İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı kardioloq İranın prezidenti ola bilər - 2 tanınmış onu dəstəkləyir - Pezeşkiyan haqda ŞOK FAKTLAR

“İslahatçı” keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan seçki kampaniyasını yaxşı başlayıb

İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkisinin təbliğat kampaniyası artıq başlayıb.

Məlum olduğu kimi, “Konstitusiyanı Mühafizə Şurası” seçkilərdə iştirak etmək üçün 6 namizəd qeydə alıb. Onlardan yalnız biri azərbaycanlıdır. Maraqlıdır ki, yeganə azərbaycanlı namizəd həm də mövcud namizədlər arasındakı yeganə “islahatçı” qanadı təmsil edən Məsud Pezeşkiyandır.

MESUD.jpg (74 KB)

Pezeşkiyan 1954-cü ildə İranın şimal-qərbində - Mahabad vilayətində, etnik azərbaycanlı ailəsində dünyaya gəlib. Orta təhsili Urmiyada, ali təhsili isə Təbrizdə alıb. Tibb təhsili alıb, kardioloqdur. Daha sonra 9 ilə yaxın Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində işləyib.

Pezeşkiyan siyasətə islahatçı prezident Məhəmməd Hatəminin zamanında gəlib. Hatəminin birinci prezidentliyi (1998-2001-ci illərdə) dövründə səhiyyə nazirinin müavini, ikinci müddətdə isə (2001-2005-ci illərdə) səhiyyə naziri postunu tutub. Nazir kimi bir sıra fikirləri qalmaqallara və zarafatlara səbəb olub. Hətta parlamentdə impiçment edilib. Ancaq postunu qoruyub saxlayıb. Nazir olduğu dövrdə kənd yerlərində tibb xidmətlərinin yaxşılaşdırılması üçün layihələr həyata keçirib, ölkədə nüfuz qazanıb.

Hatəmidən sonra hökumətdən gedib və İran parlamentinə Təbrizdən deputat seçilib. 2008-2020-ci illər ərzində parlamentin deputatı, 2016-2020-ci illərdə isə vitse-spiker postunu tutub. Parlamentdə Türkiyə-İran dostluq qrupunun üzvü olub.

Məsud Pezeşkiyan hazırkı prezident seçkiləri kampaniyasında 6 namizəd arasında yeganə “islahatçı” namizəd kimi ilk gündən fərqlənir. Hazırda kampaniyanın favoriti mühafizəkar qanadda Səid Cəlili, islahatçılar qanadında isə Pezeşkiyandır.

FAVORİ .png (388 KB)

Ancaq mühafizəkar qanadda 5 namizədin olması onların səslərini bölür, bu da Pezeşkiyan üçün əlavə üstünlükdür. Bundan başqa, keçmiş prezident və islahatçı qanadın nüfuzlu lideri Məhəmməd Hatəmi, keçmiş xarici işlər naziri Cavad Zərif artıq kampaniyanın ilk günlərindən Pezeşkiyanı dəstəkləyəcəyini elan edib. Hiss olunur ki, bundan əvvəlki seçkilərdə küncə sıxışdırılan “islahat” qanadı Pezeşkiyan üzərində fokuslanıb. Bu da keçmiş səhiyyə nazirinin şansını artırır. İki gün əvvəl Məsud Pezeşkiyan İslam inqilabının qurucusu İmam Xomeyninin nəticəsi Əhməd Xomeyni ilə görüşüb.

Digər tərəfdən, azərbaycanlı olması Pezeşkiyan üçün əlavə səs gətirəcək amil hesab olunur. Bundan başqa, islahatçılara aid mediada artıq Pezeşkiyanın ciddi kampaniyası başlayıb, İranla bağlı mütəmadi xəbər hazırlayan Qərb mediası da Məsud Pezeşkiyanı müsbət nümunə olaraq təqdim edir.

MASA .png (591 KB)

Pezeşkiyan həyat yoldaşını və bir övladını avtomobil qəzasında itirdikdən sonra ailə qurmayıb və uşaqlarına özü baxıb. Bundan başqa, digər siyasətçilərdən fərqli olaraq övladları İrandadır və bu da onun üçün müsbət məqam olaraq qeyd edilir.

Lakin kardioloqun bir neçə mənfi tərəfi də var. Pezeşkiyan həm əvvəlki illərdə, həm də indi bir çox qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Həddən artıq kəskin fikirləri olan namizədin bəzi fikirləri sonradan onun əleyhinə çevrilir. Görünən odur ki, seçki kampaniyasının sonrakı mərhələlərində mühafizəkar qanad Məsud Pezeşkiyana qarşı birləşəcək.

 MESA .png (626 KB)

Hazırkı həssas mərhələdə mühafizəkar cinah ölkə prezidenti postunu “islahatçı” namizədə verməmək üçün əlindən gələni edəcək.

Pezeşkiyan isə açıq şəkildə keçmiş lider Hatəminin proqramına sadiq olduğunu vurğulayıb və kampaniyasını bu xətt üzərində aparacağını elan edib. Bununla da seçki kampaniyasının ilk günlərində diqqəti üzərinə çəkə bilib. Bu səbəbdən də kampaniyanın hazırkı mərhələsində Pezeşkiyan iki əsas iddialı namizəddən biri kimi önə çıxır. Yeri gəlmişkən, son rəy sorğularında hazırkı namizədlər içərisində ən çox dəstək Məsud Pezeşkiyana verilir. Əgər mühafizəkar qanad daxilində birləşmə olmasa, Pezeşkiyanın qələbə qazanma ehtimalı yüksələcək.

Kənan Rövşənoğlu, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

29 Oktyabr 2024

21 Oktyabr 2024

18 Oktyabr 2024

15 Oktyabr 2024

14 Oktyabr 2024

07 Oktyabr 2024

04 Oktyabr 2024

30 Sentyabr 2024

01 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

27 Iyul 2024

17 Iyul 2024

05 Iyul 2024

27 Iyun 2024

16 Iyun 2024

27 Mart 2024

29 Sentyabr 2023