İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maşa”, “Medved” və... “narkoman” Zelenski


Rusiya XIN rəsmisi Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskini ələ salıb. Onu nəyə görəsə “narkoman” adlandırıb.

Bir xalqın azad seçkilər yolu ilə legitim prezidenti olan şəxsi təhqir eləmək sözsüz ki, elə o xalqı təhqir eləmək deməkdir. Ukrayna toplumu isə hələ ki, Zelenskidən üz döndərib eləməyib. Hər halda, müharibə ikinci ilə keçsə də, milyonlarla ukraynalı öz yurdundan köçkün düşsə də, xaxolların öz rəhbərinə nə inamı azalıb, nə də etimadı sarsılıb. Əksinə, rəy sorğuları göstərir ki, ukraynalılar arasında sülh danışıqlarının tərəfdarları artsa da, onların əksəriyyəti danışıqlarda işğalçı qoşunların ölkədən tam çıxarılması şərtini birinci yerdə qoyur.

Qayıdaq Zaxarovanın çərənləməsinə.

Həmin bu Maşa bir neçə gün öncə Azərbaycan-Ermənistan sülh prosesində Qərbin təşəbbüskarlığını “ədəbsizlik” (“qabalıq”) adlandırmışdı. Yəqin Ukrayna şəhərlərini yerlə-yeksan, dinc əhalisini isə qətliam eləmək “ədəb” göstəricisi sayılır Zaxarovanın nəzərincə.

Söyüş əlbəttə ki, mənən kasad adamların silahıdır. Bu leksikondan sabiq prezident, Putinin yaxın dostu və simsarı, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev də gen-bol istifadə edir. Hər iki gündən bir dünyanı nüvə silahı ilə hədələyən, “Rusiya olmayacaqsa, qoy dünya da olmasın!” deyən Medvedyev çoxsaylı velikorus və xəstə məfkurəsinin daşıyıcılarından biridir. Belə birisi 4 il o boyda dövlətin başında durub (2008-2012). Şoka düşürsən...

Ancaq Zelenski siyasi səriştəsi nə qədər az olsa da, heç şübhəsiz, mənəviyyatca bunlardan daha zəngindir.

Məsələ ondadır ki, Rusiyanın işi Ukraynada yaxşı getmir. Guya 3-4 günə, uzağı, bir həftəyə Ukraynanı ram edəcəkdi dünyanın “ikinci ordusu”. Amma ikinci ildir Ukrayna bataqlığından çıxa bilmir. Qatı cinayətkar-dustaqların, qatillərin, bandit “Vaqner”çilərin, terrorçu İranın ümidinə qalıb. Ona görə təhqirə güc veriblər.

“Maşa”, “Medved” təbii ki, söyüş, təhqir marafonunda tək deyillər. Nə yazıq ki, bu təfəkkürdə və ağılda olan adamlar Rusiyada söz sahibidirlər. Belə bir durum isə aşağı-yuxarı bizə, Azərbaycana da yaxşı heç nə vəd eləmir...

Sirr deyil ki, Bakı-İrəvan barışığına və sülh sazişinə ən böyük əngəl məhz ruslardır, Rusiyadır. Bir də İran. Təsadüfi deyil ki, son vaxtlar bu iki ölkə Qarabağda Azərbaycana qarşı ortaq təxribat planlarında yer almaqdadır. Ən böyük pisliyi də biz məhz bu iki qonşudan gözləməliyik. Çünki hər ikisi əxlaqsız dövlətdir.

Baxın, 45 ildir islami dəyərləri əlində bayraq edən İran anri-islam rejimi Allah evlərini dağıdan, məscidlərimizdə donuz saxlayan, müsəlman (şiə) azərbaycanlıları etnik təmizləməyə, soyqırımına məruz qoyan terrorçu Ermənistanla 35 ildir “ət-dırnaq” kimidir, dost-qardaşdır, ermənilərə hər cür dəstək verir. Hətta özü yemir, amma onları yedizdirir - Azərbaycana qarşı. Hərbi dəstək də öz yerində.

44 günlük müharibədən sonra isə İran hərbçilərimizi qətl eləmək üçün Ermənistana, Qarabağa üstəlik dronlar, raketlər, diversantlar, müşahidə kameraları, daha nələr göndərmir. Araz boyu azad edilmiş sərhədlərimizdə hərbi təlimlər keçirib Azərbaycanı hədələyir. Bütün beynəlxalq normalara və götürdüyü öhdəliklərə tüpürərək, Tehrandakı səfirliyimizə terror hücumu təşkil edir, Təbrizdə Ermənistanın konsulluğunu açmaq istəyir. Bir ovuc erməniyə İranda öz dilində təhsil almaq üçün hər cür şərait yaratdığı halda, 40 milyonluq soydaşımızın elementar mədəni haqlarını allahsızcasına danır, tapdalayır. Məlumatlara görə, indi də Qarabağı “ikinci Suriya”ya çevirmək planları qurmağa girişib...

Həmçinin Rusiya. Özü xalqlar həbsxanası ola-ola (!) Azərbaycanda (Qarabağda), Gürcüstanda, Moldovada, Ukraynada separatçılığı körükləyir, himayə edir, həmin ölkələrdə xalqların öz müqəddəratını təyin etmə haqqından dəm vurur, amma öz sərhədləri daxilində müstəqillik istəyən aborigen xalqların (çeçenlər, tatarlar, başqırdlar) başlarını qaldırmağa imkan vermir, onların öz müqəddəratını təyinetmə cədhlərinə amansızcasına cavab verir, azadlıqsevər xalqları qan gölündə boğur.

Adama deyirlər: Donbasda, Krımda gəlmə rusların öz müqəddəratını təyin eləməsi yaxşıdır, köklü xalqlar olan çeçenlər, tatarlar bunu edəndə pis? Axı dəyənəyin iki tərəfi var!..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024