Onlayn ictimai-siyasi qəzet
Görünən budur ki, Putin həmişə digər liderlərə nümunə göstərdiyi, “sözünün arxasında duran siyasətçi”, “mujik” adlandırdığı Türkiyə prezidentinin niyə belə bir addım atdığını anlamağa çalışır...
Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfərindən sonra bu ölkənin Rusiya ilə münasibətləri gərginləşib. “Azov” komandirlərini Zelenskinin öz təyyarəsində ölkəsinə aparması və onların döyüş bölgəsinə yollanacağı xəbərləri Rusiyanın “mozol”unu basmaq effekti verdi.
Onlar 2022-ci ildə Mariupoldakı “Azovstal” zavodunun mühasirəsindən sonra Rusiya tərəfə əsir düşmüşdü. 2022-ci ilin sentyabr ayının 21-də isə Rusiya Kremlyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuku 5 “Azov” komandiri - Denis Prokopenko, Sergey Volınski, Svyatoslav Palamar, Denis Şleqa və Oleq Xomenko ilə dəyişdirmişdi. Rusiya “Azov” batalyonunun 5 rəhbərinin Türkiyədə qalması şərtini irəli sürmüşdü və Ukrayna buna razılıq vermişdi. Bundan sonra Rusiya və Ukrayna təyyarələri Ankara hava limanına enmiş və o zaman Hakan Fidanın rəhbərlik etdiyi MİT-in vasitəçiliyi ilə Medvedçuk 5 ukraynalı komandirlə dəyişdirilmişdi. O zamandan “Azov”çular Türkiyədə həbsdə deyildilər, hətta keflərinin kök olduğu da məlumdur, amma razılaşmaya görə onlar hələ sonu görünməyən müharibə bitənədək Türkiyədə “qonaq” statusunda qalmalı idilər.
Məlumdur ki, Kreml Türkiyənin bu addımını mövcud razılaşmaların şərtlərinin pozulması adlandırıb. Amma görünən budur ki, Putin həmişə digər liderlərə nümunə göstərdiyi, “sözünün arxasında duran siyasətçi”, “mujik” adlandırdığı Rəcəb Tayyib Ərdoğanın niyə belə bir addım atdığını anlamağa da çalışır.
Rusiya mediası isə sanki bir bəhanə gəzirmiş kimi Ərdoğanı “asıb-kəsir”, sərt başlıqlarla məqalələr dərc edir. Yeri gəlmişkən, Zelenski Ərdoğanla görüşə gələndə elə Rusiya mediası yazmışdı ki, Ukrayna prezidentinin əsas məramı iki ölkə arasında münasibətləri pisləşdirməkdir. O zaman şəxsən mən bunu ciddi qəbul etməmişdim. Daha bir maraqlı detal. Bu səfərdən iki gün əvvəl Dövlət Dumasının Krımdan olan deputatı nədənsə yaddan çıxmış “Azov” komandirlərinin ekstradisiyasını gündəmə gətirmişdi. İndi informasiyaların “ipini” bir-birinə bağlayanda bu nəticəyə gəlmək də olar ki, Rusiya Türkiyənin “Azov” komandirləri ilə bağlı qərarından məlumatlı olub.
“İmam üçün ağlayanda, gərək Yezidi də yaddan çıxarmayasan”. Onu da nəzərə almaq lazımdır ki, Kremlə hazırda ciddi ictimai basqılar var. Priqojinin baş tutmayan qiyamından sonra onun heç nə olmamış kimi bağışlanması Rusiya hakimiyyətinə qınaqları artırıb. “Azov”la bağlı məsələ isə indi Kreml tənqidçilərinə “bu hakimiyyətlə daha heç kim hesablaşmır” ittihamı üçün fürsət verib. Təsadüfi deyil ki, media Türkiyəyə “tutarlı cavab verilməsi” barədə ən müxtəlif dairələrə bağlı politoloqların çağırışları ilə doludur. Əsas xətti isə Türkiyə ilə Qafqazda əməkdaşlığa yenidən baxılması təşkil edir. Münasibətlərin davamlı olmasının önəmini anlayanlar olduğu kimi, “odun üstünə benzin tökənlər” də var. Dövlət Dumasının bəzi deputatları bu mənada “fəallığı” ilə seçilir. Bəziləri hətta iddia edirlər ki, guya Türkiyə Ukraynaya S-400 zenit-raket kompleksi də təhvil verə bilər, hətta “indi bu məsələ NATO-Türkiyə arasında danışıqların predmetidir”. ABŞ-ın Türkiyəyə belə bir təklif etdiyi haqda məlumatlar yeni deyil. Amma Rusiyadan aldığı kompleksi Ankaranın heç bir halda Ukraynaya verməyəcəyi baradə də mövqeyi var. Bu həm də Türkiyənin münaqişədə tərəfsiz mövqeyini ciddi zədələyə bilər. Bu, baş verərsə, əlbəttə ki, Rusiya-Türkiyə münasibətləri geridönməz həddə pisləşə bilər...
Ərdoğanın niyə belə bir addım atması barədə ən müxtəlif iddialar var. Məsələn, “Moskovskiy Komsomelts” qəzetinin Türkiyə üzrə redaktorunun fikrincə, bu səbəblərdən biri Ukraynanın T-155 özüyeriyən haubitsalar almaq niyyəti ilə bağlıdır. Belə bir rəy var ki, Ankara Rusiya ilə münasibətləri gərginləşdirəcəyini anlayaraq bu haubitsaları vermədi, eyni zamanda, Zelenskiyə 5 komandiri vermək jesti etdi.
İkincisi, Ərdoğan bu addımı NATO müttəfiqlərinə onun Rusiyayönümlü olmadığını və hətta istəyərsə, Moskva ilə razılaşmaları poza biləcəyini göstərmək üçün də ata bilərdi. Səbəblərdən biri kimi taxıl sövdələşməsi də göstərilir. Məlumdur ki, Rusiya razılaşmadan çıxmaq istəyir və ola bilsin ki, Ankara “mozol”a basmaqla başa salmaq istəyir ki, bu, Türkiyənin də ehtiyacı olan çox mühüm bir razılaşmadır, onun da maraqları nəzərə alınmalıdır. Mümkün variantlar sırasında Rusiya Aerokosmik Qüvvələrinin İdlib, Hələb və sair zonada əməliyyatlarının intensivləşməsi də ola bilər.
Kreml sözçüsü Dmitri Peskov deyib ki, NATO sammitindən əvvəl Türkiyə böyük təzyiq altında olub və “Moskva hər şeyi mükəmməl başa düşür”. Peskov Putinlə Ərdoğan arasında telefon danışığının hələ ki, planlaşdırılmadığını bildirib. Əlavə edib ki, Rusiya Türkiyə ilə münasibətləri davam etdirmək niyyətindədir və bu əməkdaşlıq çoxşaxəlidir. Kifayət qədər təmkinli reaksiyadır.
Kreml əlbəttə ki, Türkiyənin önəmini başa düşür, amma Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Azov” mövzusu ictimai rəyi qıcıqlandırıb və yəqin ki, bu mərhələnin ötməsi üçün uzun zamana ehtiyac olmayacaq.
Ümid edək ki, bu gərginlik tezliklə tərəflərin səyi nəticəsində aradan qalxacaq, çünki bu, Azərbaycanı da yaxından maraqlandıran məsələdir. Bu gərginlikdən isə qazanan tərəflər də bəllidir: Ermənistan və Qərb...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ