Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümünə sayılı günlər qalıb. Min gündən artıqdır ki, Ukraynada fəlakətlər yaşanır, hər gün hərbçilərlə yanaşı, dinc sakinlər də həlak olur, yaralanır, talelər darmadağın olur. Baxıram ki, sosial şəbəkələrdə yenə də prezident Volodimir Zelenskinin Avropada sürəkli alqışlarla qarşılanmasından riqqətə gələnlər, “Qərb Ukraynanı tək qoymayacaq”, deyənlər var.
Bu müşahidələr 2022-ci ilin 1 martını xatırlatdı... Həmin gün Ukrayna prezidenti Avropa Parlamentində videokonfrans formatında çıxış etmişdi. Rusiya tanklarının Kiyevə daxil olmasının qarşısını almaqdan ötrü əhaliyə “Molotov kokteyli” hazırlamaq çağırışı edən Zelenskiyə işğalı dayandırmaq üçün müasir silahlar vermək əvəzinə... Avropa Parlamentinin deputatları onu ayaq üstə alqışlamışdılar. Zelenski Avropa İttifaqını Ukraynanı quruma üzv qəbul etməsini xahiş etmişdi.
“Belə bir ifadə var – Avropanın Ukrayna seçimi. Bu gün sizdən bizə “Avropa tərəfindən Ukraynanın seçilməsi” ifadəsinin səslənməsini eşitmək istərdim”, demişdi. Qarşılığında yenə də “sürəkli alqışlar”. Sovetlərin sürəkli alqışlarına çox bənzəri var idi. Daha çox problemləri ört-basdır etməyə hesablanan alqışlar. Sonrakı dönəmlərdə bənzər halların dəfələrlə şahidi olduq. Bəli, Rusiya imperiyasına qarşı dirənişinə görə Zelenskinin fədakarlığı alqışa layiqdir. Amma alqış daha çox azarkeşə, tamaşaçıya xas xüsusiyyətdir. Ölüm-qalım mübarizəsi aparan xalqı, dövləti alqış xilas etməyəcək(di). Ukrayna xalqı alqışlardan doyub.
Bir çoxları “Qərb daha nə etməlidir, bu qədər pul, silah göndərib”, daha nələr deyir. Amma ayrılan pul-paranın yarısının belə, ünvana çatmadığını elə Qərbdəki ciddi dairələr iddia edirlərsə, onda necə? Bayden administrasiyası dövründə Rusiya-Ukrayna müharibəsindən ən qazanclı çıxanlar həm də ABŞ-nin silah şirkətləri olubsa, buna nə sözünüz? Avropa İttifaqını daha çox qışdan, qaz sınağından çıxmaq maraqlandırdı bir çox hallarda, nəinki Ukraynanın işğal altındakı ərazilərinin miqyasının artması. Türkiyənin dəstəyi olmasaydı, Rusiya tankları Kiyev küçələrində şütüyürdü... Rusiyanın Ukraynaya hücum planı barədə amerikanlar, avropalılar hələ 2021-ci ilin ortalarından danışır, xəbərdarlıq edirdilər. “Dovşanı araba ilə tutan”lar tank qoşununun, on minlərlə şəxsi heyətin Ukrayna sərhədlərinə cəm olmasının səbəbini bilmirdilərmi? Hətta xəbərdarlıq edirdilər, amma Ukraynanı nə Finlandiyasayağı tez-tələsik öz sıralarına qəbul edirdilər, nə də ona müasir silahlar, havadan müdafiə sistemləri verirdilər. Krımın ilhaqından 8 il sonra da Ukraynanı taleyin ümidinə buraxdılar...
603 min kv.km-lik, 45 milyonluq ölkə bunların nəyinə lazım idi ki? Rusiya Qərb üçün nə qədər təhlükəliydisə, Kiyev Rus Dövlətinin varisi də Avropa üçün arzuolunmaz idi. Əslində Ukraynanı 1994-cü ildə nüvə arsenalından imtinaya razı salmaqla onun bugünki fəlakətli durumuna “fətva” vermişdilər. Guya ki, Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdılar. Necə qoruduqları göz önündə... İşğalın ilk günlərində “Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlar aparmağa hazırdır”, deyən prezident Putinin bu gün heç Zelenskini görməyə gözü yoxdur, hesab edir ki, o, legitim prezident deyil. Haradan-haraya gəldi münasibətlər və Ukraynanın real durumu... Milyonlarla vətəndaş ölkəni tərk edib, hətta Qərbdəki “müttəfiqlər” miqrant ukraynalıları hansısa yolla geri qaytarmaq haqda düşünüb-daşınır. Bəlkə də orduda şəxsi heyət çartışmazlığı ilə üz-üzə qalan ölkəyə “dəstək” məqsədilə. Özləri ordu göndərmədilər bu üç il ərzində. Ukrayna rəhbərliyi etiraf edir ki, onların müasir silahlarla yanaşı, ordunu komplektləşdirmək problemi var. Avropada isə Zelenskini alqışlayırlar. Əlbəttə, alqışlayarlar, Rusiyanı zəflətmək planında bufer rolunu oynayan ölkəni alqışla yola verməyə nə var ki?..
Rusiya Ukrayna ərazilərinin 20 faizinə sahiblənib, ukraynalıların təhlükəsizliyinə təminat verənlər ayıblarını örtmək, sükut işində başlarını aşağı dikmək əvəzinə, əl çalmaqla yeni fəlakətlərə sövq edirlər bu ölkənin başçısını. Koalisiyalar alqışlarla qurulmur, savaş əl çalmaqla aparılmır. Avropa, Qərb bu savaşda tamaşaçıdır! Heyif Ukraynadan, heyif taleyi darmadağın olan insanlardan!
Ukrayna prezidenti “NBC Nyus”a müsahibəsində deyib ki, Ukraynanın NATO-ya üzv olacağı və itirilmiş torpaqları danışıqlar yolu ilə qaytaracağı diplomatik razılaşma çərçivəsində Kiyev işğal olunmuş ərazilərdən imtina edə bilər… Bax, belə. Keçən il Zelenski bütöv Ukrayna hədəfindəydi. Amma dərk edirdi ki, Qərbdəki “müttəfiqləri”nə Ukrayna indiki yarım canlı halda da bəs edir. “Qələbə planı”nın ilk bəndində NATO-ya üzvlük hədəfini yazsa da, Qərbdən dəstək gəlmədi, cəbhədə itkiləri daha çox artdı.
Müharibənin 3-cü ildönümünün tamamına az qalmış ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uotz deyir ki, “Ukraynadakı münaqişə döyüş meydanında həll oluna bilməz”. Səudiyyə Ərəbistanında qurulacaq masada ədalətli sülhün əldə olunmasına kim inanır? Heç Zelenskinin də belə bir inamı qalmayıb, odur ki, əhalini ərazi itkilərinə psixoloji cəhətdən hazırlayır, NATO müqabilində. Amma Rusiya buna imkan verəcəkmi? Yaxud Böyük Britaniya qoşunlarının Ukraynada yerləşdirilməsi reallaşsa, bunun Ukraynaya faydası dəyəcəkmi? Belə olan halda Ukrayna uzun illər Suriyanın taleyini yaşayacaq, bəlkə də…
Zelenski itkilərdən danışıb. “Biz itkilər qeydə almışıq: 46 min hərbçi ölüb. Onminlərlə hərbçi döyüşdə və ya əsirlikdə itkin düşüb. Bunu dəqiq bilmək mümkün deyil, çünki itkin düşənlər ölmüş və ya əsirlikdə ola bilər və bunlar onminlərlədir, bu, doğrudur...
Bundan əlavə, 350 min əsgər yaralanıb, Rusiya 19.500 uşağı deportasiya edib. Eyni zamanda, Ukrayna işğal zamanı nə qədər insanın öldüyünü bilmir, çünki yaşayış məntəqələri işğal edildikdən sonra yarım min cəsədin olduğu qəbirlər tapılıb”. Amma Tramp bəyan edib ki, bu müharibədə 2 milyona yaxın insan ölüb və Zelenski təkzib etməyib!
Yeri gəlmişkən, Tramp “Rusiyanın NATO-ya təhlükə yaratdığına inanmıram”, - sözlərinin də müəllifidir. Bəlkə də fevralın 18-ə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, Amerika və Rusiya rəsmilərinin iştirakı ilə keçiriləcək Ukrayna danışıqlarına hazırlıq məqsədilə deyilib. Amma… Putin və Tramp anlaşsa, Zelenski nə edəsidir ki? Ən uzağı oktyabr ayında alqışlarla president kürsüsündən yola salınacaq…
“İstanbul masası”nın davamına imkan verilsəydi, mənzərə indiki qədər ağır və acınacaqlı olmazdı. Bunu həm də qərbdəkilər istəmədilər. Kiyevin 3 günə işğal olunması planını pozan Türkiyənin daha da böyüməməsi üçün…
Müharibə dəhşətdir, biz bu dəhşətləri 30 ildən çox yaşadıq. İşğal faktı ağırdır, Azərbaycan işğaldan əziyyət çəkən ölkə olduğu üçün Ukraynanın ərazi bütövlüyünə daim dəstək verib, Kiyevə davamlı şəkildə humanitar yardımlar yollayır. Odur ki, bu qanın elə bu gün dayandırılmasını, mənasız savaşa son verilməsini arzulayırıq. Heç istəməzdik ki, o gözəl Ukrayna Qəzza zolağına çevrilsin… Ər-Riyad prosesi nə verəcək? Gözləyək...
31 Mart 2025
30 Mart 2025
25 Mart 2025
24 Mart 2025
23 Mart 2025
22 Mart 2025
21 Mart 2025
19 Mart 2025
17 Mart 2025
15 Mart 2025
13 Mart 2025
12 Mart 2025
10 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
03 Mart 2025
25 Fevral 2025
24 Fevral 2025
22 Fevral 2025
21 Fevral 2025
20 Fevral 2025
18 Fevral 2025
17 Fevral 2025
13 Fevral 2025
10 Fevral 2025
06 Fevral 2025
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ