İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “qələmini qırdı”, bəs sonra?

Əsas sual yenə də açıq qalır: sanksiyalar Putini dayandıracaqmı?

Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən bəri ilk dəfədir ki, ABŞ-Rusiya münasibətləri bu həddə gərginləşib. Rusiyadan verilən reaksiyalardan belə məlum olur ki, iki neft şirkətinə və 34 törəmə müəssisəsinə qarşı sanksiyalar bir qədər gözlənilməz olub, həm də zərbənin “həssas yerdən”-neft sektorundan vurulması bir az da çaşqınlıq yaradıb. Neft və qaz gəlirləri Rusiya büdcəsinin təxminən dörddə birini təşkil edir, üstəlik, sanksiyalar neft-benzin zavodlarına Ukrayna ordusunun zərbələri fonunda verilib. 

1432726788_156005c5baf40ff51a327f1c34f2975b1412607381.jpg (70 KB)

Əgər ortada bilmədiyimiz gizli razılaşma yoxdursa, o rəy yaranır ki, Rusiya rəsmiləri bilmirlər kimin üzərinə getsinlər, kimi suçlu çıxarıb hədəfə qoysunlar. Hər halda hiss olunur ki, Trampla münasibətləri pozmaqda maraqlı deyillər, ona görə bu qərarı “ABŞ prezidentinə daxildən və xaricdən təzyiqin nəticəsi” kimi izah etməyə çalışırlar. Hesab edirlər ki, Tramp inadkarlığına baxmayaraq, bu dıəfə təzyiqlərə tab gətirə bilməyib. 

Screenshot_1.png (651 KB)

Rusiya prezidenti Putin də Trampın zəif yerinə bələddir, onu sözlərlə incitməyə çalışıb. Məsələn, Rusiya lideri təklif edib ki, “Tramp administrasiyasında bu cür qərarlar verənlərin kimə işlədiyini” araşdırmaq lazımdır. Bu o deməkdir ki, Tramp Ağ Evdə proseslərə nəzarəti itirib, onun başının üstündən bu cür qərarlar verilir. Halbuki Tramp NATO baş katibi ilə görüşdə sanksiyaların çıxış yolu olmadığını, amma Putinin necə deyərlər, “sözəbaxmazlığına və ya yolagəlməzliyinə” görə tətbiq etmək zorunda qaldığına işarə edib, üstəlik, tezliklə aradan qaldırıla biləcəyinə “əl yeri” də qoyub. 

donald-tramp-i-vladimir-putin.jpg (99 KB)

Putinin isə izahı belədir ki, sanksiyalar razılaşma əsasında müəyyən edilmiş gündəlik 7,5 milyon barel neft hasilatında balansı pozacaq. Rusiya neftini əvəz edəcək hasilatı məsələn, ABŞ və Səudiyyə ƏIrəbistanı kimi dövlətlərin belə, sürətlə artırması qeyri-mümkündür, ona görə neft və neft məhsullarının qiyməti kəskin artacaq. Putin hətta işarə edib ki, benzinin qiymətini artması da ABŞ daxilindəki bəzi sosial gərginlikləri tətikləyə də bilər. Bu isə qarşıdan gələn seçkilərdə respublikaçılar üçün problemlər yarada bilər... 

KOEa05CQ9PvrD037-637322322614211966.jpg (40 KB)

NATO-nun baş katibi Mark Rutte Trampı tərifləyib, bildirib ki, yeni sanksiyalar Putini atəşkəsə və Zelenski ilə görüşməyə məcbur edəcək. NATO və Avropa Birliyi çoxdandır ki, Trampdan Rusiyaya qarşı sərt sanksiya istəyirdi, indi ABŞ prezidenti onlara belə bir “imzalı sənəd”i verdi, hətta “ikiyə bölünmüş karandaş”ı (“Qurdlar vadisi”ndəki Baronun etdiyi kimi) ortalarına atdı.

İndi onlara düşən bundan sonrakı icraatdır- Rusiyanı yola gətirmək, ram etmək və sairə. Trampın sanksiyalarla bağlı qərarı və Putin haqda tənqidi sözləri NATO baş katibinin yanında elan etməsi də bir az hiyləgər gediş idi. Bu həm o demək idi ki, Tramp bu qərarla bərabər silahlı gücünü də arxasına alır. Amma əsas sual yenə də açıq qalır- bu qərar, Putinin hərbi planlara necə təsir edəcək, onu dayandıracaqmı? 

Screenshot_2.png (598 KB)

Putinin sülh üçün tələbi aşağı-yuxarı bəllidir: Kiyev indiyədək itirilmiş ərazilərlə barışmalı, hələ də nəzarətində olan ərazilərdən isə qoşunlarını çıxarmalıdır. Biz Bakıda oturub Rusiyanın və Putinin reaksiyalarından hansısa nəticələr çıxara bilərik. Bu işi kəşfiyyat və digər səviyyədə araşdıranlar o fikirdədirlər ki, yeni sanksiyalar çətin ki, Putini fikrindən döndərsin. Hətta Rusiyanın neft sektoruna daha sərt sanksiyalara əvvəldən hazırlaşdığı iddia olunur. Yəni bu o deməkdir ki, Putin Ukraynada öz hərbi məqsədlərinə çatmaq üçün hər cür çətinliyi gözə alıb, Tramp müvəqqəti qərar dediyi sanksiyaları qaldırana qədər müqavimət göstərə, dözə bilər...

Çoxdan bəllidir ki, Rusiya yüzlərlə köhnə gəmidən ibarət qanunsuz neft daşıyan donanma yaradıb və üçüncü ölkələrdəki bufer şirkətlər vasitəsilə yenə də külli-miqdarda para qazanır. İndi rəsmi satışdakı neftin qarşıdakı günlərdə daha da bahalaşacağı üçün Rusiyanın qaçaq bazara çıxacağı “qara qızıl” daha cəlbedici olacaq, alıcı da, satıcı da çoxalacaq. Baxmayaraq ki, ABŞ bu işi görənlərə də sanksiya tətbiqinə qərara verib, dünya böyükdür, onun bütün dəniz və gəmilərinə nəzarət edə biləcək Allahdan başqa güc yoxdur...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR