İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmi bölüşdürmə

“Qüvvət elmdədir, başqa cür heç kəs,

Özünə villa, göydələn tikə bilməz"

(Nizami)

Orta və ali təhsildən yadımda qalana görə, sıfırı sıfıra vuranda yüz alınır, ona görə təhsillə elmin birləşməsi ölkəmizdə böyük irəliləyişə səbəb olacaqdır. Mən bu islahatı dördəlli dəstəkləyənlər sırasına qoşuluram və hətta arzu edirəm kaş mədəniyyət, gənclik, turizm də elm-təhsilə birləşdiriləydi. Çünki bunların hamısı üzvi vəhdət təşkil edir.

Çayxanaya gedirsən, sənə limonu iki universitet qurtarmış adam gətirir. Ərəbləri saunaya aparırsan, bellərinə elmlər namizədi kisə çəkir. Gənclərimiz də, maşallah, hamısı elmi araşdırmalarla məşğuldur, hansından istəsən soruş, sənə patıdan, kakosdan, şüşədən mühazirə oxusunlar, kristal kokainin (eh, bu söz birləşməsi zəhmətkeşlərimizdə hansı nostaljilər oyadır) tərkibini əzbər söyləsinlər.

Ancaq indilik görünür elm və təhsilin birləşməsi bəs eləyir. Eybi yox, Moskva birdən-birə tikilməyib. Hamısına vaxtımız çatacaqdır.

Doğrudan da, bəzi muzeylərin Akademiyaya, bəzilərinin isə Mədəniyyət Nazirliyinə tabe olması anlaşılmaz durum yaradırdı, indi bütün şair-yazıçıların ev muzeyləri MN-ə verildi. Bu da mühüm islahatdır. İkincisi, orta məktəblərimizdəki laboratoriyalarda, universitetlərimizin elm guşələrində daim axtarışlar aparılırdı, Akademiya institutlarının bazasını bura qatanda böyük elmi kəşflərə imza atmağımız an məsələsidir.

Sözgəlişi, ölünün dalıyca danışmaq dəbdir, bizdə də bu dəqiqə əlinə qələm-mikrofon alan Akademiyanın cəmdəyinə döşəyir. Guya ora çoxlu pul sərf edilirmiş, lakin ortaya elmi kəşflər-zad çıxmırmış. Yezid üçün də ağlamaq lazımdır, Akademiyaya, elmə ayrılan vəsait bizdə dünyanın ən cüzi vəsaitləri sırasında idi.

Məsələn, bir çox dövlətlərdə elmə Ümumi Daxili Məhsulun 2-4 faizi aralığında pul ayrılır. Bəs bizdə nə qədər idi? Sıfır tam yüzdə iyirmi iki faiz. Rəqəmlə də yazıram: 0,22 faiz. Söhbət hansısa 130 milyon manatdan gedirdi. Qəpik-quruşdan. Xatırladıram ki, prokurorluq 2017-ci ildə MTN-in bir neçə generalının 56 milyon manatlıq oğurluq əmlakına həbs qərarı qoymuşdu.

Bizdə bu saat da elə məmur, dövlət qulluqçusu var, onun villası Akademiyanın binasından böyükdür. Boş-boş oturub domino-nərd oynamağa gələndə də, alimlərimiz başqa dövlət idarələrindən fərqlənmirdilər. Sovet vaxtı faydalı iş əmsalı - FİƏ deyilən bir göstərici vardı, bizim nazirliklərin çoxunda FİƏ sıfırdan aşağıdır. Yalançılıq, yaltaqlıq, qeybət, boşboğazlıq, əxlaqsızlıq, mənəviyyatsızlıq kimi işlərdə də alimlərimiz cəmiyyətin başqa nümayəndələrinə nisbətdə böyük fərqlər ortaya qoymurdular.

Sadəcə, “suç keçisi” olmaq növbəsi bu dəfə onlara çatmışdır. Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Burada hamı əvvəl-axır maşının çarxları arasından keçməlidir. Sistem belə tələb edir. Partiyaların, QHT-lərin, qəzetlərin, manısların, nə bilim, rəqqasələrin və aparıcıların ağ yuyulub qara sərilməsi proseslərindən qətiyyətlə keçmişik, indi zər alimlərin xanasına düşüb. Necə deyərlər, məşədi, yemisən, pulunu ver. Müftə pendir siçan tələsində olur.

Bir də mən islahatın bəzi maddələrini başa düşmədim. Məsələn, Dendrologiya İnstitutu ETN-ə verildi, Nəbatat bağı isə AMEA-da qaldı. Bunların ikisi də aşağı-yuxarı eyni şeydir, balaca meşəlikdir. Bəlkə Nəbatatı AMEA-da saxlayırlar ki, qoca akademiklər içində gəzişə bilsin?

Yaxud Şamaxı rəsədxanası AMEA-dan alındı, çox gözəl, bəs bunu niyə ETN-ə (Elm və Təhsil Nazirliyi) verirsiniz? Bu idarəni QMİ-yə (Qafqaz Müsəlmanları İdarəsi) birləşdirməliyik, Ramazan bayramında Ayın çıxmasını öyrənmək üçün.

O cümlədən, bizdə zoologiya, botanika, hətta insan haqları institutlarının olmasını hardasa anlayıram, bəs Coğrafiya İnstitutu bizim nəyimizə gərəkdir siz Allah? Biz Yer planetində nəyi öyrənib, kəşf edə bilərik? Bəlkə Xəzərdə təzə materik tapacağıq? O qədər ümidsiz fənndir, heç qabaqlar qəbul imtahanına da düşmürdü.

Bir də biz bu islahatın nəticəsi olaraq alimlərin də “Fərmandeh”, meyxana oxumasını, özünü pəncərədən atmasını gözləməliyikmi?

Nəhayət, bu paylaşdırmada Ramiz müəllim hara düşdü, bunu bizə izah etməlidirlər. Gələcəyimiz üçün əsas sual budur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024