Onlayn ictimai-siyasi qəzet
Ağsuda məktəb direktoru 1 gün dərsi buraxan müəllimdən 10 manat rüşvət istəyib. Müəllim 5 manat verib. Direktor yerdə qalan 5 manatı da israrla tələb eləyib, lakin müəllim deyir yoxumdur, dərs saatım filan qədərdir, maaş azdır, nə edim, əlac yoxdur, yıx yerə, başımı kəs, cəmdəyimi şaqqalayıb məktəbin darvazasından as, qalan müəllimlərə görk olsun və sairə və ilaxır. Bütün bu diskussiya mobil telefon vasitəsiylə audioyazıya alınmışdır.
Təbii, məktəblərdə mobil telefonlarla buna görə mübarizə aparmalıyıq. Vəziyyəti çəkirlər, qeydə alırlar, yayırlar. Nəticədə təhsil sektoru gözdən düşür. Çəkən olmasa, problem də olmaz. Məsələn, mənim yadımdadır, biz uşaq olanda müəllimlər şagirdləri eşşək balası kimi ayaqlayırdılar. Kimya müəllimi səs salan uşağın üzünə sulfat turşusu atmışdı. Fizika müəllimi elektrik dərsində bizi toka verirdi. Coğrafiya müəllimi sinif yoldaşımızı dərsdən elə qovdu ki, uşaq dünya səyahətinə çıxdı, eşitdiyimə görə hələ Azərbaycana qayıtmayıb, axırıncı dəfə Rusiyada, Oymyakon dərəsində görüblər.
Riyaziyyat müəllimimiz vurma cədvəlini bizə odunla başa salmışdı. Bəli, adi odun parçası. Sobada yandırılan. O vaxt məktəbi odunla qızdırırdıq. Başımıza, qolumuza, qılçamıza, türkün sözü, dalımıza o qədər odunla vurdu, axırda biz nəinki adi vurma cədvəlini əzbərlədik, hətta bir sinif yoldaşımız fikrində 4 rəqəmli ədədləri vurmağı bacarırdı. İndi də odunla qızan məktəblərimiz var. Hər il Təhsil Nazirliyi o məktəblərə odun almaq üçün tender elan edir. Lakin mənə məlum deyil nədən müəllimlər uşaqlara vurma cədvəlini odunla izah eləmir.
Mənə məlum olmayan şeylər çoxdur. Biri elə direktorun 10 manata möhtac olmasıdır. Gör nə qədər ucuzluq yaradılıb, insan əməyinə hörmətin miqyası sensasiondur. Müəllim isə 10 manat rüşvəti verməyə pul tapmır, 5 manat verir, deyir qalanını başqa vaxt verərəm. Fısqırıq temadır. Allah kəssin belə təhsili. Biz gərək elə şərait yaradaydıq müəllimin 1 gün dərsdən qalmasının taksası 100 manat olaydı. Müəllimin də imkanı 50 manata çataydı. Məsəl üçün. Lap 1000 istəsin. Niyə də yox? Pulumuz çoxdur.
Elə bugünlərdə Naxçıvanda gömrüyün şöbə müdirini 132 milyon manat, yerli maliyyə nazirini isə (orada hərə özünə görə nazirdir - unikal bölgədir, bir növ “Stalker” filmindəki arzuları yerinə yetirən Zonadır) 144 milyon manat yeyinti üstündə basmarlayıb türməyə salıblar. Həyat tərzimizdəki kontrasta, təzada fikir verirsinizmi? Məktəb direktorunun yeyintisi 10 manatdır, o da hələ müəllimdə pul olsa. Dövlət məmurunun yeyintisi isə 132 milyondan başlayır. Müəllimə qarşı hörmətsizlikdir.
Dəqiq bilirəm ki, həmin o maliyyəçi və gömrükçü nadürüstü (bu, söyüş deyil, cüvəllağı, fırıldaqçı, əliəyri, dürüst olmayan adam deməkdir) toya-yasa çağıranda, hansısa müəllim haqda söz demək lazım gələndə onlar boğazdan yuxarı xeyli qar-qur eləyiblər. Atamız bizi yerə endirdi, müəllim bizi göylərə qaldırdı, ey hörmətli müəllim, qəlbimizdə yerin var, hər mobil telefonda, sənin səs yazıların var və sairə. Ancaq oğurlayanda heç deməyiblər ki, ay filankəs müəllim, al, bunu da sən ye, uşaqlarına ver, daha 5 manatdan ötrü zəlil olma.
Açığı, ədalətsizliyin miqyasından elə hirslənmişəm, heç yazını da bitirmirəm, nöqtə qoymuram, qoy açıq qalsın
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ