İnsanlara hürriyət, millətlərə istiqlal!

Qana bələnmiş yaddaş - Bakıda erməni dövləti?!

Siyasi tarixin dərinliklərinə enəndə nə görürük? - Bəşəriyyətin xronikası sadəcə savaşlar və anlaşmalardan ibarət olmayıb, həm də, uzun illər unudulmağa məhkum edilən insan faciələrinin səssiz çığırtıları ilə doludur. Azərbaycanlıların 31 Mart 1918-ci ildə baş verən soyqırımı, təkcə bir xalqın tarixi faciəsi deyil, həm də imperialist oyunların qurbanı olan bir millətin yaddaşında silinməz iz buraxan hadisədir. Bu, yalnız keçmişin yox, eləcə də bu günün və gələcəyin geosiyasi kodlarını açlqlayır.

Soyqırımının arxasında nə dayanırdı?

I Dünya müharibəsi - çökməkdə olan imperiyaların qanlı izlər buraxdığı bir geosiyasi teatr idi. Osmanlı İmperiyasının zəifləməsi, Çar Rusiyasının çöküşü və bolşevik inqilabının yaratdığı xaos Qafqazları bir boşluğa sürükləmişdi. Bu boşluqdan yararlanan erməni millətçi dairələri və Bakı Sovetinin bolşevik-daşnak ittifaqı Azərbaycan əhalisinə qarşı amansız soyqırımı siyasətinə başladı.

SOYQİR.jpg (33 KB)

1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik qüvvələri Bakıda və digər bölgələrdə 30 mindən çox azərbaycanlını qətlə yetirdi. Bu, sadəcə etnik qırğın olmayıb, strateji və ideoloji məqsədlər daşıyan planlı bir etnik təmizləmə idi. Şamaxı, Quba, Qarabağ və Zəngəzurda həyata keçirilən kütləvi qırğınlar təkcə insanları fiziki məhv etmədi, həm də Azərbaycan xalqının mədəni-mənəvi yaddaşına hücum kimi baş verdi. Bütün əməli çalışma sahələri ilə yanaşı, məscidlər, mədrəsələr, qəbristanlıqlar, tarixi abidələr, mədəni miras, milli yaddaş hədəfə alındı. Xalq, ölkə böyük bir barbarlıqla, vandallıqla üz-üzə qalmışdı…

Mifik “Böyük Ermənistan” və gerçəkliyin əks-sədası

Soyqırımı törədənlərin öz əməllərini tarixdə (avand olmasa) “haqq davası” kimi göstərməyə çalışması da təəccüblü deyil. - XIX yüzildən etibarən erməni ideoloqları tərəfindən irəli sürülən əsassız “Böyük Ermənistan” xülyası, tarixi saxtalaşdırma siyasətinin bir bölümünə çevrilib. Halbuki, tarix gerçək faktlarla yazılır və bu gerçəklik onu göstərir ki, 1918-ci ilin hadisələri yalnız Azərbaycanın deyil, bütün bölgənin etnik-siyasi mənzərəsini dəyişdirmək məqsədilə törədilən genişmiqyaslı bir soyqırımı aktı idi. Ermənilər üçün bir dövlət qondarmaq lazım idi - ağaları belə düşünürdü - əslində, bu, bir layihə idi.

Deməli, ermənilərin tarixdəki ilk dövlətini Tiflisi mərkəz alaraq qurmaq (bəlkə Stalin və digər gürcü bolşeviklər üzündən, başqa bir çox səbəbdən) alınmayınca, Bakı mərkəzli erməni dövləti qurmağa girişdilər. - Bəli, qırğınlar, Bakıda erməni dövləti qurmaq kimi çox çirkin bir məqsədlə törədilmişdi və ermənilərçün strateji anlam daşıyırdı.

O adıyaman layihə də alınmadığı üçün üçüncü variant işləmə alındı: ilk erməni dövləti İrəvan mərkəzli qurulası oldu. Tanrı qoymasa, A, B variantları baş tutmayınca, ermənilər C variantına razı oldu…

Yeri gəlmişkən, icrasının 100-cü ildönümündən başlayaraq, C variantı üzrə gerçəkləşmiş həmin o adıyaman layihənin “verimliliy”inin başa çatdığı barədə tutarlı iddialar vardır; sabah-birisigün, “layihə tamamən fəs edilmişdir” desələr, şaşırmayalım…

SOYQİ SON.jpg (103 KB)

1918-dən günümüzə: geosiyasi kontekstdə soyqırımın təsiri

Azərbaycan xalqı bu qanlı faciəni təkcə bir tarix səhifəsi kimi görmür, bu, milli kimliyimizin və geosiyasi gerçəkliyimizin önəmli bir parçasıdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərman məsələyə dövlət səviyyəsində tarixi-hüquqi qiymət vermək üçün atılan çox vacib addım oldu.

HEYDER YENİ.jpg (297 KB)

2007-ci ildə Qubada kütləvi məzarlığın aşkarlanması, beynəlxalq ekspertizaların orada üzə çıxardığı həqiqətlər 1918-ci ilin mart qırğınlarının miqyasını yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Azərbaycan diplomatiyası, bu gün xarici siyasət strategiyası çərçivəsində 31 Mart Soyqırımını təkcə hüquqi aspektdə deyil, həm də geosiyasi kontekstdə beynəlxalq müzakirələrə çıxarmaqdadır. Çünki soyqırımı, yalnız Azərbaycan tarixinin bir bölümü olmaqda qalmayıb, həm də Qafqazda etnik təmizləmə və geosiyasi manipulyasiyaların canlı sübutudur.

Tarixin dərsləri və gələcəyin çağırışı

1918-ci ilin mart-aprel faciəsi, yalnız bir xalqın yox, bütöv bir bölgənin tarixi travmasıdır. Unudulan tarix, təkrarlanmağa məhkumdur – bu gerçəklikdən çıxış edərək, Azərbaycan dövləti və xalqı, tarixinin bu qaranlıq səhifəsini dünya ictimaiyyətinə çatdırmaq üçün çalışmaqda haqlıdır.

Tarix sadəcə keçmişin toplusu deyil, o, gələcək üçün də bir yol xəritəsidir.

5 il öncə tarixi Zəfərə imza atan qalib Azərbaycanın güclənən mövqeyi, beynəlxalq səviyyədə artan nüfuzu 31 Mart Soyqırımının gerçək mahiyyətinin dünya səhnəsində tanıdılması üçün yeni imkanlar açır.

31 Mart Soyırımı qurbanlarının qanı yerdə, ruhu narahatçılıqlar içində qalmayıb - öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etmiş, güclü, müstəqil Azərbaycan bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad edib!

Bu il Ramazan Novruzun - Yenigünün həmən ardınca bayram edilir və həm də, bayramın ikinci günü 31 Marta düşür… Bu, sanki ölkəmizin, xalqımızın yeni fəslini, ağırlığının-uğurluğunun keçmişdə qaldığını, bizə matəm yaşadanların dərsinin verildiyini, keçmişin qaramatından silkinib çıxmağımızı və Zəfərimizi simvolizə edir. Beş il öncəyədək ovqatımız, ictimai-siyasi, mədəni-mənəvi iqlimimiz belə deyildi, belə yaraşdırmalarımız yox idi…

Bəli, bu tarix anım günü olmaqla birgə, həm də ədalət uğrunda mübarizənin bir simvoludur.

İLHAM ESGER.jpg (246 KB)

Soyqırımı qurbanlarının xatirəsi qarşısında borcumuz isə həqiqəti yaşatmaq və gələcək nəsillərə ləyaqətlə ötürməkdir.

Tarixdən çıxarılan dərslər bizə göstərir ki, belə faciələrin təkrarlanmasının qarşısını güclü dövlət və milli birlik sayəsində almaq mümkündür.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR