İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkinçidən nə istərsən: buğdamı, NƏFƏSmi?

Ocaq yiyəsi olan kamili-mürşidlər buğda istəməyə gələnlərdən ürəyinə yatanlara öncə “nəfəs” təklif edərdi. Gələn yenə “buğda” istəyərdi, mürşid bir də “nəfəs” deyərdi; enində-sonunda, buğda istəyən buğdasını, nəfəs istəyən nəfəsini və yəqin ki həm də buğdasını alıb gedərdi. Anadolu, Azərbaycan, Türküstan bərəkətli torpaqları bərəkətli və hərəkətli mədəniyyət mühiti ilə seçilib; zaman-zaman alpərənlər, qəhrəmanlar, nəfəsverənlər, ruhverənlər, axça paylayanlar, adil əsnaflar, dərvişlər… elə yetişib, elə də davranıblar. Əhməd Yəsəvi, Keyikli Baba, Gül Baba, Ahi Evren, Tapduq Əmrə, Yunus Əmrə… İsmayıl bəy Qaspiralı, Həsən bəy Zərdabi, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev… kimi şəxsiyyətlər bir ulu çinarın ayrı budaqları kimi meydana çıxıb – göyüzünə açılıblar, əcdadın ruhunu şad edib, öz dönəmlərinə aydınlıq yayıb, gələcəyə simvollar, örnəklər qoyub gediblər – cənnətə…

Hər ulusun zamanla yarışan bir nəfəsi var – bu nəfəs bəzən bayraq şəkli alır, bəzən kəlama dönür, bəzən də… epos təfəkkürü gərəyi ulusa nə lazımsa, o olur.

Bəli, Azərbaycanın milli mətbu nəfəsi 150 ildir – “Əkinçi”dən üzü bəri bizə ümid, inam və ruh aşılayır. Qələmin əsl əllərdə qutlu olduğu bu ulus – zaman-zaman qurtuluş uğrunda yazını silaha, sözü sipərə çevirən ulusdur.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. – Bax, bu, yalnız bir qiymət yox, həm də bir yaddaş – mətbuatın millətin yaddaş kitabı olduğunun təsdiqidir.

Zərdabi ilə başlayan ulu yol – qəzet adlansa da, əslində bir məktəb kimi yaranmışdı. Qələm əkinçisinin toxumu savad idi, məhsulu – azad fikir. “Əkinçi” qısaömürlü olsa da, uzuntəsirli oldu. Ardınca gələn “Ziyayi-Qafqaziyyə”, “Füyuzat”, “İrşad”, “Həyat” və b.-ları bu ideyanın müxtəlif səpkidə davamı oldu. Mətbuat yalnız informasiya vasitəsi deyil, milli dirçəlişin carçısı kimi səhnəyə çıxdı.

Örnəyi, Qarabağ müharibəsinin hər iki mərhələsində mətbuatımız “müsəlləh əsgər”ə çevrilərək səngərə girdi. 90-cı illərin əvvəllərində informasiya blokadasını yaran Azərbaycan mətbuatı, 44 günlük Vətən müharibəsində haqq səsimizi dünyaya çatdırmaq üçün candan-könüldən çalışdı. Jurnalistlər yalnız xəbər vermədi, həm də xəbər oldu – şəhid, qazi olaraq, vətənpərvərlik dastanının imzasına çevrildi.

Çağdaş dönəm yeni bir çağırışla çıxış edir: bu, qlobal informasiya şəbəkəsinin içində milli mövqeyimizi qorumaqdan ibarətdir. Prezident İlham Əliyev durumu belə qiymətləndirir: “…Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.

Məhz belə bir siyasi iradənin nəticəsidir ki, Azərbaycan mediası bu gün rəqəmsal dönəmə uyğunlaşır, süni intellekt, sosial platformlar, dezinformasiya ilə mübarizə kimi qlobal mövzularda söz yiyəsi olur.

Bu gün artıq təkcə qəzetlə deyil, rəqəmsal kanallarla, platformlarla düşünən, hər oxucunu həm də yazara çevirən bir interaktiv dönəmdəyik. Amma bütün texnoloji dəyişmələrə baxmayaraq, mahiyyət dəyişmir: mətbuat bir növ, ulusun ruhi səsidir. Ruhdan ayrı düşən səs süni olur. Odur ki, bizim medianın da kimliyi – məhz bu ruhdan gəldiyini nişan verməlidir.

Mətbuatın 150 illiyi yubiley olmaqla yanaşı, həm də hesabat məqamıdır. Bu hesabatda adı tarixə yazılan qəzetlər, mühacirət mətbuatı, repressiya illərindəki fədakar jurnalistlər (aydınlar), informasiya blokadasında yorulmadan çalışan xəbərçilər, əlbəttə, şəhid və qazi jurnalistlər yer alır. Mətbuat tarixi eyni zamanda milli mübarizə tarixidir. İstər “Kaspi”də, istər “Açıq söz”də yaxud “Füyuzat”da – bu günkü onlayn portallarda belə istinad nöqtəmiz eynidir: millətə xidmət, həqiqətə sədaqət!

Jurnalistika həmişə peşədir, peşəkarın məsuliyyətidir – belə məsuliyyətin milli mərtəbəsi zaman-zaman önplana çıxmış ola bilir – torpağın işğalda, insanın qışda soyuq, yayda isti çadırlarda, körpən süngüdə, günahsız mülki insanların əsir-girovluqda olduğu bir zamanda başqa necə və nə olmalıydı?.. O halda, məsuliyyətin:
adı – vətəncanlılıq,
prinsipi – azadlıq,
məqsədi – sabahı doğru görməkdir.

Və mətbuat məhz bu səbəbdən yalnız keçmişin güzgüsü olmaqda qalmır, həm də bu günü şəkilləndirir, gələcəyin vicdanını yaratmağa can atır. Jurnalistikanı ötəri (çox ötəri) nəsnələrə, öz yaramaz hirs-hikkəsinə alət etməyə can atanları, sosial medianı onlara doğma kanalizasiya kimi təsəvvür edib, elə orada da eşələnənləri bu anlamlı yubiley günündə dövrədışı, sıradışı tutmaqda haqlıyıq. Belə bekaralar 150 il öncə - “Əkinçi” vaxtında da, ~120 il öncə - “Füyuzat”ın doğuşu zamanında, daha sonralar, tavət XX yüzilin sonlarında da varıydı. - Sabun köpüyü kimi söndülər getdilər.

Bilənlərə salam olsun!

Yubiley 150 illik irsə bağlıdır, amma mətbuatın özü – hər gün yazılan və oxunacaq qədər diri bir tarixdir. Zərdabinin qələmi yüzlərlə əl dəyişdi, amma NƏFƏS verən ƏKİNÇİ RUHU – zamana meydan oxuyan bir inanc olaraq – dəyişməz qaldı.

Dövlət öz vətəndaş cəmiyyəti institutları ilə, o cümlədən mətbuatı ilə bütövdür.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR