Onlayn ictimai-siyasi qəzet
Hökumətimizin bugünlərdə teatr və kinoya diqqətinin ikinci kosmik sürətlə artması sevindirici haldır, alqışlayırıq, sıx birləşirik. İlk olaraq bu münasibətlə teatr forumu keçirilmişdir. Ardıyca kino forumu da oldu. İnşallah, yaxınlarda Salvador Dalinin əsərlərinin Bakıda sərgisi olacaqdır. Düzdür, bizim mədəniyyət reallıqdır, sürrealizm deyildir, vaxtı gələndə sərgidən yazarıq. Belə görünür ki, mədəniyyətimizin inkişafına keçmiş mədəniyyət nazirləri mane olurmuş, əsasən də Əbülfəs müəllim. Çox irreal nazir idi. Ən yaxşısı ondan sonrakı nazir oldu, çünki pulrealizm üslubunu sevirdi. Nəsə. DTX-nın sahəsinə girməyək, hərənin öz işi var.
Teatr artistlərinin forumundan yadımızda qalan əsas ideya aktrisa Afaq Bəşirqızına məxsusdur. Bəşirqızı elə bu cür qısa, konkret şəkildə də dedi: “Aktyorlara qəbristanlıq lazımdır”. Yəni, teatr sənəti ölüb, basdıran yoxdur.
Ölüb demişkən, burda bir cıqqılı haşiyə çıxım. (Bəzən bunu “haşiyəyə çıxım” kimi yazırlar, o anda gözümün qabağına müəllifin pəncərəyə çıxıb intihara hazırlaşması mənzərəsi gəlir. Etməyin, eləməyin. Bizi xoşbəxt gələcək gözləyir, hələ kommunizm quracağıq). Bizim teatrların ən zırpısı Azdrama-dır, təzəlikcə onun müdiri öldü. Müdir öləndən sonra müzakirələrə baxıram, görürəm artistlər maraqlı, elmi, mədəni diskussiya başlatmışdır. Biri yazır yaxşı oldu öldü, o biri deyir qələtinizi eləyin, üçüncüsü deyir hazırda teatromuzda çaqqallar ulaşır. Ölkənin əsas teatrı ətrafında bu cür mədəni müzakirələr xalqın ürəyini açır. Cibimizi də açsaydı, gedərdik teatra, lakin axırıncı pulu soğana vermişik.
Qayıdaq Bəşirqızının açıqlamasına. Doğrudan da artistlərə qəbristanlıq vacibdir. Lakin bunu necə başa düşdülər? Guya Bəşirqızı bütün sənətkarların bir yerdə, toplu şəkildə basdırılmasını arzulayırmış ki, xalq ziyarətə gedəndə çətinlik çəkməsin.
Kino artistlərinin forumundan hələlik xəbərsizik, ola bilsin orada da kino çəkənlərə ayrıca, özəl qəbristanlıq ayrılması üçün nazirliyə müraciət imzalanmışdır. Niyə də yox? Bəyəm kinoçəkənlər teatr çıxardanlardan əskik adamlardır? Hər birinə xalqın qəlbistanında yer varsa, qəbristanlığında da ayrıca yer olmalıdır. Yoxsa sən sabah teatrda oynayanı apar kinoçuların qəbristanlığında basdır, camaat bir yana, İnkir-Minkir axtarıb tapmasın – bizə yaraşarmı?
Hökuməti forumlarda təzə mədəniyyət nazirimiz təmsil etmişdir, deyir gərək sənətkarlar özəl sektora da üz tutsun, hər şeyi dövlətdən ummasın. İndi bədbəxt aktyorlar və rejissorlar əllərinə çıraq götürüb günün günorta vaxtı ölkədə özəl sektor axtarırlar. Tapanda bizə də xəbər verərsiniz, qəzetdə yazarıq. Belə tarixi hadisələrdən dirilər, ölülər – hər kəs xəbər tutmalıdır.
Kino forumunda rejissor Vaqif Mustafayevin milli dəyərlərimizə, dövlətçilik ideologiyasına əməl etməyə çağırışı maraqlı oldu. Başa düşmürsən zəhmətkeşləri trollayır, yoxsa doğrudan belə düşünür. Çünki onun filmlərində bəzi milli “dəyərlərimiz” sözün yaxşı mənasında ələ salınır. Doğrudan da, nə biləsən Dədə Qorqud necə görkəmdə olubdur... Üstəlik, belə milli dəyər sevən adam kanal müdiri olanda niyə səhər-axşam “Amaci”ni göstərirdi? Qəribədir.
Qoyasan elə hamı dövləti, hökuməti, onu-bunu tənqid etsin. Ancaq kinomuzun xilas yolunu mən bilirəm. Onu Bakı Nəqliyyat Agentliyi ilə birləşdirmək lazımdır. Onsuz bu dəqiqə hökumət o agentliyə yiyə tapa bilmir. Bir gün icra hakimiyyətinin üstünə atırlar, başqa gün nəqliyyatın. Hazırda deyəsən rəqəmsal nazirliyə veriblər. Süni intellektə 67 nömrəli avtobusun marşrutunu göstəriblər, başından tüstü çıxıb. Avtobuslarla aktyorları birləşdirəndə isə biz çox uğurlu kompozisiya əldə edərik. Ən azı rayona getməyə maşınlara olar.
Üstəlik, forumdan yadda qalan babat təklif elə rayonlarda kino göstərmək haqda idi. Deyir səyyar kino qurğuları yaratmalıyıq. 60-70 il qabaq kəndlərdə belə şey vardı. Gedirdilər, divara ağ pərdə asıb üstündə kino göstərirdilər. Kəndli axşam işdən dönəndə kinoya baxırdı. Sadəcə, indi nə kəndli var, nə iş. Bəs kinoya kənddə kim baxacaq?
Yəqin yuxarıda adını çəkdiyim çaqqallar... Hər halda onlar kənddə qalmış olarlar.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ