İnsanlara hürriyət, millətlərə istiqlal!

Təxribat - onu kim törədə bilər?

Vaşinqtonda imzalanan sənədin səsi Xəzərin dalğalarından tutmuş Ağrıdağın yamaclarınadək, Ankaradan Türküstan bozqırlarınadək, bir sözlə, gündoğardan günbatara, quzeydən güneyə — dörd yanda eşidildi. Bax, bu gur eşidilmə özlüyündə, söhbətin sadəcə kağız üzərindəki imzadan getmədiyini göstərir. – Bu, Şuşa zirvəsində başlayan, 24 saatdan qısa sürən antiterror tədbirləriylə doğrulub, Zəngəzurdan keçib dünyanın güc mərkəzlərinə uzanan Zəfər yürüşünün diplomatik təntənəsidir. Azərbaycan bu masaya əl açan yox, əlində tarixi qələbənin və tarixin özünün bəlgələri ilə əyləşmiş tərəfdir. Vaşinqton masası – bizimçün qalibin masasıydı.

VASİN.jpg (128 KB)

Ayrıca, onu da vurğulamadan keçməyim – bu sətirlərin yazarı işğaldan azad olunmuş bölgələrimizdən, o cümlədən Xankəndidən Bakıya yenicə qayıdıb. – Vaşinqton anlaşmaları haqqında o torpaqlarda düşünüb-daşınmaq və danışmaq ayrı bir dərinlik və üfüqə çağırış olmalı. Oradakı yollar, tunellər, körpülər, müəssisələr, yaşayış binaları – bir sözlə, qaynar iş mühiti bizim sürətlə qət etdiyimiz məsafələri və nüfuzumuzun dünyanın dörd yanında qəbul görməsinin nəliyini, necəliyini təcalla etdirir. – Ürəkdən deyirik: Şəhidlər ölmədi, Vətən bölünmədi!

Bu gün müxtəlif paytaxtlarda, strateji kabinetlərdə, xəbərin ən isti anlarında müzakirə olunan odur ki, Azərbaycan artıq bölgəsəl oyunçu yox, oyunqurandır. İmzalanan razılaşmalar təkcə iki, yaxud üç dövlətin çıxarı deyil; onlar Qafqazın geosiyasi cizgilərini dəyişdirən xəttlərdir.

Azərbaycan Prezidentinin siyasi iradəsi, hərbi qələbəsi və diplomatik uğuru, haqlı olaraq, ölkəmizin yüksək reytinqini möhkəmləndirib. Bu səbəbdən ölkə içində sülh sazişinə qarşı real siyasi platforma yoxdur və əlbəttə, olmamalıdır. Necə deyərlər, “Beşinci kolon” rolunda çıxış edə biləcək kiçik qruplar isə mövzunu dəyişməklə, diqqəti gərəksiz istiqamətlərə yönəltməklə uğuru kölgələmək istəyə bilər; ancaq bu cəhdlərin perspektivi yoxdur – xalq öz qalib mövqeyinin arxasındadır.

İrəvanda isə mənzərə fərqlidir. Köçəryan–Sərkisyan klanı, bəzi kilsə dairələri, Rusiyadan maliyyələşən siyasi qüvvələr Paşinyana və sülh gündəliyinə qarşı təzyiq göstərir. Ermənistan içində revanşist dairələr atəşkəsin pozulmasına, sərhəddə təxribatlara meylli ola bilər. Həmçinin dışarıdakı “dünya erməniliyi”, bədəməl diaspor strukturları, anti-türk, anti-Azərbaycan, anti-İslam və anti-sülh yönlü təşkilatlar informasiya hücumlarını gücləndirsə, təəccüb etmərəm. Elə dairələr istədiklərindən artığını alsa da, yenə qurdalayıb nə isə çıxartma – qaşınmayan yeri qanatma “potensial”ına malikdir. Lakin başarılı ola bilərlərmi? – Məncə, yox.

ABŞ böyük ölkədir – həm təsir imkanları, həm də daxili fikir müxtəlifliyi genişdir. Burada erməni lobbisi, kiçik də olsa, bəzi Rusiyayönlü dairələr, köhnə soyuq müharibə təfəkkürlü dairələr, ekspertlər mövcuddur. Onların bəziləri öz təsir imkanlarını istifadə edərək sənədin gerçəkləşməsinə mane olmağa cəhd göstərə bilər. Bu, birbaşa anti-Tramp qüvvələrin və Azərbaycanafob dairələrin ortaq çıxarlarında birləşməsi demək olardı. Bununla belə, yaşının yetərincə irəliləməsinə, əleyhdarlarının mütəşəkkilliyinə və l prezidentlik dönəminin uzan-uzadı təftiş edilməsinə baxmayaraq, ikinci dəfə hakimiyyətə yiyələnmiş Tramp, öz imzasının gücünü qorumağa qadirdir.

Bəs Moskva, Tehran nə edə bilər?

Vaşinqton masasındakı imzalar Bakı və İrəvandan sonra ən çox, Moskva və Tehranı düşündürür. Çünki bu bəlgələr bölgənin güc dəngəsində onların istədiyi kimi “köhnə oyun qaydaları”nı deyil, Azərbaycanın diktə etdiyi yeni gerçəkliyi möhkəmləndirir.

KREMLİN.jpg (114 KB)

Moskva:

açıq müstəvidə neytral görünsə də, dərin planda sürəcin gedişini öz xeyrinə çevirmək üçün bəzi təzyiq alətlərini işə sala bilər:

KTMT üzvlüyü kartı,

enerji bazarına təsir,

yaxud Ermənistandakı revanşist qüvvələri gizli şəkildə ruhlandırmaq və s.

Lakin Moskva yaxşı bilir ki, Azərbaycan artıq təkcə bölgənin yox, qlobal enerji-logistika xəritəsinin əsas oyunçusudur, yeri gəlincə, oyunquranıdır və açıq qarşıdurma ona baha başa gələ bilər.

Tehran:

uzun illər Qafqazda “təhlükəsizlik” adı ilə nüfuz qurmağa çalışıb; lakin Vaşinqtonda imzalanan kommunikasiya razılaşması İranın istəmədiyi yeni dəhlizlərin açılmasını təmin edəcək. Tehran buna cavab olaraq, bəzi “dini”-ideoloji şəbəkələri aktivləşdirə, media və sosial platformalarda anti-saziş təbliğatına əl ata bilər. Amma gerçəklik odur ki, Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli razılaşması bölgədə İranın gərəksiz və gərginlik yaradan təsir imkanlarını önəmli dərəcədə daraldır.

Tanrı necə haqdır!

Uzun sözün qısası, artıq Qafqaz masasında qalibin sözü keçir. Onların edə biləcəyi ən yaxşı addım – yeni gerçəkliyi qəbul etmək və öz siyasətlərini bu gerçəkliyə uyğunlaşdırmaqdır. Əks halda, zaman onları da, təsir tutalğaclarını da tarix səhnəsindən siləcək. - Həm Moskva, həm Tehran bunu anlamalıdır.

İndi isə iqtisadi istiqamət – kommunikasiyaların yeni xəritəsinə gələk. – Bəli, kommunikasiya razılaşması yolların, dəhlizlərin açılması ilə birgə, iqtisadi arteriyaların dirçəldilməsi deməkdir. Azərbaycanın qalib mövqeyi, bölgənin ticarət, logistika, daşımaçılıq mərkəzinə çevrilməsi üçün geniş imkan yaradır. Zəngəzur dəhlizi və digər logistika layihələri Azərbaycanı Qafqazın enerji və daşımaçılıq qovşağına çevirəcək. Bu, həm göndəriş, həm tranzit gəlirlərini artıracaq, həm də iqtisadi təsir gücümüzü möhkəmləndirəcək.

Beləliklə, sülhün alternativi yoxdur. Onun qarşısında duran hər kəs – istər revanşist erməni dairəsi, istər dışarıdakı Azərbaycanafob, türkofob şəbəkələr, istərsə də bölgəni yenidən xaosa sürükləmək istəyənlər – tarix qarşısında cavab verəcək. Azərbaycan isə artıq cavabını verib: savaş meydanında ləyaqətli qələbə, diplomatiya masasında adil üstünlük, iqtisadi yollarda əlçəkilməz açar rolu.

VASİN SON.jpg (129 KB)

Vaşinqtonda imzalanan bəlgə, əslində, bir ismarıcdır: “Bu bölgənin gələcəyini Azərbaycanın iradəsi, gücü və vizyonu müəyyən edəcək”!

Kim bu həqiqəti qəbul etmirsə, zamanın axını onu bir qırağa atacaq. Qalibin iradəsi ilə qurulan sabitlik – bölgənin yeni dili, yeni taleyi, yeni yol xəritəsidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR