İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT İRƏVANA! - 3-cü BÖLÜM

(lIl (SON) bölüm)

Vəkilovların başqa bir hüququ - qeyri-qanuni müsadirə hallarında restitusiya və təzminat prinsipləri:

- Pinheiro prinsipləri-BMT (Pinheiro Principles– UN, 2005):

“Bütün qaçqınlar və məcburi köçkünlər, qanunsuz və ya əsassız şəkildə məhrum edildikləri hər hansı yaşayış yeri, torpaq və/və ya əmlakın onlara geri qaytarılması hüququna malikdirlər” (“All refugees and displaced persons have the right to have restored to them any housing, land and/or property of which they were arbitrarily or unlawfully deprived”).
Bu prinsip əmlakın bərpası hüququnun beynəlxalq səviyyədə tanınmasına dair olub, mülkiyyət hüququnun pozulmasına qarşı müdafiə mexanizmi olaraq çıxış edir (Principle 2.1, UN Principles on Housing and Property Restitution for Refugees and Displaced Persons).

Bəs Ermənistan Respublikasının Anayasası nə deyir?

Ermənistanın Anayasasında mülkiyyət hüququnun toxunulmazlığına təminat ifadə olunur. Anayasanın 31-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququna malik olduğu və bu hüququn yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla biləcəyi vurğulanır. Bu müddəa, mülkiyyətin qanunsuz müsadirəsinin qarşısını almağa yönəlib.

Gəlin Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri də xatırladaq. Ermənistan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu konvensiyalar da mülkiyyət hüququnun qorunmasını təmin edir.

-Avropa İnsan Hüquqları Konvensiyası (AİHK): Ermənistan, AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsinə qoşulub. Bu maddəyə əsasən, hər kəsin mülkiyyət hüququna hörmət edilməlidir və dövlətlər bu hüququ yalnız ictimai maraqlar naminə və qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdıra bilər.

Attachment

-BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsi:

Ermənistan, İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 17-ci maddəsini qəbul edib. Bu maddəyə əsasən, hər kəsin mülkiyyətə sahib olmaq hüququ vardır və heç kəs öz mülkiyyətindən əsassız olaraq məhrum edilə bilməz.

Göründüyü kimi, tarixi ədalətsizliklərlə dolu bir yaddaş oyanır... Bu, təkcə Vəkilovlar ailəsinin deyil, ümumən Azərbaycan tarixinin yaddaşına yazılmalı bir hadisədir. Bu hadisəni hüquq planı ilə yanaşı digər əməli çalışma sahələri üzrə də incələməkdə fayda vardır.

İndi isə hüquqdan yayınmadan, ömrü boyu hüquqdan yayınmışların əməllərinə münasibətdə publisistikanın imkanlarına üz tutaq:
Unudulmuş taxta pilləkənlərdən baştutmamış dövlət (unconsolidated state) tribunasına…

Bəli, tarix bir binadan, evdən ibarət deyil. Bəzən bir daşın yerindən tərpədilməsi bir xalqın yaddaşını silkələyir. - “Hər saxsı parçası, hər məzar daşı, Nəsildən nəsilə bir yadigardır”… - Elə bu poetik müəyyənlik də Vəkilova - Xalq şairi Səməd Vurğuna məxsusdur…

İrəvanda Ermənistan hökumətinə, İrəvan şəhər neriyasına və s. tabe qurumların yerləşdiyi bəzi binalar — azərbaycanlıların sovet hakimiyyəti qurulduqdan sonra, əsassız olaraq “milli”ləşdirilən tapulu mülkləri və torpaqları üzərində ucaldılıb. İstər Vəkilovlara, istər digər yerli irəvanlılara məxsus mülklər təkcə maddi sərvət deyildi — onlar böyük azərbaycanlı ocaqlarının yaşadığı, nəfəs aldığı, xatirələr və zəhmətlə dolu məkanlar olub. İrəvanın ən baxımlı ərazilərində ucalan evlərin sökülüb “Yeni İrəvan”, “Sovet Ermənistanı” binalarında istifadə edilməsi sadəcə texniki deyil, simvolik zorakılıq aktı olub… — Bir xalqın yaddaşının tikə-tikə daşınması kimi… - Bu, erməni xislətidir: XX yüzilin başlarında beləydi, 100 ildən sonra da belə oldu; çalışmalıyıq, o adıyaman eyləmlər 50-100 ildən sonra (və heç vaxt!) bir daha təkrarlana bilməsin!..

Bu gün həyatda olan İrəvan doğumlu soydaşlarımız keçmişin ağrı-acını təkcə ailə deyil, milli yaddaşın itkisi kimi yaşayır...

XX yüzilin əvvəllərində Güney Qafqazın sosial-siyasi coğrafiyasında baş verən dəyişiklər bir sıra ailələrin mülkiyyət hüququnun ciddi şəkildə pozulması ilə sonuclandı. Tarix yalnız keçmişin salnaməsi deyil, həm də bu günün hüquqi və mənəvi borclarını müəyyən edən qaynaqdır (kateqoriyadır).

Uluslararası hüququn çağdaş normativləri belə halları yalnız tarixi fakt kimi deyil, eyni zamanda hüquqi qiymətləndirmə və kompensasiya mexanizmləri çərçivəsində çözülməli məsələ kimi nəzərdən keçirir. Bu yazıda vurğulanan mülkiyyətin “milliləşdirilməsi” və onun üzərində dövlət binası tikintisi faktı da uluslararası hüququn prinsipləri çərçivəsində incələnməli, dünya təcrübəsi və hüquqi presedentlər araşdırılmalıdır.

Tarix hər zaman yalnız keçmişi anlamaq üçün deyil, həm də bu günün hüquqi və mənəvi gerçəklərinin idrakı üçün öyrənilir. Qafqaz coğrafiyasının zəngin, eyni zamanda ziddiyyətli tarixi, xalqların taleyinə toxunan yüzlərlə ədalətsizlik və hüquq pozuntuları ilə doludur. Bu kontekstdə, İrəvan şəhərinin mərkəzində bir vaxtlar yerli irəvanlılara məxsus olmuş mülklərin sovet dönəmində qanunsuz şəkildə “milliləşdirilərək” yeni forma və “məzmun qazanması”, hüquqi, siyasi baxımdan dərindən incələnməli hadisədir.

Məhəmməd ağa Vəkilovun mülkü də, yalnız bir ailəyə deyil, bütün bir nəsilə — Azərbaycan ictimaiyyəti üçün əlamətdar bir nəslin İrəvandakı tarixi varlığına tanıqlıq edən bir simvoldur. Bu nəsil maarifçi, yaradıcı soyun təmsilçilərindən ibarətdir.

Təkrarçılıq olmasın, mülkiyyət hüququ yalnız fərdi mülkiyyətə deyil, həm də kollektiv kimlik və tarixi yaddaşa bağlı olduğundan, belə halların hüquqi qiymətləndirilməsi uluslararası hüququn əsas prinsipləri baxımından önəm daşıyır.

Hazırda həyatda olan İrəvan azərbaycanlıları orada keçirdikləri uşaqlıq və gənclik xatirələrini yaşadır. Onlar ev-eşiklərinin memarlıq üslubunu, interyer detallarını, hətta pilləkənlərin materialına qədər dəqiq şəkildə təsvir edir. Bu xatirələr təkcə nostalji deyil — onlar hüquqi kontekstdə “şifahi sübut” xarakteri daşımaqla, mülkiyyətin faktiki varlığını və ailəyə mənsubiyyətini təsdiqləyən ikinci dərəcəli hüquqi dəlillər qismində qəbul oluna bilər.

Beynəlxalq məhkəmələrdə mülkiyyət hüququnun qorunması - analoji presedentlər

AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) praktikasında keçmiş sosialist ölkələrində müsadirə edilmiş mülklərlə bağlı bir sıra presedentlər mövcuddur. Örnəyi:

- “Broniowski v. Poland” işi – Polşa hökuməti tərəfindən kommunist dönəmində müsadirə edilmiş əmlak üçün kompensasiya mexanizmi yaradılması zərurəti vurğulanıb;

- “Kopecký v. Slovakia” işi – Şəxsi mülkiyyətin pozulması və sonradan restitusiyanın mümkünlüyü hüquqi qiymətləndirməyə cəlb edilib.

Bu presedentlərə istinad etməklə, İrəvan azərbaycanlıları, o cümlədən Vəkilovların İrəvan qolunun varisləri (və ya Azərbaycan hüquq ictimaiyyəti) Ermənistan hökumətindən tarixi ədalətin bərpasını tələb edə bilər.

Postsovet məkanında oxşar hallar və hüquqi sonuclar

SSRİ-nin dağılmasından sonra postsovet ölkələrinin çoxunda keçmiş rejimin ədalətsiz müsadirə və milliləşdirmə siyasətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gəlib. Özəlliklə Baltikyanı və Doğu Avropa dövlətləri bu yöndə bir sıra ciddi hüquqi addımlar atıb. Bu ölkələrdə fərdi, ailə mülkiyyətlərinin restitusiyası və ya kompensasiyası üçün xüsusi qanunlar qəbul edilib:

Estoniya modeli – SSRİ dönəmində müsadirə edilən əmlakın öncəki yiyələrinə qaytarılması üçün 1991-ci ildən başlayaraq hüquqi baza formalaşdırılıb. - Əgər mülkiyyətin qaytarılması mümkün olmayıbsa, kompensasiya təklif edilib;

Latviya təcrübəsi – Mülkiyyətin bərpası hüququ Anayasa prinsipləri səviyyəsində tanınıb və 90-cı illərdə bu yöndə yüzlərlə iddia təmin edilib;

Almaniya örnəyi – İki Almaniyanın birləşməsindən sonra Doğu Almaniyada dövlətləşdirilmiş əmlaklara görə kompensasiya sistemi tətbiq olunub;

Ukrayna vaxtilə Krıma dönən tatarların mülkiyyət hüququna sayğılı davranıb;

Gürcüstan da Axıska türklərinin geridönüş haqları çərçivəsində (yetərli sayda olmasa da) bir sıra ailələrin ev-eşiyini özünə qaytarıb yaxud alternativ təklif edib və s.

Bu örnəklər bir daha göstərir ki, keçmiş rejimlərin hüquq pozuntuları “hüquqi unudulma”ya düçar edilmir; əksinə, belə hallara hüquqi baxışın yaradılması həm keçmişin ədalətli qiymətləndirilməsi, həm də vətəndaşların güvəninin bərpası üçün əsas şərtdir.
İndiki halda, İrəvan azərbaycanlılarının, o cümlədən Vəkilovların varislərinin haqları uluslararası hüquqa və Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əsaslanaraq bu yönlərdə tanına bilər:

Restitusiya (əmlakın geri qaytarılması) hüququ

Əgər mülkiyyət hələ də dövlət istifadəsindədirsə və hüquqi baxımdan azad durumdasa, uluslararası təcrübəyə əsaslanaraq onun hüquqən yiyələrinə qaytarılması iddia edilə bilər. Təbii, bu, Ermənistan qanunvericiliyinin indiki durumu və siyasi iradə ilə çox sıx bağlıdır.

Əmlaka görə kompensasiya hüququ

Daha gerçəkçi və geniş tətbiq olunan yol – kompensasiya tələbidir. Bu, iki yöndə mümkün ola bilər:

-Ermənistan məhkəmələri vasitəsilə (daxili hüquqi prosedurlar əsasında);

-AİHM vasitəsilə, Ermənistanın Konvensiya iştirakçısı olması və əmlak hüququnu qorumaq öhdəliyinə əsasən.

Bir daha hüquqi mübarizə vasitələrini vurğulayaq:

-Tanıqbəlgələri (Şəhadətnamələr), arxiv tapuları, digər bəlgələr, aktlar, protokollar – hüquqi sübutlar kimi təqdim oluna bilər;

-Hüquqi ekspertiza və tarixi-mülkiyyət xəritələrinin bərpası – iddianı əsaslandırmaq üçün vacibdir;

-Azərbaycan dövləti və QHT-lərinin (ümumən vətəndaş cəmiyyəti institutlarının) dəstəyi ilə bu məsələnin uluslararası müstəviyə çıxarılması.

Bir sözlə, Məhəmməd ağa Vəkilovun, digər azərbaycanlıların İrəvandakı mülklərinin müsadirəsi və onun yerində Ermənistan hökumətinə xidmət edən infrastrukturun tikilməsi təkcə bir ailənin yox, bütöv bir mədəni irsin, kollektiv yaddaşın və hüquqi tarazlığın pozulması deməkdir. Bu hadisə, hüquq və tarix qarşısında cavabdehlik tələb edən fakt olaraq qalır.

Önərilər:

1. Azərbaycan Hüquqşünaslar Konfederasiyası və AMEA-nın aidiyyəti institutları bu məsələni hüquqi-tarixi sənəd kimi araşdıra bilər;

2. Müstəqil hüquqşünaslar qrupu tərəfindən AİHM və digər uluslararası qurumlara müraciət üçün iddia hazırlaya bilər;

3. Vəkilovların və digər azərbaycanlıların hüquqi varislərinin iştirakı ilə tanıqlıq (şəhadət) və hüquqi sənəd toplama kampaniyası təşkil oluna bilər;

4. Ermənistanın uluslararası hüquqi öhdəlikləri kontekstində bu məsələ diplomatik və hüquqi səviyyəyə çıxarıla bilər;

5. Oxşar hadisələrin hüquqi presedent kimi toplanması üçün bölgəsəl hüquqi reyestr yaradılaraq uluslararası platformlarda təqdim oluna bilər.

Bu cür təşəbbüslər təkcə bir mülkün deyil, bütöv bir tarixi yaddaşının bərpası deməkdir. Hüququn yüksək məqsədi, amalı və borcu ədalətin bərpasıdır. Bu bərpa həm keçmişin haqqını, həm də gələcəyin sabitliyini təmin edərdi...

Qaynaqlar:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 157 – Mülkiyyət hüququnun anlayışı və əhatə dairəsi.

2. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası (Protokol No.1, Maddə 1).

3. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948), Maddə 17 – Mülkiyyət hüququ.

4. Broniowski v. Poland, Application no. 31443/96, Judgment of the Grand Chamber of the European Court of Human Rights (22 June 2004).

5. Kopecký v. Slovakia, Application no. 44912/98, ECHR Judgment (28 September 2004).

6. Estonia’s Principles of Restitution, Estonian Ministry of Justice Reports, 1992–1996.

7. Sasse, Gwendolyn. The Politics of Property Rights in Post-Communist Transition, Cambridge University Press, 2003.

8. Kornai, János. The Socialist System: The Political Economy of Communism, Oxford University Press, 1992.

9. Əliyev, Z. (2010). “İrəvanda Azərbaycanlılara məxsus mülklərin taleyi”, Tarix və Hüquq jurnalı, №3.

10. Əlizadə, R. (2021). “Postsovet məkanda restitusiyanın hüquqi modelləri”, Qafqaz Hüquq Araşdırmaları, №5.

11. Avropa İnsan Hüquqları Konvensiyası, Protokol №1 (Maddə 1).

12. Universal İnsan Hüquqları Bəyannaməsi, 1948, (Maddə 17).

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (Maddə 148, 157, 1143).

14. BMT-nin “Pinheiro prinsipləri”, 2005.

15. İbrahim Bayramov, “İrəvan şəhəri və onun tarixi haqqında”/ “Dirçəliş-XXI əsr” - 2008. 128-129-cu say. - Səh:91-99.

16. 1905.az.

17. “Vəkiloğulları” kitabı (“Qapp-poliqraf”, 2003;
səhifə 542; Ramilə Vəkilova və Səməd Vəkilovun verdiyi bilgilər).

18. Məhəmməd ağa Vəkilovun oğlu Kərim bəy Vəkilovun qızı Leyla xanım Vəkilovanın dedikləri və s.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR