Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ənənə halını almış Münxen Konfransı çərçivəsində keçirilən debat və müzakirələrdə Ermənistan rəhbərliyinə necə dərs keçdiyini düşmənlər çətin ki, unutsun. Özü də bu dərslər hələ Qarabağa, Şərqi Zəngəzur işğal altında olduğu zamana təsadüf edirdi. Bu mənada növbəti görüş ərəfəsində Nikol Paşinyan və havadarlarının nə qədər həyəcanlı olduğunu bir anlıq təsəvvür edək...Amma bu, başqa müzakirə mövzusudur...
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Rəsmi məlumatda deyilir ki, İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırıb. Daha sonra dövlət başçımız olduqca vacib olan məsələləri yeni sədrin diqqətinə çatdırıb. Məlumata görə, Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Prezident bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Kifayət qədər aydın mövqe qısa şəkildə, qətiyyətlə, prinsipiallıqla və məntiqi izahı ilə ifadə olunub. Bundan sonra hər hansı suala yer qalmır və əgər yenə də ATƏT-in Minsk Qrupu adlı nimdaş qurumun hərəkətə gətirilməsi cəhdi göstəriləcəksə, onda təşəbbüskarlar ağlına dua yazdırmalı, yaxud da özlərini həkimə göstərməlidirlər.
ATƏT-in Minsk Qrupu nə üçün yaradılmışdı? Qarabağ məsələsinin həll olunmasına vasitəçilik missiyasını yerinə yetirməkdən ötrü. Missiyasının öhdəsindən gələ bildimi? Əsla!
Ötən illərdə dövlətimizin rəhbəri Minsk Qrupu haqqında qiymətini verib, sözünü deyib. Hətta qrup üzlərinin özlərinə, üzlərinə! Yəqin xatırlayırsınız, Prezident İlham Əliyev Vətən Müharibəsindən az sonra, 2020-ci ilin 12 dekabrında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdi, onların israrlı xahişindən sonra. Torpaqlarımızın azadlığına Azərbaycan əsgərinin canı-qanı bahasına nail olunmasından sonra Bakıya gələn “çağırılmamış qonaqlar”a Müzəffər Ali Baş Komandan dərs vermişdi. “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”-deyən dövlət başçısı bildirmişdi ki, beləliklə, Azərbaycan bu məsələni özü həll etdi, Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur elədik.
Prezident Əliyev həmin görüş zamanı illər boyunca Qarabağa sadəcə “turistik səfərlər” ünvanı kimi baxan həmsədrlərə DƏRS verməmişdi, həm də Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlı vacib mesajlar səsləndirmişdi. Bildirmişdi ki, illər öncə həmsədr ölkələrin prezidentlərinin bəyanatları olub. Sitat: “Məncə, bu, təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. Onlar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər ki, status-kvo qəbuledilməzdir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin, deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbuledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir”.
Dövlət başçısı diplomatların üzlərinə demişdi ki, Minsk Qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər ediblər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olublar, şəhərlərimizin tam dağıdılmasına şahidlik ediblər. “Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var”-demişdi Prezident. Yəni həm də o demək idi ki, bu vandalizmə dolayı və birbaşa dəstək verən həmsədrlər olub. Nəhayət, necə deyərlər, nə üzlə yenə gəlmisiniz?!
Başqa bir xatırlatma: “Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”. Bütün bu həqiqətlər həmsədrlərin sifətinə deyilmişdi və gözlənilirdi ki, nəticəsi olacaq...Hətta ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti demişdi ki, “cənab Prezident, biz Sizi diqqətlə dinlədik... Mən, əlbəttə ki, sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm... Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam”.
Çatdırdı, çatdırmadı, bilmirik. Amma “nəticə”sini gördük: Makronun azı üç dəfə BMT TŞ-də anti-Azərbaycan qətnamə qəbul etdirmək cəhdini, Fransa Milli Assambleyası və Senatının Azərbaycana qarşı əclafcasına davranmasını, Fransanın bölgədə gərginliyi tətikləmək üçün davamlı cəhdlərini, Laçın yolu ilə həyata keçirmək istədiyi “TIR siyasətini”, Aİ missiyası çətiri altında “binokl siyasəti”ni, AŞ PA-da apardığı anti-Azərbaycan müharibəsini, daha nələri...Bundan sonra hansı üzlə və ən əsası niyə gəlirlər? Bitdi məsələ! Azərbaycan Prezidenti andiçmə mərasimində sözünü dedi: “Biz öz məsələmizi həll eləmişik! Gedin öz işinizlə məşğul olun!” Və onu da dedi ki, “Biz Xankəndidəyik!” Yəni həmsədr ölkələrin, elə həmsədrlərin 30 ildən artıq müddətdə separatizmin, xunta rejiminin beşiyi kimi bəslədiklərinin başını əzərək, beynəlxalq ədaləti təmin etmişik.
Prezident sözügedən görüşdə keçmiş həmsədrlərə ev tapşırığı vermişdi. Heç biri tapşırığa əməl edə bilmədi, hər hansı müsbət addımlar atılmadı, nə diplomatlardan, nə də onların ölkələrindən. Prezident demişdi ki, bizim üçün Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir. “Biz buna siyasi yollarla nail olduq və Paşinyan bunu Bəyanat vasitəsilə imzaladı. Bununla da Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsi təmin ediləcək”-deyən Prezidentimizin mövqeyini müdafiə etdimi həmsədrlər? Əksinə, azı iki ölkə Zəngəzur dəhlizinin açılmaması üçün var gücü ilə çalışır, yaxud özlərinin bu istiqamətdə varlığını təmin etməyə çalışırlar. Son təxribatlardan bir neçə gün əvvəl ABŞ-ın İrəvandakı səfirinin “Azərbaycanla sərhədə getməyin”, çağırışı, Fransa generalının Ermənistandan Azərbaycan tərəfə boylanması kimi addımlar həmsədr ölkə adına heç cür uyğun gəlmir. Bunlar qarışdıran həmsədrlərdir, barışdıran deyil, ona görə də öz işləri ilə məşğul olsunlar!
Bütün bunlar yəqin ki, daha geniş şəkildə ATƏT sədrinin nəzərinə çatdırılıb. Prezident Münxenə Azərbaycanın bütün ərazilərində ilk dəfə keçirilən seçkilər zamanı ona etimad göstərən milyonların mandatını alaraq gedib. Bunu da kimsə unutmasın! Həm də dövlət başçımız andiçmə zamanı “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi”, demişdi. Tabut mismarlandı, xunta rejiminin qalıqları basdırıldı, keçmiş həmsədrlər isə pensiya ömrünü yaşasın, amma öz ölkələrində... İnanaq ki, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq və onun xələfləri daha bu mövzu ilə bağlı nə özünə, nə də Azərbaycan rəhbərliyinə əziyyət vermək barədə düşünməyəcəklər... Prezident Əliyev həmsədrlərə çox vaxt sərf etmişdi, qızıl vaxtını onlara ayırmışdı. Dəfələrlə dərs demişdi, ev tapşırıqları vermişdi. Amma Qarabağda tut arağına aludə olan bu turistlər dərs almaq, oxumaq, öyrənmək istəmədilər, ev tapşırıqlarına əməl etmədilər. Beləcə, Prezident Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Münxen mismarı vurdu! Söhbət bitmişdir!!!
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ