İnsanlara hürriyət, millətlərə istiqlal!

Dolaşıq köşə

“Qırx küp, qırxının da qulpu qırıq küp”

(yanıltmac)

Bir vəkil var, adını çəkmək istəmirəm, soyadı Qəmbərovdur, hökumət nümayəndələri 5-10 il qabaq ondan müxalifətçilərə, insan haqları müdafiəçilərinə torba tikmək üçün istifadə edərdi. Yoldaş hətta bu temalarda nəsə kitab da cızmaqara etmişdi. Az qalmışdı Azərbaycan Yazıçılar Birliyinin üzvü olsun. (Bəlkə olub, dəqiq bilmirəm. Orada vaxtaşırı üzvlərin sayı artır. Bir növ, amöblər kimi bölünərək çoxalırlar).

O qədər hörmət qazanmışdı, onu Vəkillər Kollegiyası Rəyasət Heyətinə (VKRH) üzv qoymuşdular. Bəs axırda nə oldu? Heç zad. Sel gəldi, qoyunları apardı, dolu xiyar tağlarını vurdu, badımcana qurd düşdü. Keçən ayın axırında vəkil dostumuzu tutub türməyə basdılar. Dələduzluq ittihamıyla. Birbaşa Dövlət Təhlükəsizlik Xidməti vəkilimizi qoduqluğa basdı. Dələduzluğun miqyası da tam şəkildə VKRH-nin şan-şöhrətinə uyğun gəlir: 500 min manatdan (yarım milyon) artıq pulu aldadıb ələ keçirmişdir. Xırda dələduzluqla bizdə adi vəkillərin məşğul olmaq səlahiyyəti vardır. Rəyasətdə oturmusan, haqqını ver. İgid canlı, kabab qanlı. İgid ölər, adı qalar. Verdin adındır, yedin dadındır, qaldı yadındır.

Maqsud müəllim  də (bunun adını çəkirəm, çünki soyadını bilmirəm) bu abzasda gəlib qəfil yadıma düşdü. O, qəribə, toppuş bir adam idi, guya biznes qurmuşdu, MTN-çilər Eldar müəllimin başçılığı altında Maqsud müəllimi tutub yolmuşdular. O səbəbdən yutub-xalq qəhrəmanına çevrilmişdi, orada hökuməti yıxıb sürüyürdü. Sonra MTN ləğv edildi, Maqsud müəllim bu dəfə başladı müxalifəti sürüməyə. Lakin arada hansı pişik asqırdı, bilmədik, müəllim getdi xaricə, başladı bu dəfə təzədən hökuməti söyməyə.

Burada zəruri haşiyə çıxıram. Açığı, bizdə belə adamlar var, günaşırı mövqeyini dəyişir. Onları buna görə danlamaq olmaz, çünki BMT İnsan Haqları Konvensiyasına görə hər kəsin əqidəsini dəyişmək hüququ vardır. Sadəcə, bəzilərimiz əqidə və mövqeyini o qədər tez-tez dəyişir ki, axırda bilmirsən hansı yuvanın quşudur. Onların rəng dəyişmə qabiliyyətlərinə təbiətdəki quşlar həsəd aparırlar. Xalqımız isə çətinliklə üzləşir. Çünki biz insanlara əqidəsinə, möhkəm, sabit əxlaqına görə qiymət qoyarıq. Bugünlərdə 30 illik yubileyini qeyd edən müxalifət partiyamıza and olsun ki, yalan yazmıram.

Uzun sözün qısası, Maqsud müəllim Ukraynada oturub hökuməti söyürdü, axırda hökumətimiz bezdi, Maqsud müəllimi tutub sürüyə-sürüyə ana vətənə gətirdi, dama saldı. Getsin minnətdarlıq eləsin, çünki orda qalsa bəlkə indiyə cəmdəyi Putinin hansısa axmaq raketinə tuş gəlmişdi. Bu da bizim iqtidarın xalqa məhəbbətinin əlamətidir, həmişə əzmlə bizi xilas etməyə çalışırlar. Hətta dənizin qırağında xilasetmə idarəsi qoyublar, lakin camaat gözdən yayınıb batır. Gəlin bu destruktiv davranışımıza son qoyaq.

Vəkil Qəmbərovun dələduzluq olayını Maqsud müəllimin olayına calaq eləmək çox asandır, oxucular darıxmasın. Qəmbərov MTN istintaq idarəsinin rəisi, hazırda məhkəməsi gedən Mövlam Şıxəliyevin vəkili idi, Mövlam müəllim isə yuxarıda yazdığımız kimi, vaxtilə Maqsud müəllimi soymuşdu. Mövlamın işini aparan hakim Elbəy müəllim vaxtilə prokurorluqda işləyərkən MTN istintaq idarəsinə ezam olunub. Mövlamın müavini olmuş Yasin Məmmədov isə hazırda vəkil işləyə-işləyə MTN-ə görə ittiham edilir, eyni zamanda Yasin müəllimin qardaşı Natiq müəllim Mərkəzi Seçki Komissiyasının keçmiş sədr müavini görəvini tutmuşdur.

Deməli, bu işlərdə hamımızın günahı vardır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024