İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadrların çox şeyi həll etdiyi ölkədə yeni təyinat

 

Bu ölkədə çoxdan belədir: yüksək dövlət postuna kadr təyinatı ən mühüm siyasi hadisə sayılır. Bu barədə xəbərlər baxış sayına, tirajlanmasına görə bütün başqa xəbərləri üstələyir.

Əslində bu, anormal tendensiyadır. Dünyanın inkişaf etmiş, qabaqcıl, firavan ölkələrində kadr təyinatlarına o qədər də önəm vermirlər. Hətta məşhur bir ifadə var ki, bir çox Avropa ölkələrində vətəndaşların yarıdan çoxu, məsələn, maliyyə nazirinin ad-soyadını bilmir.

Bizdə və bizim gündə olan ölkələrdə isə elə deyil. Biz “hər şeyi kadrlar həll edir” ehkamı ilə böyümüş, yaşamış və bunu çox sınamış camaatıq, bilirik ki, yüksək dövlət vəzifəsinə kadr təyinatı mühüm məsələdir.

“Filan vəzifəyə təyin olunan kadr kimdir? - dosye” başlıqlı xəbərin günün ən çox oxunan, baxılan xəbəri olmasının sirri də bundadır.

O “dosye”yə maraq niyə böyükdür? Ona görə böyükdür ki, insanlar yüksək vəzifəyə təyin olunan yeni kadrın ilk növbədə haralı olduğunu, hansı məşhur nəslə mənsubluğunu, haralarda işlədiyini, kimin adamı olduğunu öyrənmək istəyirlər. Şəxsin aldığı təhsil və səriştəliliyi o qədər də maraq doğurmur. Düzdür, Kembrici bitirməklə ABU-nun diplomunu almaq eyni şey deyil və ikinci detal heç bir CV-ni bəzəmir, amma keçərli faktor da deyil. Çünki el arasında “kitayski universitet” adlandırılan məktəblərin diplomalarını hansısa yolla alan xeyli adam orta ranqlı vəzifələr tutur. Aralarında deputat olanlar da var.

Budur, kənd təsərrüfatı naziri postunu tutan (bundan əvvəl “ASAN xidmət”in rəhbəri olan) İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunacağı və məsələnin prisipcə artıq həll edildiyi barədə xəbər ölkədə, necə deyərlər, ajiotaj doğurub. Minlərlə adam bu barədə status və şərh yazıb. Müzakirə davam edir.

Bu təyinatı həmişəki, hər təyinatda olduğu kimi, böyük ruh yüksəkliyi ilə qarşılayanlar, “vaxtında verilmiş qərar” adlandıranlar, bu təyinatdan sonra “həmin sahədə ciddi dönüş və islahatlar aparılacağına inananlar”, yeni sədrə uğurlarının davamlı olmasını arzulayanlar var.

Bu, bir ənənədir. Mütləq yüksək vəzifəyə təyin olunan şəxslərdən həm ictimai, həm də şəxsi planda gözləntiləri olanlar çox olur. Məyusluq epoxası sonra başlayır – gözləntilər doğrulmayanda. Xüsusilə də şəxsi planda olan gözləntilər.

Ancaq bəri başdan yeni kadr təyinatına dodaq büzən, rişxənd predmeti edən, “bu təyinata heyrətlənən”, “gözlənilməz” və “uğursuz” sayanlar da var. Bu da bir ənənədir. Bu xüsusdakı tənqidi fikirlər obyektiv və subyektiv səciyyə daşıyır. Müxalif qüvvələr bir qayda olaraq, istənilən kadr təyinatını uğursuz sayırlar. Ötən illərdə “uğursuz kadrlar”a dair çoxsaylı presedentlər olduğundan onların bu mövqeyi haqlı görünür.
Bir də yüksək vəzifəyə təyin edilən kadrın seçilməsi zamanı əldə rəhbər tutulan kriteriyalar tənqid hədəfi olur. Ancaq bu sirr deyil ki, Azərbaycan kimi ölkələrdə yüksək vəzifəyə təyin edilən kadr üçün ən önəmli kriteriya şəxsi sədaqət məsələsidir. Harvardda bakalavr, Oksfordda magistr dərəcəsi alan yüksək ixtisaslı kadrın sədaqətinə şübhə varsa, öz reklamına önəm verəndirsə, daxilində yatmış ambisiya vulkanı gəzdirirsə, ona yüksək dövlət vəzifəsi verməyəcəklər.

Son 29 ildə (Surət Hüseynovun baş nazir postundan götürülməsindən sonra) baş nazir postuna təyin olunan şəxsləri bioqrafiyasına və reputasiyasına fikir verin, onların hamısını birləşdirən yoğun bir xətt var – ambisiyasız olmaları, hakimiyyət daxilində problem yaratmamaları. Fuad Quliyev də belə idi, Artur Rasizadə də, Novruz Məmmədov da...

Əsas kriteriya budur. Son illərdə yüksək vəzifəyə təyin olunan şəxslərin seçimi zamanı artıq hansı mahaldan olmaları, hansı məşhur şəcərəyə mənsubluqları o qədər də rol oynamır, əsas diqqət adamın təhsilinə, bir neçə dil bilməsinə, kadr olaraq harada yetişməsinə və nə dərəcədə sədaqətli olub-olmamasına yetirilir. Bir də deyilənə görə, “şəhər uşağı” olmaq kimi bir vacibat da var, amma bu, ciddi qəbul olunmur.

Bir kadrın müxtəlif vəzifələrdə sınanması isə İsraildə çoxdan sınaqdan keçirilib (bu barədə əvvəllər də yazmışıq). İsraildə baş nazir olmuş şəxslərin bioqrafiyasına baxın. Əksəriyyəti müxtəlif vaxtlarda idman naziri postundan tutmuş ta təhsil, səhiyyə, ticarət, müdafiə, daxili işlər və xarici işlər naziri vəzifəsinə qədər hər sahədə çalışıblar.

Kanada, İtaliya, Yaponiya kimi ölkələrdə də belədir. Çünki nazir postu sırf siyasi postdur. Ona təyin edilən şəxsin ixtisası fərqli ola bilər. Fəqət Ali Məhkəmə elə bir xüsusi sahədir ki, onun rəhbərinin hüquqşünas olması vacibdir, istisna yeri yoxdur.

İnam Kərimov hakim işləməsə də, hüquqşünasdır, bu sahəni bilir. Onun “ASAN xidmət”də uğuru danılmzdır, ancaq eyni şeyi Kənd Təsərrüfatı Nazirliyindəki fəaliyyətinə aid də demək olarmı, qoy bunu onun komandasının piarçıları desin. Biz yalnız hər şeyin yaxşı olacağına ümid edə, inam bəsləyə bilərik – zatən, 30 ildən çoxdur ki, etdiyimizin adı budur və artıq xroniki hal alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

16 Sentyabr 2024

13 Sentyabr 2024

11 Sentyabr 2024

09 Sentyabr 2024

07 Sentyabr 2024

05 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

27 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

24 Avqust 2024

23 Avqust 2024

21 Avqust 2024

19 Avqust 2024

17 Avqust 2024

15 Avqust 2024

14 Avqust 2024

13 Avqust 2024

12 Avqust 2024

10 Avqust 2024

08 Avqust 2024

06 Avqust 2024

04 Avqust 2024

02 Avqust 2024