İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvador yolu

Xalqın etirazlarından sonra prezident benzinin qiymətinin hər litr üçün 17 qəpik aşağı salınacağını bəyan etmişdir. Zəhmətkeşlər buna necə reaksiya vermişdir, hələlik məlumatım yoxdur, əgər olsa da burda yazan deyiləm. Nəyimizə lazımdır? Çünki mən qəsdən yuxarıdakı birinci cümlədə əhvalatın məkanını göstərmədim, istədim uca xalqımız bir növ umsuq olsun. Əhvalat isə Güney Amerika məmləkəti Ekvadorda cərəyan etmişdir. İndi orda benzinin litri bizim pulla təxminən 97 qəpik olmuşdur. Bizdə isə hazırda benzinin yaxşıları 1 manat 50 qəpikdən başlayır.

Hökumət adətən bunu dünya bazarında qiymətlərin qalxmasıyla əlaqələndirir və düz də edir. Məsələn, bu dəqiqə Amerikada benzinin qallonu (1 qallon 4 litrə yaxındır) 5 dollara yaxın qiymətə satılır, xalqı qışqırışma başına alıbdır. O yazır, bu cızır, tənqid, təhqir... Bayden az qala istefaya göndərirlər. Halbuki, bizim hesab-kitabla bölüb-çıxanda yenə ABŞ-da benzin bizdəkindən qat-qat ucuz çıxır, çünki orda minimum əmək haqqı 2000 (iki min dollar) ətrafındadır, ştatdan ştata az-maz dəyişir, bizim şanlı Azərbaycanda isə 140 dollara bərabər bir zaddır, hansı ştatda... üzr istəyirəm, rayon və kənddə yaşayırsan, yaşa, heç dəyişilmir.

Dünən bir deputatın çıxışını gördüm, heç adını yazmağa da ehtiyac görmürəm, aşağı-yuxarı bunlar da hamısı ekvivalentdir, deyir xalqı qəsdən qızışdıran qüvvələr var, əslində bütün dünyada qiymət artımı var, bahalaşma qlobal problemdir, bunu niyə başa düşmürsünüz və sairə.

Təbii. Yaponiya batıb, İtaliya çöküb, Almaniya da dağılır. Sözgəlişi, Aşıq Ələsgərin bu temada bir maraqlı şeiri var, yanılmıramsa 1-ci dünya savaşına həsr olunub, ordan iki bəndi burda yazaq:

“Nеcoldu Sеrbiya, Çornuqoriya?!
Əl-ayaq altında itdi İtalya.
Gеrman bir bom atdı, qan oldu dərya,
Qırıldı, dünyada insan qalmadı.

Bağlanıb zavodlar, kəsilib qəndlər,
Qaynamır samavar, artıbdı dərdlər.
Niyə ağlamasın yazıq övrətlər,
Söküldü döşəklər, yorğan qalmadı”.

Bizdə şükür, hələ sökülməyən yorğanlar qalır... Ancaq bu andıra qalmış qlobal təsirlər necə maraqlı şeydirsə, onun yalnız ziyanlı tərəfi bizə yoluxur, heç xeyirli tərəfini görmədik. Örnək üçün, qloballaşma beynəlxalq ticarətin, dövlətlərarası münasibətlərin asanlaşması, siyasi, sosial, mədəni tərəqqi vəd edir. Bizdə isə qloballaşma qiymət qaldırma lazım gələndə yada düşür. Neftin qiyməti 40 dollar olanda da azərbaycanlı işsizdir, 125 dollar olanda da.

Amerikada, Almaniyada, Türkiyədə, hətta teokratik İranda müəyyən seçkilər demokratik keçirilir. Kimlərsə gedir, kimlərsə gəlir, sosial nərdivanlar, liftlər çalışır, bacarıqlı şəxslər qabağa keçir, insanlar öz arzularını həyata keçirməyə imkanlar əldə edir... Bizdə isə 30 ildir siyasi-iqtisadi mühitdə qəbristanlıq sükunəti var. Sabitlik təkcə canlılara, həyata aid olmur ki, dünyada ən sabit və sakit yerlər məzarlıqlardır. Uzan, əbədi uyu. Heç qiymət artımını da vecinə alma.

Bir aralar yenə heç olmazsa mənasız şüar vardı: “Avropanın yaxşısını götürüb pisini atmalıyıq”. Bilən də yox idi ki, Avropanın pisi nədir. İndi heç o şüar da yada düşmür, deyirlər bizim öz yolumuz var, hər hansı siyasi sistemlərə, quruluşlara qoşulmuruq.

Bəlkə biz Ekvador yolu ilə gedək?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024