İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təhlükəsiz məsafə” instinkti - BUDUR ƏSAS MƏSƏLƏ

Kövrək keçid dönəminin geopolitik refleksi…

Son günlərdə Türküstandakı dövlətlərin Avropa Birliyi (AB) ilə imzaladığı yeni işbirliyi sazişində Güney Kıprısın - rum kəsiminin adanın tək dövləti olaraq tanınması və orada diplomatik nümayəndəlik açılması ilə bağlı razılaşma bəndinin yer aldığı bildirilir. Bu bilgi, özəlliklə Türkiyə və Azərbaycan mediasında KKTC-yə qarşı sayğısızlıq və Türkiyəyə qarşı diplomatik güvənsizlik kimi təqdim olunur.

Türküstan ölkələrinin bu davranışı ilk baxışdan AB ilə yaxınlaşma arzusu kimi görünə bilər; amma bu, bəlkə də Çin və Rusiya arasında “sıxışmış”, gələcəyi bir qədər qeyri-müəyyən sayılan coğrafi zolağın özünü “qıraqdakı güc mərkəzi”nə yaxınlaşdırmaq çabasıdır.

Bu, bəlkə ani qərar yox, tarazlaşdırıcı refleksdir; lakin unudulmamalıdır ki, ən güvənli güc öz içimizdəki birlikdir. Türk dünyası bu gün artıq yalnız ortaq dil, din və tarix yox, ortaq çıxarlar və mədəni strateji xətt ətrafında birləşmək zərurəti içindədir. Ən urvatlı seçim özümüzün bir olmağımız, iri və diri olmağımızdır!

Türk Dövlətləri Təşkilatı (TDT) –
birliyin təməli, sınağın başlanğıcı

TDT-nin qurulması illərin gözləntisinin sonucudur. Amma bu, o demək deyil ki, təşkilatda iştirak edən ölkələr arasında fikir ayrılığı, mövqe fərqi heç zaman olmayacaq. Böyük Britaniyanın AB-dən çıxdığı, Türkiyənin isə uzun illərdir bu birliyə üzv qəbul edilmədiyi - məlum… Bəli, günü bu gün də AB-də fərqliliklər yaşanır. Örnəyi, AB içində Polşa ilə Almaniya, Macarıstanla Fransa arasında müxtəlif məsələlərdə mövqelər toqquşur. Eynilə, BMT, Afrika Birliyi və ya digər böyük platformlarda da həmişə ahəng mövcud olmur…

TDT-də də zaman-zaman mövqelərdə fərqliliklərin yaranması təbiidir. Burada əsas məsələ – ortaya çıxan fikir ayrılıqlarını çevik diplomatik davranışla və ortaq strateji maraqlar çərçivəsində nizamlamaq bacarığıdır.

Ayrıca, əmindir, bu işlərin dərinliyində və üfüqötəsində Turan dərin vicdanı və dövlət ağlı yoxdur?.. Həmişə dərin dövlətdən danışmayacağıq, bir dəfə də dərin vicdana toxunmuş olaq…

Azərbaycanın ardıcıl mövqeyi və mərkəzi yol rolu

Mövcud hadisə fonunda Azərbaycan Respublikası bir daha öz prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Prezident İlham Əliyev, heç bir təzyiq və ya təşviqedici siyasi təklifə önəm vermədən, Türkiyəyə və KKTC-yə qardaşlıq dəstəyini nümayiş etdirdi.

Bu davranış, təkcə Türkiyə ilə strateji müttəfiqliyin yox, həm də Türk dünyasının mənəvi əsaslar üzərində formalaşmış dəyərlərinə sadiqliyin ifadəsi idi.

Azərbaycanın ümumtürk çadırının orta dirəyi olduğu bir daha göründü.

Antalya Diplomatik Forumu çərçivəsində Prezident Əliyevin KKTC Prezidenti Ersin Tatarla görüşü də həmin istiqamətdə verilən açıq ismarıclardan biri kimi qiyməti haqq edir. Bütün bu addımlar Azərbaycanın bölgədəki “mərkəzi yol” funksiyasını daha da önə çıxardı. - “Azərbaycan - Ürəyimdə bir şah damardır” - ustad Yavuz Bülənd Bakilərin sözüdür…

Qarşıdakı mərhələ:
qeyri-formal toplantı və ismarıclar

Qarşıda TDT-nin qeyri-formal sammiti keçiriləcək. Bu tədbirdə KKTC müşahidəçi statusunda iştirak edəcək və onunla bağlı müsbət ismarıcların səsləndiriləcəyini istisna etmirəm.

Bu, ikiqat önəm daşıyır:

1. KKTC-nin təşkilat çərçivəsində statusunun dərinləşməsi,
2. Kıprıs məsələsində təkcə Türkiyənin deyil, Türk dünyasının bütöv dəstəyinin açıqlanması.

Dəngə siyasətinə dönüş və
ictimai təzyiqin rolu

Bütün bu proseslərin fonunda, artıq Tütküstanlı qardaş ölkələrinin hökumətləri ictimai rəyin, milli vicdanın və Türkiyə-Azərbaycan medianın da qardaşyana, ərkyana təsiri ilə dəngə siyasətinə yönəlmiş olacaq. Onlar ya AB-nin təzyiqləri ilə addım atdıqlarını əsas gətirəcək, ya da Türk dünyası ilə münasibətlərin vacibliyini önə çəkərək yeni korrektə olunmuş addımlar atacaqlar.

KKTC-də, Türkiyədə və Türküstanda –
fərqli mövqelər, eyni sual

Vurğulanmalıdır ki, yalnız Türküstan deyil, elə KKTC-nin özündə də, həmçinin Türkiyə içində bu məsələdə fərqli fikirlər, ziddiyyətli mövqelər mövcuddur. Məsələn, KKTC vətəndaşlarının bir hissəsi Rum kəsiminin pasportu daşıyır və onun verdiyi imkanlardan yararlanır. Bu da gerçəkliyin bir hissəsidir və Kıprıs probleminin çoxqatlı təbiətindən xəbər verir.

Beləliklə,
olayları səthi reaksiya ilə deyil, strateji baxışla qiymətləndirmək lazımdır. TDT bu situasiyadan sarsılmadan çıxacaq və zamanla daha yetkin addımlar atılacaq. Bu hadisə həm də təşkilat içində prioritetlərin daha aydın təyin olunması üçün fürsət kimi dəyərləndirilə bilər.

Türkiyə, Azərbaycanın davamlı və prinsipial mövqeyi fonunda, Türk dünyasının digər dövlətləri də öz milli çıxarlarını Türk birliyinin ümumi mənafeyi ilə tarazlaşdırmağa çalışacaq.

Üzdə olanlar üzdə,
sözdə olanlar sözdə,
özdə olanlar özdə qalacaq!

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR