İnsanlara hürriyət, millətlərə istiqlal!

Generalın həbsinin mənəvi-psixoloji nəticələri

Qulaq hər gün təzə söz eşitməsə kar olar. Belə el hikməti vardır. Eyni məntiqlə əl hər gün rüşvət almasa şikəst olar, göz hər gün təzə xəbər görməsə kor olar. Bu prosesi başqa orqanlar üzərində tətbiq eləmək istəmirəm, hələlik icazənizlə burada dayanıram. Ancaq hökumətimizə fürsətdən istifadə edərək dərin minnətdarlığımı çatdırıram.

Bu minnətdarlığa Astaranın Şüvi kənd sakinləri də qoşulur. Elə-belə. Onsuz kəndə qəzet çatmır, nə biləcəklər ki? Onlar xəbər tutana qədər mən onların adından minnətdarlıq eləyim, sonra görək nə olur.

Sözgəlişi, bir astaralı dostum məktub yazıb, deyir rayonumuzun 3 kəndinə hələ də... elektrik xətti çəkilməyibdir. Təsəvvür elə. 21-ci əsrdir. Biz də hansı kənddə internetin sürəti neçədir, hara qaz verilməyib, bunun dərdini çəkirik. Yenə təkrar yazıram: 3 kənddə ümumiyyətlə, elektrik xətti yox imiş. Ümidvaram orada tezliklə feodalizm quruluşu qalib gələr.

Qayıdaq mövzuya. Mövzu isə budur ki, dünən mən xəbər gördüm: Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov həbs edilmişdir. Generalın “Tərtər işi” ilə bağlı saxlandığı güman olunurmuş.

Bax, belə şeylər oxuyuruq deyə gözümüz açılır. Yoxsa kor olub qaranlıq mağaralarda yarasa kimi şam işığında oturardıq. Fürsətdən istifadə edib bir daha icra hakimiyyətinə təşəkkür eləyirəm, ümidvaram onlar növbəti səyyar görüşlərini bizim həyətdə, iydə ağacının altında keçirərlər.

İcra hakimiyyətinə nə qədər təşəkkür eləsən azdır. Bu yaxında bir “Qai” işçisinin sürücüyə ərz elədiyi kimi, onlar ömür-günlərini bizim yolumuzda gecə-gündüz şam kimi əridirlər. Biz özümüzü minnətdarlıq üçün icra hakimiyyətinin qabağında nə qədər yandırsaq da yenə azdır. Əvəzini vermir.

Xülasə, xəbərdə mənim xoşuma gələn nə oldu? Bizdə ordunun belə bir idarəsinin varlığı. Bu, belə başa düşdüm ki, vaxtilə sovet ordusundan qalma “zampolit” - siyasi işlər idarəsi fason bir zaddır. Əsgərləri tərbiyə eləyir, onlara vətənpərvərlik, nefti-qazı, muğamatı, Müslüm Maqomayevi, Koroğlunu, Babəki, İmam Hüseyni sevməyi aşılayırlar. Axırıncını havadan yazmadım. İnternetdə idarənin adı ilə bağlı axtarış verəndə qarşıma bir qəribə fotoşəkil çıxdı. MN-də, bu idarənin iclasında çəkilmişdi və tribunada... Hacı Şahin danışırdı. Açığı, mən hörmətli hacının ordumuzun zabiti olduğunu bilmirdim.

İndi belə idarənin müdirini tutmaqla biz əsgərlər arasında mənəvi-psixoloji təminatı zəiflətmiş oluruq. Sözgəlişi, iki-üç gün qabaq Emin Ağalarovun Kəlbəcərdə əsgərlərimiz qarşısında konsertini də məhz bu idarə təşkil etmişdi (bəlkə orada əsgərlər yaxşı çapan çalmayıb, general bunun badına gedib?) Əsgər təkcə konserva, çörək, ət-yağla qidalanmır. Ona vaxtaşırı konsert vermək lazımdır. Hələ Vyetnam müharibəsi vaxtı Amerika ordusu əsgərlər qarşısında pop manısların çıxışlarını təşkil edirdi, bunu mən kinoda görmüşəm.

Eyni zamanda sual ortaya çıxır ki, ideoloji iş və mənəvi-psixoloji idarənin generalı, başçısı bu cür ilişirsə, hadisə şəxsi heyətin digər hissəsində mənəvi-psixoloji duruma mənfi təsir göstərməyəcəkdirmi? (Axırıncı sözü güclə yazdım, qədrimi bilin. Bu dəqiqə mənim özümün də ideoloji iş və mənəvi-psixoloji yardıma ehtiyacım var). Hərçənd mənim yadımda gəlir ki, vaxtilə Səfər müəllim nazir olanda təxminən bu funksiyanı yerinə yetirən müavini, general Mehman Səlimovu da həbs eləmişdilər, lakin bu həbs ordumuzun mənəviyyatını pozmadı. Hələ əksinə, daha hirslənib gedib ermənilərin ağzını cırdılar.

Yəni güman edirəm Bəkir müəllimin həbsi sayəsində biz Zəngəzur dəhlizini açarıq. Ən azı. Sonrası Allah kərimdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024