İnsanlara hürriyət, millətlərə istiqlal!

Kvant memarlığı

Yayda yolum Lənkəran tərəfdən düşmüşdü. Avtomobildəki peyk-naviqator proqramı sürücümüzdən betər xam idi və gedib düz girdik şəhər bazarının ortasına. İndi gəl burdan çıx görüm, necə çıxırsan...

Açığı, çoxdandır belə nizamsız ərazi görmürdüm. Rafael Allahverdiyev Bakının müdiri olan vaxtlar “28 May” metrosunun qabağı kimin yadına gəlirsə, onu təsəvvürünə gətirsin. Hətta arada mənə elə gəldi həyatımın yerdə qalan hissəsi bu bazarda keçəcəkdir. Son sözlərimi kələm yarpağına yazdım, köşə yerimi səkidə tərəvəz satan ağsaqqala vəsiyyət elədim.

Bunu niyə yazıram və ya xatırlayıram? Təzəlikcə “Daha bir vəzifəli şəxs həbs edildi” kateqoriyasından xəbər gəldi, məlum oldu hörmətli (bunu hər ehtimala qarşı həmişə qeyd etməliyik; məsələn, “Xural” qəzetinin başçısı Əvəz Zeynallı həbsdən qabaq həmişə bu idarəni tərifləyərdi, indi onun içərisində yaşayır - uzaqgörən adamdır) DTX əməkdaşları Lənkəranda əməliyyat keçirmişlər, nəticədə şəhərin baş memarı və psixiatriya xəstəxanasının baş həkimi xalqdan rüşvət aldıqları üçün tutulmuşdur.

Pis çıxmasın, dəlixananın müdiriylə işim yoxdur, onun tutulub-buraxılması da xalqımızı çox düşündürməz. Çünki biz o tip işlərdə çalışanlara həmişə lağ edərik, hardasa onların özünün də psixikasının pozulmasına eyham vurarıq. Dəlixananın baş həkimi daimi lətifə obrazlarından sayılır.

Ancaq Lənkəranda baş memarın yaşaması gözlənilməz hadisədir. Necə deyərlər, şok açıqlamadır, qan donduran xəbərdir. Şəhərdə bir dənə tikinti qayda-qanunu yoxdursa, küçələr bərbad durumdadırsa, kim harda istəsə, nə istəsə tikirsə, orda baş memarın olması heyrətamiz deyilmi? Bəlkə bunu aşkarladıqları üçün hörmətli (bax, yenə yazdım, yerimi isti eləyirəm) çekistlərimizə hazırkı günlərdə aktual olan Nobel mükafatı verilməlidir. Məsələn, tibb üzrə. Ya da fizika üzrə. Bu da kvant fizikasına aiddir. Baxırsan memar var, eyni zamanda yoxdur. Memarın maaşı maşınıyla düz gəlmir. İcra başçısı Şredinqerin pişiyi kimi bir varlıqdır - ta tutulana qədər bilmirsən o sağdır, ya ölmüşdür...

Yeri gəlmişkən, bu il Nobel mükafatlarından birini qədim insanların, neandertalların, Denisov adamlarının və başqa yoldaşların gen xəritələrini oxumaqda böyük qabiliyyət əldə etmiş alimə verdilər. Həmin araşdırmalar sayəsində biz bu gün insanın hardan çıxdığını, hardan keçdiyini, kimlə qahım olması kimi şeyləri az-maz da olsa qanırıq. Deyir ulu babalarımız Afrikadan çıxıb Avropadakı neandertallar, Asiyadakı Denisov adamları (bu, Altay dağlarındakı bir mağaranın adına görədir) ilə qaynayıb-qarışıblar.

Lakin biz - Homo sapiyens - növ olaraq bunların hər ikisini sıradan çıxartmışıq, planetə təkbaşına ağalıq edirik. Genlərin araşdırması hazırda dünyada 2-3 faiz adamın neandertal genini daşıdığını ortaya qoyubdur. Buna əslində şübhə etməyin mənası yoxdur, kor-kor, gör-gör. Vəhşi genlər qalmasaydı, bəşəriyyət “düşünən, ağıllı insan” (homo sapiyens-in tərcüməsi belədir) olsaydı, niyə bu gün axmağın birinin nüvə bombası atıb-atmayacağını müzakirə edirik? Görünür onun canındakı neandertal genləri qımıldaşır, hamını özüylə birgə Daş dövrünə aparmaq istəyir.

Gör Lənkəranın rüşvət alıb ilişən baş memarı bizim hansı dərin dərələrə baş vurmağımıza səbəb oldu. Kim bilir, bəlkə növbəti yazımızı Biləcərinin deputatından, Yasamalın bələdiyyəsindən, canım sənə desin, Masazırın icra nümayəndəsindən yazdıq? Siz şübhə edirsiniz, ancaq onlar da var. Hansısa paralel kainatlarda yaşayırlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024