İnsanlara hürriyət, millətlərə istiqlal!

Daxil olmuş yaz

 

Biz bu əziz bayram günlərində hökumətin yaratdığı müsbət şəraitdən istifadə edərək dildə, fikirdə, əməldə birlik nümayiş etdirməyə borcluyuq. Xüsusilə dildə birlik önəmlidir.

Misal üçün, bu il ölkəmizə yaz fəsli 21 mart, gecə saat 01:24-də daxil oldu.  Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yaydı. Alimlərin xəbərinə görə, bu zaman gecə ilə gündüz bərabərləşdi. Sitat: “Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayacaq”. Sitatın sonu.

Təbii ki, gecə və gündüzün bərabərləşməsi ölkəmizdə sosial ədalətin növbəti təzahürüdür. Bərabərlik olmalıdır. Yoxsa bəzi dövlətlər var, gecə altı ay çəkir. Yat ki, yatasan. Nəticədə xalq oyanmır, inkişafdan qalır. O cümlədən, Günəşin ekliptika üzrə hərəkətində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərimizin böyük rolu var.

Sözgəlişi, Milli Elmlər Akademiyamızda (AMEA) yaz qabağı çox böyük, inqilabi islahat aparıldı, oxuculardan üzr istəyirəm ki, mən bunu belə gec xəbər verirəm. Eybi yoxdur, gec olsun, güc olsun, xəbəri yazıram: AMEA-da Təsərrüfat işlərinin təşkili şöbəsinə müdir təyin edilib. AMEA prezidenti İsa Həbibbəylinin əmri ilə bu vəzifəyə texnika elmləri doktoru, professor, keçmiş nəqliyyat naziri Ziya müəllimin qardaşı Elton Məmmədov təyin olunub. Elton müəllim saytlara açıqlamasında bildirib ki, AMEA-da aparılan islahatlar çərçivəsində İşlər İdarəsi ləğv edilib və bu ilin yanvar ayında yerinə Təsərrüfat İşlərinin Təşkili Şöbəsi yaradılıb: "Bu vəzifəyə mən təyin edilmişəm”.

Həqiqətən, işlər idarəsinin təsərrüfat işlərinin təşkili idarəsi adlandırılması fantastik addımdır. Bəzi ehtimallara görə əgər İsa Həbibbəyli bunu çox yubatsa ABŞ banklarının hamısı müflis olacaqdı. Putin Kiyevə nüvə bombası atardı. O cümlədən, Si Zinpin müəllim təzədən Çinin müdiri ola bilməzmiş.

Qayıdaq “dildə birlik” ideyasına. Əgər diqqət elədinizsə bayaq yaz fəslinin ölkəmizə məhz daxil olduğunu yazdıq. Niyə bizim xəbər agentlikləri bunu sadə, el dilində, adam kimi “Yaz gəldi” yazmır? Çünki rəsmi xəbərlərin rəsmi yazılış qaydaları vardır, dövlət tərəfindən müəyyən edilmişdir. Yaz bəlkə də başqa ölkələrə gəlir, lakin Azərbaycana daxil olur. Kamali-ədəblə, ayaqqabılarını soyunaraq, rəhbərlikdən icazə alaraq. Biz istəsək heç yazı bura buraxmarıq. Yazın Azərbaycana daxil olması bizim daxili işimizdir.

Yəqin tezliklə bizdə Sevgi-Məhəbbət Nazirliyi, Həqiqət Nazirliyi kimi idarələrin yaradılması vacib olacaqdır. Çünki hara baxırsan, eşq fışqırır. Hətta Novruz bayramı öncəsi Fövqəladə Hallar Nazirliyi xalqa müraciət yaydı, deyir zəhmət olmasa tonqalı çox hündür eləməyin, üstündən hoppananda ehtiyatlı olun, balaca uşaqları papağa qoyub camaatın qapısına atmayın və sairə. Bax, əsl ümumxalq sevgisi budur!

Papaq demişkən, hər il olduğu kimi, bu il də uca millətimizin əsas müzakirə mövzularından biri “qapılara papaq ataq, ya torba” idi. Daha doğrusu, Türkiyədə altılı masanın müzakirəsini bitirən kimi papaq mövzusuna keçirdik. İnsanlar həyəcanlıdır, qəzəblidir, deyirlər papaq qeyrət rəmzidir, onu qapılara atmaq olmaz. Hərçənd, bu bayramda mən qapımızdan yığdığım 10-a yaxın papağın birini də qeyrət rəmzinə oxşada bilmədim, olsa-olsa bunlar ayaqqabı əskisi olmağa yarayan, əyiş-üyüş idman papaqları idi.

Hər halda bayramınız mübarək olsun, papağınız boş qalmasın, yazınız həmişə gəlsin... üzr istəyirəm, daxil olsun. Çətini yaz daxil olana qədərdir, proqnozlara görə bu il yonca da yaxşı bitməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024