Onlayn ictimai-siyasi qəzet
“Kiçik insanların böyük kölgələri görünürsə, o yerdə Günəş batır”
(müdriklərdən biri)
Bugünlərdə mətbuat camaatımız üçün xoş, bayram günləri yaşadıq, Mətbuat Şurasına yeni sədr seçildi. Doğrudur, milli mətbuat günü bizdə iyul ayında qeyd olunur, ancaq nə dəxli? Jurnalistlərimizə dövlət tərəfindən elə gözəl şərait yaradılıb, artıq bizə hər gün bayramdır.
Yeni MŞ sədrinin kimliyi seçkilərin son dəqiqəsinəcən məlum deyildi, bu da Azərbaycanda bütün seçkilərin demokratik keçirilməsinin bariz nümunəsidir. Etiraf edirəm, mən hətta seçkilərdən sonra, indi də sədrin kim olduğunu bilmirəm. Bu isə, Azərbaycanda bütün seçkilərin ultra demokratik olmasından xəbər verir. Məsələn, elə dairələr var orda xalq 30 ildir deputatını tanımır. Lakin bu vəziyyət qanunların aliliyinə mane olurmu? Qətiyyən olmur.
O cümlədən, seçkidən iki gün qabaq MŞ-nin köhnə sədrini “Xalq qəzeti”nə baş redaktor qoydular. Bu da jurnalistikamızın xalqa yaxınlığını göstərir. Xalqdan uzaq olsaydı, MŞ sədri, məsəl üçün, “Hakimiyyət” qəzetinə rəhbər gedərdi. Düzdür, “Xalq qəzeti”nin təsisçisi prezidentin işlər idarəsidir, lakin niyə mən sizin kimi oxucuların iddialarına cavab verməliyəm?
Daxili işlərimizdən, media mətbəxindən çox yazmaq istəmirəm, yoxsa supun içindən milçək çıxar, bunun da kimsəyə xeyri yoxdur. Keçək ümummilli gündəmə.
Poladəritmə zavodunun direktoru Rasim müəllim məhkəmədə maraqlı açıqlamalarını davam etdirir. Sözgəlişi, kimsə mənə izah eləsin görək niyə Rasim müəllim tutulan kimi “Bəxt üzüyü” kinosunda Sevda rolunu oynayan aktrisa Amerikada rəhmətə getdi? Bu, mistika deyil, bəs nədir? Amerika elə yerdir orda adamlar hələm-hələm ölməz, hətta eləsi var havanı tuta-tuta gedir, lakin vəzifəsini buraxmır.
Nəsə, qayıdaq Rasim müəllimin söhbətinə. Hakim məhkəmədə ona sual verdi, poladəritmə zavodunun əsl yiyəsinin kim olmasını soruşdu, Rasim müəllim nə söylədi? Buyurun, oxuyun: “Mən o adamın adını burda çəkə bilmərəm. Keçən dəfə biri vardı, ad çəkmişdi, hələ də geri qayıtmayıb”. Sitatın sonu.
Gözəl söhbətdir. Əsl folklorumuza uyğun, mentalitetdən gələn açıqlamadır. Mistika qoxuyur. Bizim nağıllarda belə, oxşar situasiyalara rastlaşırıq. Görürsən keçəl gəldi, padşahın qızını bir kərpici qızıldan, bir kərpici gümüşdən, ispan kafelli, çex servizli, nə bilim, italyan lüstürlü saraydan apardı. Cadugər bunlara dua eləyir, köpək qarılar yola mıx səpir, bir ipək qarı qəfil peyda olur, deyir ki, ey keçəl, nəbadə geri baxasan. Arxada istəyirsən xalqın qışqırtısı göyə bülənd olsun, ATƏT bəyanat versin, qəti dala baxma. Bəzən keçəl dözmür, baxır. O anda daşa dönür.
Yaxud, tilsimli sözlər olur, onu deyirsən, mağaranın qapısı açılır. Bu baxımdan, Rasim müəllim haqlıdır. Azərbaycanda gərək bəzi adamların adını heç yerdə çəkməyəsən. Hətta ürəyin dözməyib, quyuya danışsan, bir gün sarsaq manısın biri o quyunun suyundan bitən qamışı kəsib klarnet düzəldəcək, “Sarı gəlinin su sonasının anası” şadlıq sarayında, məhərrəmlikdən sonra birinci qız toyunda çalmağa başlayacaq və bütün məclis əhli yerində donub qalacaq. Eşitdikləri mahnının sehrindən.
Tək qamış-camış məsələsi deyil, indi İsrailin xüsusi dinləmə qurğuları var, adamın başına quraşdırırlar, nə fikirləşdiyini hökumətə ötürür. Ona görə xalqımız qətiyyətlə müqavimət göstərir, heç bir zad fikirləşmir. Bu temada ata sözümüz də vardır: “Fikir – adamı tikir”.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ