Onlayn ictimai-siyasi qəzet
''Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşdurmadımı? Dədəsini ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı kərbəlayı Qənbər qızı Şahsənəmin ərini, bir illik yoldan arvad almasın deyə, qaytarıb gətirmədimi? Onun əlindən heç zad qurtarmaz!”
(“M.F.Axundov, ”Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli Şah cadükuni məşhur")
Türkiyədəki zəlzələ təkcə elmə diqqətin vacibliyini artırmayıb, eyni zamanda cürbəcür həşəratlar da yerin qaranlıq qatlarından çıxıblar, uydurma söhbətlər yayırlar. Biri deyir tektonik silah işlədiblər, başqası uçan boşqabların barmağından bəhs edir. Hətta bugünlərdə bir saytda qabağıma “Əfqan alimdən şok açıqlamalar” başlığı çıxdı. Təsəvvür elə. Biz adətən belə gopları “ingilis alimləri”, “İsveçrə araşdırma mərkəzi” adından yayılan görmüşük, indi əfqan da çıxdı. Əfqan və alim. Heç nə demirəm, bunu tirajlayanları Talibanın müdiri Molla Ömərin ruhuna tapşırıram. İnşallah, cəhənnəmin ən dərin qatında qabağınıza çıxsın.
Əslində belə yalanlara çox diqqət ayırmağın mənası yoxdur. Eyni zamanda da var. Çünki yalan ayaq tutub yeriyəndə orda doğruların önəmi qalmır. Hər cür fırıldaqçılar, dələduzlar başa çıxır, yüz minlərin həyatıyla oynamağa başlayır. Feyk-xəbərləri yaymaq, bu baxımdan, saxta, xarab ərzaq satmaqdan heç nə ilə fərqlənmir. Hər ikisi insanların sağlamlığına zərərlidir. Ancaq təəccüblüdür ki, yalan yayan jurnalistlər bəzən hansısa sexə girib pendirin üstündəki böcəyi nifrətli reportajla çəkirlər, guya özləri fərqli iş görür.
Bu arada Milli Elmlər Akademiyasından “AMEA-da mühüm iclas, yeni qərarlar” başlıqlı xəbər aldıq. İçini həyəcanla oxuduq ki, görəsən bu mühüm, yeni qərarlar hansılardır. Buyurun, sizi çox intizarda qoymuram:
“Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il Ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib” (sitatın sonu).
Fantastikadır. Bir ay qabağa düşürük. Həm də bəşəriyyəti mühüm elmi kəşflərimizlə elə martda, Novruz xonçası və Keçəlin ala başı ilə birgə təqdim etmək lazımdır, niyə intizarda qalsınlar?
İkinci mühüm yenilik: “AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub”. Bəs çağdaş realizm dövrü? Ona da şöbə açmalıyıq.
Sitat: “Həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb”.
Doğrudan da, kitabxana və biblioqrafiyanı birləşdirmək elmi kəşfdir. Buna görə təbabət üzrə Nobel ödülü düşür. Tarixdə heç kimin ağlına gəlməyib.
Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın e.ə. IV - e. VII əsrinin ortaları tarixi şöbəsi, Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması da mühüm yeniliklərdir. Həqiqətən, son neolit və eneolitin neolit-eneolitdən böyük fərqi var. Bu təxminən “Neolit”də sünnət toyu ilə mağarda xınayaxdının fərqi qədərdir.
Nəhayət, alimlərimizin ən mühüm qərarını axıra saxlamışam və etiraf edirəm, bunu analiz etməyə qabiliyətim çatmadı: “AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə ”Qorqud" ansamblının da fəaliyyətinə xitam verilib".
Heyf. Ən azı Dədə gəlib qopuz çalardı, təzə toy edən akademiyamız oynaqlayardı.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ