İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu Təhlükəsizlik Şurasına çıxsa nə edəcəyik?

Ermənistan və onun (“tək dişi qalmış canavar”) havadarı Batıdakı bəzi güclər Qarabağdakı erməni əhalinin guya “blokada”da saxlanması məsələsini beynəlxalq platformalara, eləcə də, BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışır. Bu yöndə çalışmalar görünür, bilinir mövzudur. Amma erməni havadarlarının bu məqamda qulağı kar, gözü kor qaldığı bir vacib mövzu var: Naxçıvanın blokadası və Zəngəzur yolu! Bax, bunu guya duymaz, guya görməzlər. Neynək, duymazlar - duydurarıq, görməzlər göstərərik!

30 il işğal altında tutduqları torpaqların əldən çıxması, hələ-hələ 100 ildən artıq bir müddətdə taybatay açıq olmuş Laçın yolunun qanuni düzənə girməsi dünya erməniliyini (və havadarlarını) sarsıdıb, təbii.

Ermənilərin (havadarlarının) BMT, Avropa Birliyi (AB) və digər platformalar üzərindən bizə qarşı hoqqa çıxarmaları birinci dəfə deyil amma son dəfə olacaqmı? - bilmirik. Gələcəyin aydınlıq olması üçün tək yolumuz var: çox güclü olmalıyıq! Çox güclü olmaq beynəlxalq hüquq normalarının heçə sayılması, aşırı ikilistandartlar uyqulanması, haqqın (haqlının) haqsızlığa yenik düşürülməsi əyləmlərinə qarşı hazırlıqsız yaxalanmamaq və çirkin oyunları poza bilməkdir. Əgər dövlət-xalq birliyimiz sarsılmazsa, düşmən dəyirmanına su tökənlərimiz yoxsa, dost-qardaşlarımızla sıx birlik içindəyiksə və siyasi iradəmiz, diplomatiyamız Dəmir Yumruq siqlətinə uyğunsa, gərginlik yoxdur. Bizim işimiz haqq işidir, biz hərbi qələbəmizi diplomatik qələbələrlə də taclandıracağıq inşallah!

“Qorxma sönməz bu şəfəqlərdə süzən al sancaq,

Sönmədən yurdumun üstündə tütən ən son ocaq”!

Qardaş ölkənin istiqlal şairini (Mehmet Akif Ərsoyu) artıq ikinci dəfədir anmış olduq. Ruhuna alqış!

Şübhə yoxdur ki, Azərbaycana qarşı artan basqılar həm də qardaş Türkiyəyə (ümumən Türk dünyasına) qarşı basqı dəyərindədir. Qara qitədə qara günlərə qalan, dənizaşırı koloniyalarında

gərgin günlər gözləyən Fransa, (Türkiyənin, türk burliyinin günbəgün güclənməsini həzm edə bilməyən digər dövlətlər) cavab həmlələrinə aludədir.

Biz o yaman olayı yaxşı xatırlayırıq: Laçın yolu məsələsi ilə bağlı Təhlükəsizlik Şurasında (TŞ) sənəd qəbuluna ilk cəhd 2022-ci ilin dekabrında Fransanın təşəbbüsü ilə başlamışdı. Laçın-Xankəndi yolunda bizim eko-fəalların unudulmaz aksiyası ilə bağlı TŞ-nin fövqəladə iclası çağırılsa da, Şura üzvləri arasında konsensus olmadığından, Fransanın irəli sürdüyü Bəyanat layihəsi razılaşdırıla bilməmişdi. - Makron Fransası o vaxt siyasi-diplomatik zərbə almış oldu. Belə zərbələr ilk deyildi, inşallah son da olmaz!
Bəli, Laçın yolu mövzusunun yenidən TŞ-də qaldırılması cəhdi gerçək müstəvi qazanarsa, bu, yalnızca siyasi-hüquqi deyil, mənəvi-əxlaqi baxımdan da çox yersiz olacaq. Nə üçün? - Deyim: Azərbaycan Respublikadı erməni əhalinin yaşadığı əraziyə gedən yolu bağlamayıb - bu, birincisi. İkincisi, məsələnin TŞ-də qaldırılması dövlətlərin, millətlərin (beynəlxalq aləmin) güvənməli olduğu TŞ formatından konkret sui-istifadə olardı. Üçüncüsü, BMT TŞ-dən yararlanaraq, yalan dolu anlatılar (nağıllar) əsasında iş aparmaq beynəlxalq hüquq normaları və BMT-nin (hamı tərəfindən qəbul edilmiş) Nizamnaməsinin kobud şəkildə pozulması olacaq. Yeri gəlmişkən, belə tribunalardan olan anlatılar və ya siyasi qılaflı nağıllar (hekayətlər) beynəlxalq aləmdə daha çox
“narrativlər” termini ilə ifadə olunur. Bildiyim qədər, fransızca bir sözdür. Həmçinin narratologiya (narratologie) nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyyə, “bütövlükdə hekayəni öyrənən elmi intizam” şəklində ifadə olunur. Narratologiya - müxtəlif rəvayətlərin ümumi özəlliklərini üzə çıxarmaq, onlar arasındakı fərqləri bəlli etmək, rəvayətlərin yaranma və inkişaf qanunauyğunluqlarını sistemləşdirmək vəzifəsini qarşısına qoyub. - Deməm o ki, fransız diplomatları hansı nağılların, uydurmaların peşində olduqlarını elmi dərinliyi ilə də bilməmiş deyil. Digərləri də bilir nə yalanlar üzərindən Bəyanata, qətnaməyə can atdıqlarını. Və bilə-bilə bizim haqsızlıq önündə susmağımızı, geri çəkilməyimizi istəyirlər. Olmayıb, olmur və olmayacaq!

Olsun ki, Lütfizafənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə yanaşmalarımızı Aristotel məntiqi ilə qarışdırıb, yanlış anlamışlar vardır. Onlar da, gec-tez anlayacaqlar: Azərbaycanla, Azərbaycanın qardaşları ilə sayğısız davranmaq olmaz! Qaçınılmaz Yeni Dünya Quruculuğu prosesini, bölgə, Avrasiya bə Dünya arxitektural dəyişikliklərini anlayanlar bizimlə doğru-dürüst davranmaq zorundadır.

Beləliklə, Azərbaycan Respublikasının sınırda keçid məntəqəsi qurması öz suveren hüquqlarından yararlanmasından başqa bir şey deyil. Üstəlik, o sınır şərti sınırdır - Etmənistan bizim sınırları 30 il boyunca haralarda təsəvvür edirdi, indi haralardan keçmiş sayır? Bəs bizim sayımımız, hökmümüz və sözümüz? - Sınır birtərəfli bəlirlənə bilərsə, bizim öz bildiklərimiz var. Yox, ikili anlaşma olmalıdırsa, gəl tarixə, hüquqa, ədalətə və sahədə (44 günlük savaşdan sonra yaranmış) gerçəkliklərə uyğun danışalım, davranalım. Keçmişə getsək - Ermənistan uduzacaq; bu günkü gerçəklikləri qəbul etsə, biz uduzmayacağıq; heç birini qəbul etməsə, bizim öz bildiyimiz gələcəyi onlara qəbul etdirmə haqqımız doğacaqdır.

Bəli, Ermənistanın 2020-ci ilin 10 noyabr (Azərbaycan-Ermənistan-Rusiya) Üçtərəfli Bəyanatına zidd olaraq, Laçın yolu ilə Azərbaycan ərazilərinə silah-sursat daşıması, bu əraziləri minalaması, Qarabağdakı 10 mindən artıq erməni hərbi qulluqçusunun rotasiyasını həyata keçirməsi, istehkamlar qurması, qaçaqmalçılıq və s. etməsi faktdır. - Ortada, peyk çəkilişləri var, video, fotolar, səs yazıları, şahid ifadələri və s. var.

Azərbaycanın haqlı tələblərinə baxmayaraq, son 2 il içində Ermənistan silahlı qüvvələrinə aid hərbi yük maşınları Laçın-Xankəndi yolu ilə (qanunsuz, qeyri-humanitar) daşımalar həyata keçirib. İşğaldan azad olunmuş ərazilərimizdə üzə çıxarılmış minaların 2021-ci ildə Ermənistanda istehsal edildiyi bəlli olub. Azərbaycanın neçə mülki şəxsi, hərbçisi 10 noyabr 2020-ci ildən sonra istehsal olunmuş (və bizim ərazilərdə basdırılmış) minalar üzündən həyatını itirib.
(Bu barədə Türkiyə-Rusiya Birgə Monitorinq Qrupu da, yerli və beynəlxalq ictimaiyyət də bilgiləndirilib).
Bəs özünə sayğı duyan bir ölkə bütün bu olanlar qarşısında nə etməliydi? - Qanunsuzluqların, müdaxilələrin qarşısını almalıydı ya yox? Əlbəttə, almalıydı. - Azərbaycan da məhz bunu edib.

Hələ bir diqqət edin:

O necə yol bağlamaqdır ki, açıldığı gündən həmin Laçın məntəqəsi vasitəsilə 2 mindən çox erməni əsilli şəxs Qarabağdan Ermənistana və geriyə səfər edib? Üstəlik, o “bağlı” yoldan Beynəlxalq Qırmızı Xaş Komitəsinin nəqliyyat vasitələrinin keçidi təmin edilib.

Ermənistanı rahatsız edən nədir? - Yenə mina daşısın, qaçaqmalçılıq eləsin, hərbi qulluqçularının bizim ərazidə rotasiyasını sətbəst həyata keçirsin, eləmi? Çı! Daha ol-ma-ya-caq! Olmayacaq daha!

Zatən, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Laçın məntəqəsinin yığışdırılması ilə bağlı iddiası təmin edilməyib. Barı heç olmasa bu fakt İrəvanda idraka təsir etməliydi… Etməyib.

Bəs nə edib? Qarabağın erməni sakinlərini bu yoldan istifadədən çəkindirməyə çalışıblar. Bunu da bacarmayınca, iyunun 15-də Laçın sınır-keçid məntəqəsinə

silahlı hücuma əl atılıb, Azərbaycan hərbçisi yaralanıb. İşə baxın:

Ermənistanın təxribatçı əməllərinin qarşılığında Azərbaycan yenə də konstruktivlik nümayiş etdirərək, humanitar daşımalar üçün alternativ yol - Ağdam-Xankəndi yolunu təklif edib. Bu təklif iyulun 15-də Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və AB Şurası Prezidentinin Brüssel görüşündə AB rəsmiləri tərəfindən dəstək qazanıb.
Buna baxmayaraq, Ermənistan belə bir nəcib təşəbbüsün qarşısını hər vəchlə almağa çalışıb; rəsmi İrəvanın təhriki ilə ermənilər Ağdam-Xankəndi yolunda beton maneələr quraşdırıb. İndi, yol bağlayan bizmi oluruq, yoxsa, ermənilərmi?.. - Biz sınır-keçid məntəqəsi qurmuşduq, beton maneələr yaratmamışdıq. O yolların hamısını biz çəkmişik, biz! Ermənilərsə işğal dönəmində də dağıdıcılıqla uğraşıb, indi də qalxıb yol bağlayırlar. Guya Xankəndində humanitar böhran yaşanırmış. “Ac olan qılınca çarpar” deyib atalar, bunlarsa, yol bağlayır, şərt irəli sürür, demək, ac deyillər. - Bu qədər sadə! Bundan da sadəsi: Qafqaza köçəndən bizim torpaqlarda, bizim çörəklə dolanan tirələr, istəsələr, eyni şəfqəti yenə görər. Ancaq çörək verənin ayağı altına mina basdırıb, kürəyinə güllə sıxsalar, bu iş olmaz ki!..

Uzun sözün qısası, Laçın yolu məsələsini BMT TŞ-yə çıxarmaq cəhdləri nə bölgədə sabitliyə, əmin-amanlığa, nə sülhə, nə də reinteqrasiya sürəcinə müsbət təsir etməyəcək. Erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxışını ehtiva edən 4 qətnamə qəbul etmiş və bunları icra edə bilməmiş BMT TŞ-də hər hansı anti-Azərbaycan sənədinin qəbulu siyasi əxlaqsızlıq, mənəviyyatsızlıq olardı. İş yalnız mənəvi kateqoriyada qalmaz. - Azərbaycanın təşəbbüsü ilə başlanılmış barış sürəcində indiyədək qazanılmış bütün razılaşmalar sıfırlanar.
Batı ölkələri anti-Azətbaycan addımını atarsa, barış, normallaşma danışıqlarına dair ABŞ formatı və AB-nin vasitəçiliyələ başlamış sürəc dayandırılacaq. Fransa bölgədə nüfuzunu tamamilə itirdiyi kimi, ATƏT-in keçmiş Minsk qrupunun digər həmsədri ABŞ da bölgədəki mövqelərini öz əliylə zəiflətmiş olacaq. Azərbaycana qarşı bu təxribatda Rusiya iştirak etsə, onun vasitəçiliyi ilə aparılan danışıqlar da önəmini tam itirəcək. - Rusiyanın sülhməramsızları ərazimizdən daha erkən dəf olub getmə durumunda qalacaq.
Beləliklə, Azərbaycan Respublikası ümumiyyətlə Ermənistanla danışıqlar sürəcini artıq hər hansı vasitəçilərlə müzakirə etməyəcək! Bunumu istəyirlər? Buyursunlar.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Noyabr 2024

12 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

28 Oktyabr 2024

25 Oktyabr 2024

20 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

09 Oktyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

20 Sentyabr 2024

16 Sentyabr 2024

31 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

20 Avqust 2024

16 Avqust 2024

08 Avqust 2024

02 Avqust 2024

30 Iyul 2024

28 Iyul 2024

21 Iyul 2024

18 Iyul 2024

13 Iyul 2024

12 Iyul 2024

08 Iyul 2024

05 Iyul 2024

26 Iyun 2024