İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur polkovnik

Deyir məşhur polkovnik həbs olundu, istər-istəməz səndə belə fikir yaranır ki, görəsən bu yoldaşın məşhurluğu nədən ibarətdir. Buna oxşar hadisəylə dəfələrlə üzləşmişəm. Məsələn, yazda, ya da yayda idi, “tanınmış fermerin oğlunu” damlamışdılar, soraqlaşdım, məlum oldu bunu elə dələduz oğluna görə tanıyırlar. Yaxud, birdən “məşhur artistimiz” ölür. Lakin biz onun adını ilk dəfə elə öləndə eşidirik. Hətta bir dəfə yadıma gəlir, “Dünyanın ən tanınmış 100 alimindən biri olan azərbaycanlı” rəhmətə getmişdi, ancaq yasda molla duanın tapşırma bölümündə onun adını kimdən soruşurdusa, bilən yox idi.

Bizdə hələ də bəzi gülməli alimlər var, Nyu York Elmlər Akademiyasının üzvü olduğunu bioqrafiyasında reklam edir, halbuki o adı almağın qiyməti 120 dollardır. Hələ bu babatıdır, “Beynəlxalq Təbiət Elmləri və Yer-Göy Araşdırmalarının Biosferaya Təsirləri üzrə Biləcəri Dəmiryol Qovşağı Akademiyası” kimi adları olan, fırıldaqçı dələduzların açdığı diplom dükanları var, onların tədbirlərinə də qatılırlar.

Yaxşı yadıma düşdü, bir Zerkalnı Əliyar adlı sürücü də var, bunu xalqımız qayda pozuntuları, qəfil dönüb kiminsə qabağına maşın sürmək, qəza şəraiti yaratmaq tipli hərəkətlərindən tanıyırdı, təxəllüsü isə nömrəsinin nəsə güzgülü, yaddaqalan rəqəmdən olmasına görə idi. Lakin bu yaxınlarda yol polisi Əliyar müəllimin sürücülük vəsiqəsini aldı, dedi ta bəsdi, ağsaqqal adamsan, sənin tay-tuşlarının ağzına güzgü tuturlar bu saat. Beləcə, bir əfsanə yarıda qaldı. Zerkalnı Əliyar Zerkalo Klaradan sonra ictimai-siyasi sferamızda ad çıxaran ikinci güzgü idi, heyf, indi biz nədən yazacağıq? (Bir də “Zerkalo” qəzeti vardı, onu çoxdan bağlamışıq, qəzet oxumaq bizim nəyimizə lazımdır?)

Gərək millət öz güzgülərini sındırmasın. Sabir vaxtilə məşhur şeirində məhz Zerkalo Əliyarın ləğv edilən pravasını - hər şeyi öz adıyla yazmalıyıq - tərənnüm etmişdi:

“Niyə bəs böylə bərəldirsən, a QAİ, gözünü,

Yoxsa bu ayinədə Əliyar görürsən özünü?"

Belə hadisələr çoxdur, hamısını yazmağa məşhur qələm lazımdır. İnşallah, sizin sayənizdə məşhurlaşım, hamısını yazaram.

İndi də ortaya çıxdı ki, polkovnikimizin məşhurluğu elə dövlət büdcəsindən əkişdirdiyi pula görədir, yoxsa gedib hansısa təpəni alsın, dərədə qan töksün, nə bilim, ağzıyla dron tutsun - belə şeylər yoxdur.

Lakin əkişdirilən məbləğ polkovnikin məşhurluğu üçün hansısa maddi-mənəvi əsaslar yaratmır. Polkovnikin məşhurluğu oğurladığı pulla tərs-mütənasibdir, savadlı uşaqlar demişkən. Məni narahat edən məhz budur. Təsəvvür eləyin, zabitimiz rəhbərlik elədiyi maliyyə xidmətindən 9 milyon manat oğurlamaqda ittiham edilir.

Bu axı çox azdır! İndən belə biz hər 9 milyon yeyintiyə görə bir polkovnik tutsaq, axırda torpaqlarımızı qorumağa heç kəsdə maraq qalmayacaqdır. Məsələn, təzəlikcə bir MTN polkovnikini 20 milyon yeyinti üstündə cəzalandırdılar. Ötən ayın müvafiq dövrünə nisbətən azalma, reqress, tənəzzül göz qabağındadır.

Bu hələ harasıdır, xatırladıram ki, 2015-ci ildə biz “Beynəlxalq Bank”ın müdiri Cahangir Hacıyevi 9 milyard oğurlamaqda suçlamışdıq. Miqyasa bax. 9 ildə yeyintimiz 9 milyarddan 9 milyona düşmüşdür. Millət cırlaşır. Gəlin genofondumuzu qoruyaq. Xırda oğurluqlar bizə yaraşmaz. Ad-sanımız var. Ayıbdır. Özün də polkovnik adamsan...

İndi söz əlaqədar təşkilatlarındır - yazın görüm siz bu gün nə qədər əkişdirə bildiniz?

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024