İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını xilas etmək üçün...

Az qala hər gün müzakirə olunan bir mövzu var: Bakıda yaşamaq getdikcə çətinləşir. Bir ölkənin başkəndi haqqında bu sözləri eşitmək açığı, ürək ağrıdır. Məsələn, Tiflisdən qayıdan həmkarım ordakı hüzurdan, rahatlıqdan danışır, Ankaradan gələn başqa bir dostumuz məftunluğunu bölüşür.

Vaxtilə böyük Səməd Vurğun “Bakının dərdi var, Bakı xəstədir...” yazanda tamam başqa bir ovqat var idi, mövzu da özgə idi... Şükürlər olsun, indi Bakıda nə “Soyuq divarlarda güllə nişanı” var, nə də bir-birini didən, parçalayan insanlar... Bakıda özümüzük! Üstəlik, başkəndimiz qısa müddətdə o qədər gözəlləşib ki, ilk dəfə gələnləri, görənləri valeh edir, elə özümüz də hər dəfə seyrinə çıxanda zövq alırıq. Amma yenə də saatlarla tıxacda qalandan sonra aldığımız zövq – səfa burnumuzdan gəlir, deyinməyə başlayırıq.

TİXAC SON.jpg (111 KB)

Bəs, haradan, nədən başlamalı? Bakıdanmı?

Bu barədə çox danışılıb. Paytaxtın köçürülməsindən tutmuş, yolların genişləndirilməsinə, tramvay xəttinin çəkilməsinədək. Paytaxtın köçürülməsi real görünmür. Əgər bu gün bir neçə ali məktəbin belə, hansısa bölgəyə köçürülməsi istiqamətində radikal qərar verməklə bağlı tərəddüdlər varsa, o halda paytaxt qərarından danışmaq da sadəcə vaxt itkisidir. Vaxtilə mövcud olduğu halda, infrastrukturu ləğv edilən tramvay xəttinin bərpası... Az qala səkilərin üstünə çıxan göydələnlərin tikintisindən sonra tarmvay xətləri harada çəkiləcək? Budur, azad olunmuş Laçın şəhərində 500 metr məsafədə tramvay xətti çəkilir, çünki Baş Plana tam uyğundur, tramvayın yolunu kəsən tikili mövcud deyil.

LACİN YENİ.jpg (60 KB)

Amma Bakıda bunu etmək asan deyil. Vaxtilə Hacıbala Abutalıbov zurna-balabanla villaları sökdürürdü, hansı ki, paralel qaydada şəhərin mərkəzində göydələnlər sıralanırdı, nə Bakının amfiteatr quruluşu, nə seysmik zonada yerləşməsi, nə hava axını, nə də ümumiyyətlə, sadə tikinti mədəniyyəti nəzərə alınırdı, bəzi hallarda. İndi onları bir ucdan sökmək isə çıxış yolu deyil və heç mümkün də görünmür. İnsanlar saatlarla tıxaclarda vaxt itirirlər, əsəblərini “xərcləyirlər”. Avtomobil sahiblərinin də yanacağa xərci az çıxmır. Sərnişin nəqliyyatında çıxış yolu kimi, sarı zolaqlar çəkildi, amma baxırsan ki, bu xətlər də minik avtomobilləri tərəfindən “zəbt” olunur. İndi təklif olunur ki, sarı zolaqlara girənlər sərt cəzalandırılsın. Bu, çıxış yoludurmu? Təbii ki, yox.

SİXLİQ SON.jpg (318 KB)

Metrodakı sıxlıq da başqa dərddir. Xüsusilə də pik saatlarda metro stansiyalarının qarşısında növbələr yaranır. Vaqonlarda isə ayaq üstə dayanmaq belə mümkünsüz olur. Son zamanlar metroda ölümlərin sayının artması da həyəcan doğurur. Adamlar kefindən ölmür ki... Bu, həm də sıxlığın, havasızlığın nəticəsidir. Nə edək, metro stansiyalarının sayının artırılması da çıxış yolu deyil. Bu, yerüstü nəqliyyatın yükünü azca azalda bilərsə də, metropolitendə həmin durum davam edəcək.

O gün yağış yağdı, amma sonra məlum oldu ki, yağışla birgə başımıza palçıq da yağıb.

TOZ SON.jpg (137 KB)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq vaxtaşırı Bakının havasında tozun və dəm qazının miqdarının normadan artıq olduğu barədə məlumatlar yayır. Normadan çox, azı 1,2 -1,3 dəfə!!! Deməli, Bakıda yaşayırıq, amma ömrümüz qısalır, əsəbdən, stressdən, tozdan, havasızlıqdan, dəm qazından! Bakıda 1 milyon 400 min avtomobilin olduğu bildirilir! Hər avtomobilin tüstü borusundan atmosferə buraxılan zərərli maddələri hesablasaq, vəziyyət aydın olur...

Hamam otağında dəm qazından ölümlərin statistikası aparılır, təəssüf ki, bu sahədə də durum acınacaqlıdır. Amma xəbərimiz olmur ki, yolda gedərkən ürəyi tutub ölənlərin də bəziləri atmosferdəki dəm qazının qurbanı olanlardır. Oksigen kasadlığı ömrümüzdən kəsir. Ona görədir ki, bir çoxumuz bölgələrə gedəndə geri qayıtmaq istəmirik, deyirik nə olaydı, elə bol havası, təmiz suyu olan rayonlarda, kəndlərdə qalıb yaşayaydıq, işləyəydik...

 EHALİ SON.png (370 KB)

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 1 yanvar 2023-cü il tarixinə Bakı şəhərində 2 milyon 336 min 600 nəfər sakin rəsmi qeydə alınıb. Amma faktiki olaraq paytaxt əhalisinin sayı 4 milyonu keçib. Ölkə əhalisinin sayının 10 milyonu keçdiyini nəzərə alsaq, bir şəhər üçün çox ciddi rəqəmdir. Ölkə vətəndaşlarının az qala yarısının bir şəhərə cəm olması normal hal deyil, bu, həm də balansın pozulmasıdır. Özü də paytaxta cəm olan insanlar yuxarıda sadaladığımız neqativləri də paylaşmalı olurlar. Adamlar “təmiz suyu, bol havası” olan yurdlardan gəlib, xəstəlik tapırlar. Təkcə Bakıda 1 milyona yaxın fərdi yaşayış evi var ki, sənədsizdir. Onların mütləq əksəriyyəti “rayonlardan gələnlər”dir. Deməli, məntiqlə gələnlərin rayon və kəndlərdəki evləri də qapısı qıfıllı qalıb.

MEKTEBLER.jpeg (44 KB)

Elm və Təhsil Nazirliyi açıqlayıb ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir. (Modern.az) Şagird sayı 4000-dən çox olan 10 məktəb var ki, bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhəri ərazisindədir. Bundan əlavə, Azərbaycanda şagird sayı 5000-dən çox olan 3 məktəb var ki, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir. Elə şagirdlərin az və çox olduğu ünvanlar mənzərəni aydın təsəvvür etməyə imkan verir. Vətəndaşlar kütləvi şəkildə Bakıya axın edəndə şübhəsiz ki, Lerikdəki kənd məktəbində 1, Bakıdakı məktəbdə isə 5 min şagird olacaq!

30-40 il əvvəlki rayonlarımızı xatırlayırsınız yəqin. Mənim yaxşı yadımdadır, kəndimizdən 10 km-likdəki rayon mərkəzinə gedib-gəlmək üçün zülm çəkərdik, xüsusilə də yağışlı-qarlı günlərdə. “QAZ-66”, ya “Ural” maşınlarının arxadan gələcəyini gözləyə-gözləyə çəkmələrimizi palçıqdan, qardan çıxarardıq. Atla getdiyimiz də olardı. Amma indi kəndlərimizin əksəriyyətində asfalt, bir çoxu qazlaşdırılıb, məktəblərdə kombi sistemi, elektrik təsərrüfatı də xeyli yenilənib, amma kəndlər boşalır. Səbəbi? Əsas səbəb iş yerləridir. Bir neçə il əvvəl Qax rayonunun Sarıbaş kəndinə getmişdim.

Səfalı məkanda yerləşən möhtəşəm yaşayış məskənidir. Vaxtilə iki mərtəbəli məktəbdə 300-dən artıq şagird təhsil alırmış.

SARİ.jpeg (290 KB)

Mən getdiyim il 5-6 şagird qalmışdı. Dedilər gələn il kənddə qalan daha bir neçə ailə köçəcək. Sonra öyrəndim ki, məktəbin qapısı qıfıllanıb... Bu kəndə bircə körpü və yol lazım idi... Turizm üçün unikal ünvana axın olacaqdı o halda, nəinki kənddəki evlərin qapısı bağlanacaqdı.

Satışda kənd yumurtası tapmaq mümkünsüzdür, olan da “od qiyməti”nə. Eləcə də kənd beçəsi... Bu yandan da məlum olub ki, ölkədə heyvanların sayında sürətli azalma gedir.

HEYVANLAR.jpg (111 KB)

Özü də təkcə qoyunlarda deyil, iribuynuzlu heyvanların da sayında. 2023-cü il üzrə xırdabuynuzlu heyvanların statistikası açıqlanıb. 2022-ci ilin noyabr ayında ölkədə 7 milyon 928,4 min baş xırdabuynuzlu heyvan olubsa, 2023-cü ilin noyabr ayında bu rəqəm 7 milyon 223,2 minə düşüb. Örüş problemi, ot problemi... Amma əsas amil budur ki, kəndli kənddən qaçaq düşüb, daş karxanasında işləməyə daha çox maraqlıdır, nəinki təsərrüfatla məşğul olmağa. Stimullaşdırıcı tədbirlər olsa, belə nəticəyə gəlməzdik. Niyə xaricdən ət, yumurta, ya kənd təsərrüfatı mallarının alınmasına daha çox maraq göstəririk? Amma ekoloji təmiz məhsullar həm də ucuz başa gələcəkdi daxildə...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə baha başa gəlir:

“Belə ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir”.

Niyə belə olmalıdır? Bəlkə elə rayon əhalisini Bakıya axışmağa vadar edən səbəblərdən biri də budur, bank faizləri, iki dəfə baha kreditlər?..

Bakının problemlərini Bakıda axtarmayaq, burada müşahidə etdiklərimiz nəticədir. Bəli, Qarabağa Böyük Qayıdış da paytaxtın yükdən azad olunmasına kömək edəcək, amma problemi tam həll etməyəcək.

QAYİDİS SON.jpg (187 KB)

Digər bölgələrimiz boşalır, özü də sürətlə. Cənnətməkan yurd yerlərimizdə evlərin qapısını bağlı görmək çox ağırdır. Bu köçü dayandırmaq üçün elə bu gündən tədbirlər görülməlidir, bələdiyyələrdən, icra hakimiyyətlərindən tutmuş, digər qurumlaradək hər biri töhfəsini verməlidir. Bir neçə il sonra çox gec ola bilər... Kəsəsi, Bakını xilas etmək üçün... rayon və kəndlərimizi xilas etmək lazımdır!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024