Onlayn ictimai-siyasi qəzet
Qəçrəşi keçəndən sonra relyef mənə çox tanış gəldi. Sanki əvvəllər buraları görmüşdüm. Hərçənd yalnız bir dəfə, o da 20 il öncə Qəçrəşdə olmuşdum və ordan o yana getməmişdim.
Qımılqazma, Küsnətqazma və Qızıldəhnə kəndlərinin arasındakı uca, şiş qayalı dağların ətəyi ilə, qıjıldayıb axan dağ çayının vadisinin dar yoluyla və hündür ağaclı meşələrin kənarıyıla Xınalığa doğru irəliləyərkən yadıma düşdü ki, bu yerləri Alyaskadan, Yeni Zelandiyadan bəhs edən sənədli filmlərdə görmüşəm. Dərin yarğanlar, kanyonlar, meşələr, ilan kimi qıvrılıb gedən duru sulu çay – tamamilə eynidir.
Gəzdikcə, dolaşdıqca, yeni-yeni məkanları ziyarət etdikcə əmin olursan, məmləkətimizin relyefi də, təbiəti də, iqlimi də gözəldir. Babalaramız yaxşı yerdə məkan eləyib.
Heyrətamiz, eləcə də əsrarəngiz yerlərdir. Hələ ötən əsrin ortalarında sal və yalçın qayaları dinamitlə partladaraq əlçatmaz yaşayış məntəqələrinə yol açıblar. Gözəl, ancaq təhlükəli yollardır. Hətta bir az da etibarsızdır. Ona görə ki, bir güclü yağış, yaxud orta şiddətli zəlzələ səbəbindən sıldırım qayalardan asılı qalmış kimi görünən 100 tonluq qayalar yola və çaya diyirlənsə, yolu açmaq üçün necə gün ağır texnika işləməldir, Qudyalçay isə bəzi yerlərdə şişib gölə dönə, ya da qabağındakı bütün bəndləri süpürüb ata bilər.
İyulun 29-da belə bir hadisə olub. Yağan güclü yağış Cek kəndinin ətəyində məcrası enli olan Qudyalçayın suyunu o qədər artırıb ki, çayın dar yerində tikilmiş körpünün altı o qədər suyu ötürə bilməyib, nəticədə su şişib-şişib və körpünü dağıdıb, daha doğrusu, onun qalın beton plitəsini ortadan sındırıb. Beləcə, Xınalıq və daha bir neçə kəndin dünya ilə quru yol əlaqəsi kəsilib. Yalnız çayda su azalandan sonra əlaqə bərpa olunub. Hazırda o kəndlərdə yaşayan insanlar suyu xeyli azalmış Qudyalçayı enli və dayaz yerindən keçə bilirlər. O da hər maşının işi deyil, altı yastı maşınların içinə su dola dilər. Quba İH başçısının müavininin sözlərinə görə, yaxın günlərdə körpünün təmirinə başlanacaq.
Biz - “Xınalıq UNESCO-da 1 il" mövzusuna həsr edilmiş turda iştirak edən jurnalistlərin sərnişin olduğu avtomobillər çayı uğurla keçdik. Cek kəndinin içindən ötəndə həmkalardan biri zarafat etdi ki, bu kəndin adının mənşəyi nə olsa belə, amerikalılara, ingilislərə kəndin məşhur yazıçı Cek Londonun şərəfinə belə adlandırıldığını demək olar.
Kim bilir, bəlkə də məşhur yazıçı bu yerlərə gəlsəydi, Alyaskaya dair yazdığı gözəl hekayələr kimi buradan da yaxşı bədii əsərlər yazardı.
Xınalıq kəndi isə başqa aləmdir. Kənd sakinlərinin dediyinə görə. Bu məkan nəinki ölkənin və regionun, eləcə də dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Hazırda kənddə 160 ev var və 1200 insan yaşayır.
Rayon mərkəzindən bu qədər uzaqlıqda (57 km), çətin relyefli, təhlükəli yollu bu kənddə, dağın başında bu qədər insanın yaşaması gerçəkdən də heyrətamizdir. Hələ daha da çox ola bilərdi. Görünür, Xınalığın gəncləri də zaman-zaman böyük şəhərlərdə məskunlaşıblar ki, bu qədimlikdə kənd çox böyüməyib. Yoxsa indi ətraf dərələrin, çıxılması mümkün olan zirvələrin hamısı yeni evlərə məskən olmuş olardı.
Xınalıqlılar deyir ki, bu kəndin qədim adı Kətiş olub, sonradan Xınalıq adlandırılıb. Kənd isə Qubaya yox, hava məsafəsi ilə Qəbələyə yaxındır. “Bax, bu dağın o üzü Qəbələdir” deyirlər. Nəqliyyatın olmadığı illərdə insanlar bu uca dağları aşaraq Qəbələyə gedərmişlər – ya piyada, ya da atla. Zirvəsi buludların içində olan dağları necə aşmaq olurmuş, ağla batmır. Güman ki, insanlar əlverişli iqlim şəraitində Qudyalçayın məcrası boyunca gedirmişlər. Elə Laza adlı iki kəndin birinin Qəbələdə, o birinin Qubada olması da ondan xəbər verir ki, ötən əsrlərdə bu kəndlər arasında necəsə əlaqə olub.
Xınalıqda olarkən fikir verdik ki, kənddə məscid var, amma minbəri yoxdur. Yenə dostlardan biri zarafat elədi ki, görünür, kənd göylərə yaxın olduğu üçün məsciddə minbərə ehtiyac duymayıblar.
Sonra məscidin axundu ilə görüşdük. Müəllim kostyum geymiş kişinin başında buxara papaq vardı, adı da Yusif idi. Bu kəndin camaatının məzhəbini soruşdum. Yusif kişi dedi ki, bizdə heç zaman məzhəb söhbəti olmayıb, yəqin heç vaxt da olmayacaq. “Tolerant ölkədə yaşayırıq, insanlar lazımi qaydada ibadət edir, mənəvi paklığa can atırlar”, - Yusif kişi dedi. O, onu da dedi ki, məsciddə yalnız cümə günləri və dini bayramlarda nisbətən adam çox olur, qalan günlərdə elə də çox adam gəlmir.
İldırım vurmuş trasformatorun yanından keçəndə Yusif kişi bildirdi ki, 3-4 il əvvəl bu trasformatoru və bir evi şimşək elə bir şiddətlə vurub ki, evi ikiyə parçalayıb, trasformatoru isə dağıdıb: “Saniyədə 360 kilometr sürətlə çırpılan ildırımdan qurtuluş yoxdur”. Daha sonra o, işığın sürəti ilə ildırımın sürətini müqayisə etdi, fizika biliyi olduğunu göstərdi. Ümumiiyyətlə bir çox mövzularda olduqca məlumatlı şərhlər verən bu kişinin ali təhsilinin olmaması mat qalmalı işdir. Görünür, adam hər gün dünyada olub-bitənləri diqqətlə izləyir, hər gün kitab oxuyur.
Kənddə hasarların üstündə divar kimi hörülmüş gərmə qalaqları gördük. Xınalıqlılar ona “gəmrə” deyirlər. Bu da “torpaq-topraq” və ya “köprü-körpü” kimi bir şeydir. Bu gərmələr qoyun peyinindən hazırlanır və qazın, odunun, daş kömürün olmadığı kənddə camaat üçün əsas yanacaq vasitəsidir. Bəzilər bu qalağı göstərərək onun qışın sonuna qədər bəs edəcəyini dedi, başqa biri “yox, qışın ortasına qədər yandırıb qurtaracaqlar” söylədi. Amma problem yoxdur, insanlar qoyun saxlayır və bu da o deməkdir ki, gərmə istehsalı davam edəcək.
Dövlət Turizm Agentliyi kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə Xınalıq kəndində qəzalı vəziyyətdə olan 41 evi restavrasiya edib. Bu işlər 2020-ci ildən etibarən aparılır. Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır.
Həmin evlərdən ikisində olduq. Birinci evin sahibi Əbdülqasım adlı kişiydi. Onun evi xeyli böyük idi. Özü dedi ki, bu ev köhnə əyyamlarda Xınalığın sonuncu xanının (o, elə dedi, güman ki, kəndin kəndxudasını nəzərdə tuturdu) evi olub, onun da adı Əbdülqasım olub. Bu adı da müasirimiz Əbdülqasıma öz babası, məhz o kişinin şərəfinə qoyub. İşə bax ki, mərhum Əbdülqasım xanın evi necəsə indiki Əbdülqasım bəyə qismət olub. Ev 290 kv.m sahəyə malikdir, otaqlar böyükdür, əla təmirlidir – paytaxtdakı modern evlər qədər komfortu var. Əbdülqasım öz evini özü təmir edib və buna görə dövlət onu pul verib.
Koreyalı Aylaya bənzəyən qazi qızı Aylanın evi
Ümumiyyətlə, Turizm Agentliyi kəndə tikinti materialları daşımaq üçün müəyyən çətinlik çəksə də (relyefə və iqlimə görə), işçi qüvvəsi problemini yerli camaatın hesabına həll edib. İnsanlar həm öz evlərini təmir edib, xaricdən qonaq qəbul edəcək hala gətiriblər, həm də pul qazanıblar. Ayaqüstü qonaq olduğumuz ikinci evdə də vəziyyət bənzər idi: otaqlar əla təmir olunmuşdu, ağ rənglənmiş buxarısı da vardı. Bu Qarabağ müharibəsinin qazisinə məxsus ev idi. Qazinin 1 yaşlı bir qızı var, adı da Ayladır. Koreyalı qızdan bəhs edən məşhur türk filmi “Ayla”dakı eyni adlı qızın birəbir bənzəriydi qızcıçağaz.
Kənddə görülən abadlıq işləri barədə əlavə məlumat verildiyindən bu yazıda həmin təfərrüatları təkrarlamağın lüzumu yoxdur. Yalnız onu demək olar ki, bu, əla layihədir, ölkəmizin, xalqımızın mədəniyyətinin tanıtımına xidmət edir. İşlər başa gələndən sonra ekzotik həyatları öyrənməyi sevən yüz minlərlə əcnəbi dəstə-dəstə bu kəndə gələcək, həm abad, komfortlu evlərdə, orqanik azuqələr yeyə-yeyə dincələcəklər, həm də dağın başında yaşayan insanlar haqqında bilgi toplayacaqlar.
Biz orda olanda biri gənc kişi, o biri gənc qadın olan iki italiyalı turist də vardı, kefləri kök idi. Onları qonaq edən kənd sakini dedi ki, ikisi də vegetariandırlar, amma buranın yemək-içməyindən məmnundurlar. Gəl, məmnun olmasınlar, hər səhər təmiz bal, qaymaq, nehrə yağı və kilosu Bakı bazarlarında 20 manat olan motal pendiri yeyirlər – özü də sac lavaşıyla. Hələ üstündən təbii dağ otlarından dəmlənmiş çay da içirlər.
Bizə də o düşür ki, bu gözəl məmləkətimizin qədrini bilək, onu daha da abad edək və əlimizə xarici qonaq düşəndə kəmfürsətlik edib soymayaq, qoy bir gələn bir də gəlsin, hətta qonşularını, iş yoldaşlarını da yığıb gətirsin.
Xalid Kazımlı, Xınalıq – Quba
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ