdular, hərəsinə 7-8 il verdilər, yaddaşım məni aldatmırsa. Aldatsa da nə olacaq, o qədər dərdimiz-sərimiz var, guya Metro Tağının aldadılması çox vacibdir.
İndi xəbər lentində “Yaşıl rəngli, filan karatda yaqut daşı satışa çıxarılıb, pulu Tağı müəllimə dəyən ziyanın əvəzində veriləcək” söhbətini oxuyanda düşündüm ki, görəsən, bu daş həmin daşdırsa, o vaxt saxta çıxmışdısa, bəs niyə birdən düzəldi, düzgün oldu? Olmaya əlaqədar orqanlar da kimisə qazlamaq istəyir?
Elə daşın yaşıl olmağı mövzusu nəyə desən dəyər. Çünki əsl yaqut qırmızı rəngdə olur. Bunun elmi dildə adı olan “rubin” sözü də qədim latınca “qırmızı” deməkdir. Bəs bu yaşıl yaqut haradan çıxıb? Əsl möcüzədir. Prinsipcə, indi bazarda qara pomidor, ağ badımcan, yazısız qəzet, xəbərsiz televiziya, təhsilsiz məktəb, dərmansız xəstəxana satılırsa, niyə yaşıl yaqut da olmasın? İqtisadiyyatın gücündən çox şey asılıdır.
Bakının altına qayıtsaq, orada qiymətli daş-qaş çoxdur. Tək Tağı müəllim metro qazanda tapmayıb, belə qazanan vətəndaşlarımız “en” qədərdir. Su idarəsi qazır, qızıl tapır, telefon idarəsi qazır, platin çıxarır, icra hakimiyyəti o tərəfdən, yol idarəsi bu yandan... Hətta bələdiyyədə işləyən adam tanıyıram, Balaxanıda yeri qazanda köhnə neft quyusundan uran tapmışdı, aparıb İranda satdı, bəy kefində yaşayır. Maşallah, qazhaqazdır. Qaz, qazan. Bir növ, kasıblar üçün nəzərdə tutulan “poz, qazan” dövlət kampaniyasının varlılar üçün alternatividir. Təbii ki, oxucular mənim müdrik ağsaqqal olaraq hər məqamda ata sözü işlətdiyimdən xəbərdardır, bunun da səbəbi vaxtilə qazanda ata sözü yatağı tapmağımla əlaqədardır. O üzdən yazını ata sözü ilə bitirirəm: “Dəliyə yel ver, əlinə bel ver”.
Bəlkə də bu ata sözünün bizim mövzuya heç bir dəxli yox idi.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ