İnsanlara hürriyət, millətlərə istiqlal!

Baytarlıqda korrupsiya

“İt adına alır, özü yeyir”

(ata sözü)

“Beynəlxalq şəffaflıq” təşkilatı illik korrupsiya reytinqini açıqlamışdır, orada Azərbaycan yenə yaxşı yerdə göstərilməyib. Guya biz Zimbabve, Birma, nə bilim, Konqo-Monqo kimi dövlətlərlə eyni sıradayıq.

Birinci yeri isə Danimarka tutmuşdur. Elə reytinqi hazırlayanların necə ədalətli olduğu bundan görünür. Danimarka axı kimə lazımdır? Halbuki biz Avropanın yarısına qaz veririk. Bu boyda qaz verəsən, yenə səni bəyənməyələr... Adam qazsız-alovsuz yanıb tökülür. Hələ Danimarkada uşaqları yiyəsiz qoyub pis-pis, əxlaqsız işlərlə məşğul olurlar, nəticədə uşaq pəncərədən yıxılır ölür. Mən bunu öz gözümlə Triyerin kinosunda görmüşəm.

Yaxud orada guya Fransa bizdən yaxşı vəziyyətdə göstərilib. Ancaq Fransa prezidenti Sarkozi Liviyadan belə rüşvət almışdı, deyəsən, içəri basdılar. O cümlədən bu saat rus qəzetləri şadyanalıqla yazır ki, Parisdə camaat soyuq duşla çimir, suyu qızdırmağa pulları yoxdur. Şəxsən mən az qala hər gün başımı isti su ilə yuyuram. Di gəl şəffaflıq təşkilatı bunu görmək istəmir.

Böyük ehtimalla ölkəmizin belə mənfi imicinin yaranmasında Alimpaşa müəllimin çoxlu rolu olmuşdur. Şəmkirin keçmiş icra başçısı, şair qəlbli Alimpaşa müəllimi nəzərdə tuturam. Hazırda onun məhkəməsi getməkdədir. Şəmkirin uşaq bağçalarının müdirləri bir-bir gəlib ifadə verirlər, məlum olur Alimpaşa müəllim körpələrin pulunu da mənimsəyirmiş. Hər uşaq bağçasına, onun direktoruna konkret tas qoyulubmuş: 5 min manat gətirməlisən, vəssalam. Bağçada korrupsiya eləmək isə balacaların manna sıyığını, yoğurtunu, pampersini, nə bilim, oyuncağını çırpışdırmaq deməkdir. Çox eyib hərəkətdir. Utanıb ölmək lazımdır. Ümidvaram bu yazımı Alimpaşa müəllim oxuyub utanar.

İkincisi, Gəncədə Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Famil müəllim də korrupsiya reytinqlərində adımızın pis çıxmasının əsas səbəbkarlarından sayılır.

Sözgəlişi, bu aqrar rüşvətxorluq sıradan hadisə deyil, cəmiyyətimizə vurduğu yaralar dərindir. Bu dəqiqə ət, yağ, süd, meyvə-tərəvəz niyə bahadır? Çünki kənd üçün alimləri yetişdirən universitetdə rüşvətxorluq baş alıb gedir. (“Baş alıb gedir” ifadəsindən çox xoşum gəlir, heç fürsət bulmurdum yararlanım. Qismət bu gün imiş. Şair demişkən: “Baş alıb gedirsən hayana, rüşvət”).

Baytar, zootexnik və zoomühəndislərimiz oxumaq əvəzinə, dekana rüşvət verib yalançı qiymətlər alır, nəticədə məhsul batır. Əgər tələbə vaxtında oxumasa, pambıq qurdu ilə soxulcanı, brusselyozla qara yaranı, dabaqla dabbağı, dəvə ilə dəvəquşunu, icra nümayəndəsi ilə bələdiyyə sədrini bir-birindən ayırmaqda çətinlik çəkəcəkdir. Bakıda elementar it-pişik xəstəliklərinə dərman, həkim tapmaq olmur, savadlı mütəxəssis çox azdır. Pişiyim azarlayanda şəxsən şahidi olmuşam. Yazıq pişik miyoldaya-miyoldaya öldü. İndi pişik cənnətində uzanıb Famil müəllimi qınayır.

İndi yadıma düşdü, bu Gəncə Aqrar Universiteti hələ SSRİ dövründən çox rüşvətxor bir yer kimi tanınırdı. Orada dərs keçmək deyə bir şey az qala yox səviyyəsində idi. Məsələn, bizim kənddə hər ailədən azı bir uşaq oranı bitirmişdi, çünki ən ucuz qiymətə oranın tələbəsi ola bilirdilər. Bizim kənd təsərrüfatına qeyri-ciddi yanaşmağımız üzündən hazırda ərzaq idxalına məcburuq, Məhəmmədi kəndində çiyələyi isə İsraildən gələn mütəxəssislər əkirlər.

İndi söz əlaqədar təşkilatlarındır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024