İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərsi pozan yaponlar

İmişlidə kənd məktəbində müəllim üsyana qalxıb, uşaqları sinifdən qovub, özü də deyir daha dərs keçməyəcəyəm. Problem nədir? Tualet. Ayaqyolu. Mədəniyyət evi. Vardanyanın ofisi (hərdən adam belə tualet zarafatları eləmək istəyir). Sən demə məktəbdə tualet yoxdur. Ya da birnəfərlik tualet var, uşaqlar növbəyə dururmuş, maarifçilik prosesi pozulurmuş – tam dəqiqliyini bilmirəm.

Məncə nazirlik müəllimi dərhal işdən qovmalıdır. On beş sutkalığa basmaq da olar. Tualetə görə dərsi dayandırmaq nə deməkdir? İyirmi birinci əsrdə yaşayırıq (indicə dəqiqləşdirdim). Camaat kosmosa uçur. Paytaxtımızda çoxlu innovasiya kabinetləri açılmışdır. Sən isə adi ayaqyoluna görə tədrisi dayandırırsan. Ayıb deyilmi?

Birincisi, bu problemin yaranması səbəblərinə baxmalıyıq. Lap dərinə getsək, AXC-Müsavat cütlüyünün hakimiyyətinə çıxarıq. Elçibəy o vaxt qaçdı getdi kəndə. Rəsulzadə isə İrəvanı vermişdi. Nəticədə İmişlinin Aranlı kəndinin məktəbində tualet tikintisi problemi yarandı.

İkincisi, Yaponiyanın keçmiş baş naziri Sindzo Abe keçən yay Nara bölgəsinin Kaşihara şəhərində (hər şeyi dəqiq yazmalıyıq) güllələnib öldürüldü. Çünki artıq neçə ildir Yaponiya ölkəmizdə məktəb tualetləri tikintisinə laqeyd və biganə yanaşır. Axırıncı dəfə 90 min 300 dollar xərcləyərək Beyləqanda 2 məktəb üçün tualetlər tikmişdilər. 2016-cı ildə, təkrar edirəm. (Bunu yazıda səhv axtaranlar üçün xüsusi yazdım, çünki təkrar deyil). Beyləqan İmişli ilə sərhəddə yerləşir. İndi mən yaponlara sual vermək istəyirəm: niyə siz İmişlidə də məktəblər üçün tualet tikmirsiniz? Maraqlıdır ki, Bakıdan gedəndə adamın qabağına birinci Beyləqan yox, İmişli çıxır, məntiqlə tualet İmişlidə tikilməliydi. Əlbəttə, siyasi baxımdan. Yoxsa mən də başa düşürəm ki, yol uzananda tualet ehtiyacı artır. Yəni, bu iradımın tibbi-bioloji zəmini yoxdur.  

Əlbəttə, yaponlar YAP-ın sayəsində inkişaf edib robotqayırma və innovasiya sahəsində liderliyi ələ keçirmək üzrə olan respublikamızda təhsili qəsdən pozurlar, tualet tikintisini bu üzdən yubadırlar. Çünki sabah o uşaqlar İmişlidə “Mitşubişi”ni yaradarlar. Dünya ictimaiyəti isə buna susur.

Üçüncüsü, kənd yerində dərsi tualetə görə dayandırmaq xəbislikdir. Uşağı göndər, keçsin kolun dalına. Təpənin ətəyinə. Nə bilim, dərənin dibinə. Şəhər yeri olsa bəlkə başa düşərdik. Hərçənd, indi şəhərlərimizdə də hər cür mədəniyyət və istirahət parkları istifadəyə verilib, kəndlə şəhər arasında fərq itib. Oxumaq istəyən hər yerə gedər. Çinə qədər.

Çin yazdım, yadıma Amerika düşdü. Orda bugünlərdə İmişli məktəbinin probleminə oxşayan, naxçıvanlılar demişkən, donqili problem yaşanmışdır. Konqresin ikinci hissəsi olan Nümayəndələr Palatasına sədr seçə bilmirdilər. Orda deputatxana 2 hissədən ibarətdir. Yuxarı palata Senat adlanır, aşağı palata Nümayəndələr. Nümayəndələrə sədr seçmək üçün neçə dəfə səsvermə keçirsələr yaxşıdır? 15 dəfə! Əcaib hadisə idi. Deyir bir dəfə də buna oxşar hal hardasa 100 il qabaq yaşanıbdır, lakin şükürlü imiş, o zaman 9-cu dəfədən sədri seçmişlər.

Açıq görünür amerikalılar demokratiyaya hazır deyillər. Məncə ABŞ dağılacaq, ştatlara parçalanacaq. Gedib-gələnlər danışır, indinin özündə Los-Ancelesdə nə qədər adam küçədə yaşayır, bunların içində çoxlu ermənilər də vardır.

Axı deputatlara sədr qoymaq nə çətin işdir!? Kağızı göndərirsən, orda bir nəfərin adı yazılır, hamı düyməni basır, vəssalam. Bunu problemə çevirməyin adı nədir? Səs verməsələr özlərini buraxırlar, çıxır gedir. Yoxsa 15 dəfə səsvermə...  Lənət şeytana. Söz də tapmıram. Elə bil çayxana imiş: “Çıxdın beşə, vur on beşə”... Çayxana demişkən, Elçibəyin vaxtında bizim parlament də təxminən o Konqresə oxşayırdı. Rəhmətlik bəy rəyasətdə oturub “Konqres” siqareti püfləyir, külünü deputatların başına tökürdü. Videosu var.

Bax, siz 15 dəfə səsvermə keçirənəcən İmişlidə uşaqlar tualetə 15 dəfə gedib-gələrdi. İmkan vermirlər...

P.S. Mövzunun lətifəsi də var. SSRİ-nin xarici işlər naziri Qromıko Polşaya səfərdəymiş. Tədbirlər zamanı onun kiçik ehtiyacı yaranır. Əyilib polşalı həmkarının qulağına deyir: “Burda hara tualetə getmək olar?”. Polşalı deyir: “Yoldaş Qromıko, sizə hər yerə olar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024